|
AQTA sədri:" Avropa ölkələrində bitki mənşəli xəstəliklər yayılıb"

"Bu ilin ötən dövrü ərzində Azərbaycana Rusiyadan pomidor məhsulunda pepino mozaik virusuna görə 4, qonur qırışıqlıq virusuna görə 6, kartof məhsulunda qonur çürümə bakteriyasına görə isə 2 bildiriş göndərilib".

Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA)sədri Qoşqar Təhməzli bu gün keçirilən mətbuat konfransında bildirib.

AQTA sədri deyib: "Həmin virus xəstəliklərinin əsas sahib bitkisi pomidor bitkisidir, lakin bu viruslar badımcançiçəklilər və digər fəsilələrə aid olan bitkilərdən badımcan, bibər, kartof və tütünə daha çox zərər vurur. Lakin əksər hallarda təsərrüfatlarda mövsümün bitməsi ilə əlaqədar məhsulun olmaması, habelə uyğunsuzluq aşkar edilən mal partiyalarının geri qaytarılmaması bildirişlərin araşdırılması zamanı faktların təsdiqi prosesini çətinləşdirib. Yalnız bir təsərrüfata bildiriş vaxtında göndərilib, dərhal müəssisədə monitorinq həyata keçirilərək nümunələr götürülüb, həm agentlikdə, həm də xaricdə – Türkiyədə laborator müayinələrə cəlb edilib və virus faktı öz təsdiqini tapmayıb.

Eyni zamanda ölkə ərazisində bitki mənşəli virusların yayılmasının qarşısının alınması ilə bağlı bu ilin 7 ayı ərzində 200-dən çox pomidor təsərrüfatı və şitilxanada monitorinqlər aparılıb, Götürülən nümunələrin laborator müayinəsi zamanı bir müəssisədə pepino mozaik virusu aşkarlanıb və dərhal fitosanitar tədbirlər görülüb, şitillər Agentlik müfəttişlərinin iştirakı ilə yandırılaraq məhv edilib".

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA)sədri hesab edir ki, bu laboratoriyalar təkcə dövlət tərəfindən təşkil olunmamalıdır:

"Ekspertiza aparıla biləcək laboratoriyalar olmalıdır. İş adamları müstəqil laboratoriyalar aça bilərlər,yetər ki,beynəlxalq sertifikat əldə etsinlər".