|
Rusiyada kritik seçkilər -

Rusiyada Dövlət Dumasına və digər yerli orqanlara seçkilərlə bağlı kampaniya başlayıb. “Yeni Müsavat”ın verdiyi xəbərə görə, seçkilərdə 44 günlük Qarabağ müharibəsində Azərbaycana aktiv dəstək verən politoloqlar da, partiya sədrləri də iştirak edir. Məsələn, onlardan biri də  Maksim Şevçenkonun rəhbərlik etdiyi “Rusiya azadlıq və ədalət” Partiyasıdır. Şevçenko Moskvanın 208-ci seçki dairəsindən namizəd olacağını bildirib. Bu kimi şəxslər Dumada Azərbaycan lobbisi kimi də işə yaraya bilər.

Eləcə də namizədliyini irəli sürmüş Azərbaycanın haqq işində dəstək verən digər şəxslər də var. Azərbaycan belə siyasilərin seçkilərdə qalib gəlməsində maraqlı olmalıdır. Bu işi Rusiyada qurmaq mümkündür, diaspora “Azərbaycanın dostlarına səs verin” kimi azərbaycanlı seçicilərə çağırış edə bilər. Necə ki, Amerika və Fransa kimi ölkələrdə erməni lobbi qrupları məhz belə yaradılır. Azərbaycanlı seçicilər az olsa da, bu işi təşkil etmək mümkünsüz də deyil.

Dumaya seçkilər sentyabrın 19-da olacaq. Azərbaycanlılar Rusiya seçkilərində dolayısı ilə iştirak etmək üçün bizdən yana olan siyasət adamlarına dəstək verə bilərlər. Bu gün ABŞ seçkilərində namizədlər erməni lobbisinə və seçicisinə xitab edir, onların səsini qazanmaq üçün dəridən-qabıqdan çıxır, hətta vədlər verir. Bizim də şimal qonşumuzda seçkilərdə dəstəklədiyimiz siyasətçilər olmalıdır. Məsələn, Şevçenko Duma üzvü olarsa, Qarabağ və Azərbaycan mövzusunda bizim haqq səsimizi eşitdirə, müdafiə edə bilər.

Tofiq Abbasov: “İslamafobiya qlobal savaşa gətirib çıxara bilər”

Tofiq Abbasov

Politoloq Tofiq Abbasovun “Yeni Müsavat”a bildirdiyinə görə, Azərbaycanın haqlı mübarizəsini dəstəkləmiş rusiyalı siyasətçilərin seçkidə yanında olmalıyıq: “Bu, mütləq lazımdır. Şevçenko kimi vicdanlı adamlar haqq işimizə dəstək verdilər. Bu adamlar təkcə Azərbaycanın yox, həqiqətin yanında idilər. Biz illərdir ki, dünyaya Qarabağla bağlı həqiqətləri bəyan edirdik, sadəcə, eşitmək istəmirdilər. Rusiyanın özündə də bilə-bilə erməni iddiaları saxtadır, yenə bizi eşitmirdilər. Amma Maksim kimi vicdanlı adamlar bu istiqamətdə  çox böyük iş gördülər, ictimai rəyə təsir göstərdilər, həqiqətin onların dilindən deyilməsi bir başqa effekt yaratdı. Ona görə biz də seçki prosesində öz potensialımızdan istifadə etməliyik”.

T.Abbasovun sözlərinə görə, Rusiyada azərbaycanlıların sayı 2 milyonu ötüb: “Ola bilməz ki, Şevçenkonun dairəsində vətəndaşlığı olan azərbaycanlı yaşamasın. Bizim Moskvada fəal nümayəndələrimiz də var. Öz imkanlarından istifadə etsinlər, habelə, vətəndaşlığı olmayanlar olanlarla təmas qursunlar. Bu yöndə ikinci gediş belə ola bilər ki, Qafqazda gedən proseslərdə Azərbaycanı dəstəkləmiş şəxslər var. Onların arasında qeyri-ruslar da var. Onlarla işləməliyik. Bəzən bizə elə gəlir ki, Rusiyada və digər ölkələrdə siyasi dairələrə yaxın olmalıyıq. Amma xeyir, seçici kütləsinə yaxın olmalıyıq. Bizim Rusiya ilə əlaqələr çoxşaxəlidir: mədəniyyət, iqtisadiyyat və s. sahələrdə işləyirik. Bu əlaqələr potensialı bir araya cəmləşib. Eyni zamanda nümayəndə heyətlərimiz Rusiyaya səfərlər edir, tədbirlər keçirir, hansısa şəhərdə bizi dəstəkləmiş namizədə diqqət ayırmaq olar. Ona görə hələ ki vaxt var, bu zaman ərzində iş görmək olar”.

Azad MƏSİYEV

Azad Məsiyev

Siyasi ekspert, Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri Azad Məsiyevin “Yeni Müsavat”a bildirdiyinə görə, Şevçenko, Korotçenko kimi siyasi şərhçilər 44 günlük müharibədə ədalətli yanaşma ortaya qoydular: “Baxmayaraq ki, onlara erməni lobbisindən təzyiqlər var idi, axıra qədər yanımızda oldular. Onların Dumada təmsilçiliyi bizim üçün çox faydalı olardı. Digər tərəfdən, Rusiyadakı Azərbaycan diasporasının mənəvi borcudur ki, onları dəstəkləsinlər”. Ekspert hesab edir ki, erməni lobbisi Rusiya mediasında çox təsir gücünə malikdir və yalan üzərində ictimai rəy yaradır: “Bu mənada Şevçenko kimi siyasətçilərin yanında olmalıyıq. Mən də Rusiyadakı dostlarıma fikirlərimizi çatdıracağam ki, onlara dəstək olsunlar”.

Xatırladaq ki, sentyabrın 19-da keçiriləcək seçkilərdə 90 mindən çox namizəd iştirak edəcək. Həmin günü federal parlamentin 450 yerdən ibarət aşağı palatası ilə yanaşı, regional parlamentlərin də tərkibi müəyyənləşəcək. Bu arada Rusiya hakimiyyəti koronavirus pandemiyasını əsas gətirərək beynəlxalq müşahidəçi sayını azaldıb. ATƏT Rusiya Dövlət Dumasına sentyabrda keçiriləcək seçkini izləməyə müşahidəçi göndərməyəcək. Belə bir qərar son 30 ildə ilk dəfə verilir və Rusiya hakimiyyətinin qoyduğu “böyük məhdudiyyətlər”lə izah olunur. ATƏT PA-nın Prezidenti Marqareta Kederfelt müşahidəçi sayına məhdudiyyət qoyulmasından məyusluğunu dilə gətirib. Sentyabrın 19-da rusiyalılar parlamentin aşağı palatasının və 39 region parlamentinin üzvlərini, eləcə də doqquz region qubernatorunu seçəcəklər.

“Yeni Müsavat”