|
Yeni tədris ilinə dair qərar veriləcək

Təhsil naziri Emin Əmrullayevin 2021-2022-ci dərs ili üçün tədris planları ilə bağlı əmrinə əsasən, ümumitəhsil müəssisələrinin dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatmalıdır. Qeyd edək ki, yeni dərs ilində tədrisin təşkili ilə bağlı Təhsil Nazirliyi tərəfindən brifinq keçiriləcəyi, yeni qərarların açıqlanacağı gözlənilir.

Müzakirələrin davam etdiyi zamanda isə valideynlər narahatdır. Başqa ölkələrdə COVİD-19 virusu ilə bağlı mübarizə tədbirləri fərqlidir. Xüsusilə təhsil sisteminə nəzər salanda görürük ki, əyani təhsili bərpa edən ölkələr də var, bununla bağlı tərəddüdü olanlar da...

Məsələn, Rusiya Federasiyasında epidemioloji vəziyyət gərginləşərsə, təhsil distant olacaq. Hökumət səviyyəsində yekun qərar hələ ki bəlli olmasa da, ibtidai siniflərin əyani təhsil alacaqları labüddür. Yuxarı siniflər üçün vəziyyətə uyğun qərar veriləcək.

Türkiyədə isə məktəblərin sentyabrın 6-da açılacağı, peyvənd olunmayan müəllim və tələbələr üçün həftədə iki dəfə PCR testinin məcburi olacağı açıqlanıb. Tədrisin onlayn, yaxud distant aparılması isə hələlik müzakirə mövzusudur.

Qazaxıstanda da tədris ənənəvi qaydada davam etdiriləcək. Təhsil müəssisələrinə yalnız peyvənd olunmuş pedaqoqlar buraxılacaq.

Avropanın bir çox ölkələrində tədris bərpa olunub. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) və UNICEF-in Avropa bürosu məktəblərin bağlanmasının tərəfdarı deyil. Ötən gün yayılan açıqlamada virusun yayılmasının qarşısını almaq üçün bütün zəruri tədbirlərin görülməsi ilə bağlı çağırışlar edilib. Büronun direktoru Hans Klyuqe bildirib ki, müəllimlər və digər işçilər, eləcə də 12 yaşdan yuxarı şagirdlər vaksin olunmalıdır: “Pandemiya təhsil sistemində tarix boyu görülməyən fəlakətə gətirib çıxardı. Əyani təhsildə davamiyyət qorunmalıdır. Bu, uşaqların psixi sağlamlığı, sosiallaşması üçün mühümdür. Məktəblər uşaqların cəmiyyətin xoşbəxt üzvləri olması üçün vacibdir”. H.Klyuqe bütün ölkələri məktəbləri bağlamamağa, sadəcə, virusun qarşısının alınması üçün lazımi tədbirləri görməyə çağırıb. 

Ekspertlər də siniflərdə keyfiyyətli havalandırma sisteminin qurulmasını, uşaqların sayının mümkün qədər azaldılmasını, sosial məsafənin qorunmasını və uşaqların müntəzəm surətdə test edilməsini zəruri hesab edir. Görünən odur ki, bütün dünyada ekspertlər də, vətəndaşlar da eyni  mövqedədirlər.

Bütün qorxulara, narahatlıqlara rəğmən, ölkəmizdə əyani təhsilin bərpa olunmasını istəyənlər az deyil.

Qoşqar Məhərrəmov

Qoşqar Məhərrəmov

Təhsil eksperti Qoşqar Məhərrəmov “Yeni Müsavat”a  açıqlamasında bu məqamlara diqqət çəkdi: "Onlayn təhsilin fəsadları ən çox internetə çıxışı olmayan, yaxud çıxışı olsa da, periferik zonada yaşadığı üçün interneti normal işləməyənlər üçün narahatlıq yaratdı. Həssas durumda olan yoxsul vətəndaşlarımız var ki, onların evində smartfon, kompüter yoxdur. Şagirdlər təhsilə əlyetərliyi itirdi. Daxili motivasiya yüksək olmasa, sadəcə, teledərslər və şəxsi əzmkarlıqla bu boşluğu bağlaya bilməsələr, şagirdlər ciddi akademik boşluq yaşayacaqlar. Bu boşluq müəllimlər tərəfindən doldurulmasa, yeni biliklər tam yerinə oturmayacaq və şagirdlər yeni biliklərə hazır olmayacaqlar. Müəllimlər də onlayn təhsildən əziyyət çəkdi. İnformasiya Texnologiyaları sahəsində biliyi kifayət qədər olmayan, yaxud internetə çıxışı olmayanlar onlayn təhsilə adaptasiya ola bilmədilər. İllərlə ənənəvi qaydada dərs keçən pedaqoq bir anda onlayn qaydada təhsilə cəlb edildi. Bu, müəllimləri depressiyaya saldı. Eyni zamanda bir çox şagird isə ali məktəbə normal qaydada hazırlaşa bilmədi. Çıxış yolunu övladını özəl məktəbə  yönəltməkdə görən valideynlər də oldu. Lakin təcrübədə onlayn təhsildən narazı qalıb, övladını həmin məktəbdən çıxardanlar az deyil. Nəticədə hər iki tərəf zərər çəkdi. Biz ənənələrə sadiq qalan cəmiyyətdə yaşayırıq. Əyani təhsildə interaktivlik var. Müəllim şagirdlərin ehtiyacını daha yaxından müəyyən edə bilir. Sosiallaşma, bir-birindən öyrənmə yalnız əyani dərslərdə mümkün olur. Virtual dərslərdə bu mümkün deyil. Xüsusilə aşağı yaşlarda əyani təhsilin tərəfdarıyıq. Məsələn, Rusiyada məktəblər bağlanmadı. Yalnız kütləvi yoluxma halları qeydə alınan məktəblər bağlandı. Məktəblərin hamısı birdən bağlanmamalıdır. Onsuz da 5-6 şagirdin oxuduğu  kənd məktəblərinin bağlanmağına ehtiyac yoxdur. Onların məktəbə getməməyi tamamilə təhsildən uzaqlaşması ilə nəticələnir. Bunu nəzərə almaq lazımdır".