|
“Vüqar Səfərli ilə Əli Həsənov jurnalistlərimizi geri qaytarıb dedilər ki…”

Bu gün Azərbaycan mediasında öz dəsti-xətti ilə seçilən “Modern.az” informasiya agentliyinin yaradılmasından 12 il ötür. 2009-cu il, sentyabrın 1-də fəaliyyətə başlayan agentlik fərqli təqdimatları, özünəməxsus layihələri, müsahibə və araşdırmaları ilə populyarlıq qazanıb. Bütün bunlarla yanaşı, saytda gündəlik xəbərlər operativ şəkildə oxuculara təqdim edilir.

Musavat.com olaraq “Modern.az” informasiya agentliyinin təsisçisi və baş direktoru Elşad Eyvazlı ilə saytın fəaliyyəti, qarşılaşdıqları problemlər və gələcək planlar barədə söhbət etdik.

Müsahibəni oxucularımıza təqdim edirik:

- Elşad bəy, “Modern.az”ın geridə qoyduğu 12 ili necə xarakterizə edir, necə qiymətləndirirsiniz?

-Əvvəla, diqqətiniz üçün təşəkkür edirəm. Digər media qurumları da “Yeni Müsavat” media qrupundan hər zaman dəstək görüb. Kaş bütün media camiəsi arasında belə həmrəylik olardı. 12 illik fəaliyyəti dəyərləndirərkən bunu deyə bilərəm ki, media qurumu bir canlıya bənzəyir və hər canlıya özünə kənardan baxmaq nəsib olmur. İnsan da özünü kənardan dəyərləndirə bilmir. Bu mənada özümüzə qiymət verməyimiz bir qədər çətin olar. 12 ili əgər insan ömrünə bənzətsək, bəlkə də, yüz iyirmi il yaşamışıq. Bu illər ərzində çox çətinlikdən keçmişik. Millətini, dövlətini çox sevənlər həmişə əziyyətlə üzləşməli olurlar. Bu, yüz illərdir belədir, belə də davam edəcək. Hər halda bizim fəaliyyətimiz cəmiyyətin gözü önündə olub. Milli maraqları, dövlət maraqlarını hər zaman əsas götürmüşük.

- İndiyə kimi bir çox layihələrə imza atmısınız. Bəs reallaşdırmaq istədiyiniz, amma həyata keçirə bilmədiyiniz layihələr olubmu?

- Düzünü desəm, layihələrimizin, istəklərimizin hamısı gerçəkləşmədi. Bu da normaldır, bəzən arzularla gerçəklik fərqli olur. Çətinliklərimiz barəsində bir qeydi nəzərə çatdırım: o zaman ölkəmizdə media Vüqar Səfərli və Əli Həsənovun nəzarətində idi. Əməkdaşlarımız onlardan müsahibə almaq istəyəndə ikisi də belə cavab vermişdilər: “Nə qədər ki, “Modern az”ın rəhbəri Elşad Eyvazlıdır, sizə müsahibə verməyəcəyik”.


Halbuki mən yeni yaranmış bir saytın rəhbəri idim, kiməsə pisliyim dəyməmişdi. Lakin haqq gec-tez öz yerini tutdu. Allah dövlətin puluna, malına əl uzadanın cəzasını verdi. Belə çətinlikləri görüb gəlmişik. Əgər sən azadsansa, fərqlisənsə, maraqlı təşəbbüslər irəli sürürsənsə, bu bəzilərinin xoşuna gəlmir. Təvazökarlıqdan uzaq olsa da, deməliyəm. Hamı bilir ki, jurnalistlərin mənzil problemini ilk dəfə biz qaldırmışdıq. Onlarla ideyamız olub ki, Mətbuat Şurası və digər media qurumları bunlardan faydalandılar. Buna görə təəssüf hissi keçirmirik. Bizim ideyalar gerçəkləşdi, hətta gerçəkləşərkən kənardan baxmalı olduq.

Bununla belə, hansı uğuru qazanmışıqsa, burada bütün dostlarımın payı var.

Hörmətli dostlarım Rauf Arifoğlunun, Azər Ayxanın adlarını çəkməliyəm. Hər zaman onların informasiya və mənəvi dəstəklərini görmüşəm. Əgər insan uğur əldə edirsə, bu onun dostlarının uğurudur və onların dəstəyi sayəsində olub.

Qarşımıza qoyduğumuz məqsədlərin 20 faizini gerçəkləşdirə bilməmişik. Yenə də deyirəm, istəklərlə gerçəklik, reallıq hər zaman üst-üstə düşmür. Bundan sonra bəzi işlər var ki, hesab edirəm, onları görə biləcəyik. Əvvəlki gücün olmadığını özüm də görürəm. Bəlkə, daha yaxşı ideyalar, layihələr olacaq. Artıq bu, məsələnin başqa tərəfidir.

 
-İllər əvvəl “Modern.az”ın fəaliyyətini dayandırmaq fikriniz olub. Bunu müsahibələrinizin birində demişdiniz. İndi nə barədə daha çox düşünürsüz - keçmişdə itirilənlər, yoxsa gələcək planlar?

- Biz Parlament Jurnalistlər Birliyinin layihəsi çərçivəsində sayt yaratmalı idik. Nəticədə “Modern.az”ı təsis etdik. Rəşad Məcid “525-ci qəzet”in tərcümə mərkəzində yerləşən redaksiyada bizə kiçik bir otaq vermişdi, fəaliyyətə orada başlamışdıq. 1 il sonra düşündüm ki, saytı inkişaf etdirmək çox çətin olacaq. Maddi-mənəvi yükün altında idim. O vaxt Rəşad Məcid mənə dəstək oldu, çox sağ olsun, məni bu fikirdən yayındırdı. Özüm də keçmişin problemləri ilə yaşamıram, gələcəyə baxıram. Yaxanı köhnə problemlərin əlinə versən, səni geri aparan sıxıntıların içində itib-batacaqsan. Bəzi problemləri bir müddətlik fikrimdən çıxarıram və bu barədə başqa vaxt düşünürəm.
Artıq zamanla ayaqlaşmalısan. İndi Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin 1-2-ci kurs tələbələri var ki, biz qatarla saatda 60-80 sürəti ilə gediriksə, onların sürəti 120-130-a çatır. Lakin o tələbələrin çatışmayan cəhəti təcrübədir. Təcrübə qazandıqdan sonra bizdən də qabağa gedəcəklər. Düzdür, dostlarımın çoxu bununla razılaşmaq istəmir, amma bu mənim fikrimdir. Düşünürəm ki, gələcəyə yönəlik gənclərlə işləmək daha məqsədəuyğundur. Gələcəklə bağlı bir sıra layihələrimiz var. Lakin layihələr imkanlara uyğun olmalıdır. Gözəl ideyaların ola bilər, amma onu gerçəkləşdirə bilməyəndə əziləcəksən. Bu baxımdan artıq Elşad Eyvazlı olaraq mən işlərimi, məqsədlərimi imkanıma uyğun qururam. Yaş artdıqca insan xəyalpərəstlikdən əl çəkir və gerçəkliyi nəzərə alır.

- Belə anlaşılır ki, media qurumunuzda gənclərə daha çox üstünlük verirsiniz?

- Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin 15 tələbəsi hazırda bizimlə çalışır. Kifayət qədər normal maaş alırlar. Uzun illər bizimlə çalışan jurnalistlərimiz də var. Onların əməyini qiymətləndiririk, amma yeni jurnalistlərə də üstünlük veririk. Məsələn, televiziyada işləyən gənclər var ki, özü montaj edir, ssenarini qurur, redaktə edir, hətta aparıcılıq edir - indiki gənclərin üstünlüyü budur.

Bilirsiniz ki, Azərbaycanda ilk dəfə mediada könüllülüyün əsasını Parlament Jurnalistləri Birliyi qoyub. Mən 80 könüllü ilə görüşdükdən sonra onlardan 15-ni işə dəvət etdim.
 
-TV layihəniz olan “Media Türk TV”nin yeni formatda yayımlanacağını eşitdik. Yeniliklər nədən ibarət olacaq?

-“Media Türk TV” layihəmiz türk dünyasının ortaq televiziyasıdır. May ayında fəaliyyətə başlayıb. Bu aydan etibarən yeni formatda qarşınızda olacaq. TV türk dünyasının təhsili, diasporu, parlamenti, həmçinin ədəbiyyatı ilə bağlı fərqli ampluada fəaliyyət göstərir. Burada hədəf türk dünyasının ortaq dilinin, ortaq mədəniyyətinin, eləcə də türk toplumu birliyinin yaradılmasıdır. Verilişlərdə Türkiyədən, Qazaxıstandan, Azərbaycandan bir neçə qonaq olacaq. Ümumiyyətlə, türk toplumlarının nümayəndələri proqramlarımızda iştirak edəcək. Eyni zamanda, bizim bir ümumtəhsil portalımız var, bu yaxınlarda başqa bir portal da yaradılacaq. Həmçinin “Modern.az”ın rus dilində versiyası işlənib hazırlanır. Media qurumlarında işləyən dostlarım inciməsinlər, mənim üçün ən doğma, ən əziz, bir nömrə olan “Modern.az”dır. Səbəbini bilmirəm, amma mənim üçün “Modern.az” hər şeydir.

-Son dövrlərdə media sahəsində bi sıra islahatlar aparılır. Sizi narahat edən hansı məqamlar var? Hansı problemlərin həll olunmasını istərdiniz?

 -Məni narahat edən əsas məsələ bizdə jurnalist həmrəyliyinin olmamasıdır. İkinci məsələ gerçək jurnalistlərlə reket jurnalistə eyni dəyərin verilməsidir. Bunlar yolverilməzdir və jurnalistikanı geri aparan amillərdəndir. Bir gün bunun fəsadları ortaya çıxacaq. Jurnalistika təkcə maddiyyat üzərində qurulmayıb. Hər kəs deyə bilər ki, jurnalistika bir biznesdir. Jurnalist öz yazısından, reportajından həzz almırsa, o necə jurnalistdir, bunu anlamıram. Mütləq əməyə qiymət verilməlidir. Təsəvvür edin ki, bir idmançımız Azərbaycanı hansısa ölkədə təmsil edir və qızıl medalla qayıdır. Biri isə, ümumiyyətlə, yarışa qatıla bilmir, amma hər iki şəxsə eyni qiymət verilir. Onları necə bir yerə qoymaq olar?! Ona görə də jurnalistlərə düzgün qiymət verilməsə və jurnalist həmrəyliyi olmasa, bu sahədə inkişafdan söhbət gedə bilməz.
Son zamanların trendi sosial şəbəkələrdir. Yalnız sosial şəbəkələr üzərindən iş görmək düzgün deyil. Əvvəlcə ortaya bir iş qoymalısan ki, onu sosial media üzərindən təqdim edəsən. Təəssüf ki, bəziləri kifayət qədər maliyyə xərcləyib, özlərini ciddi şəkildə göstərməyə çalışırlar. Bunlar arasında nəinki media qurumları, hətta dövlət qurumları da var.

Digər mühüm məqam yerli medianın dünya mediası ilə ayaqlaşmasıdır. Dünyada aparıcı yerdə olan media qurumları var ki, biz niyə onlara çata bilməyək?! Azərbaycanda bu sahə nə qədər inkişaf etsə də, dünya mediası ilə müqayisədə kifayət qədər ciddi problemlər var. Bəzən yazı yaza bilməyən, Biləcərinin o tərəfini görməyənlər yüksək səviyyədə inkişafdan danışırlar. Hər kəsə məlumdur ki, Azərbaycan jurnalistlərinin dünyaya çıxışı məsələsində problemlər var ki, bu da arzuolunan deyil. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsindən müəllim heyətindən tutmuş bütün media qurumlarının rəhbərləri bununla bağlı ciddi çalışmalıdırlar. Bəziləri hesab edirlər ki, jurnalistikanın məqsədi sadəcə hansısa olaydan yazmaq, hadisə yerindən reportaj hazırlamaq, xəbər ötürməkdir. Bu, yanlış düşüncədir. Media xalqın, millətin  həyatında iz buraxan sahədir.

Oxucu kütləsini düzgün istiqamətləndirmək, milli-mənəvi dəyərləri qorumaq, insanlara tarixi düzgün şəkildə çatdırmaq da medianın əsas istiqamətlərindəndir. Bu baxımdan, medianın inkişafına xüsusi diqqət yetirmək lazımdır.

Musavat.com