|
"Dedi ki, qumar zamanı külqabı ilə başına vurublar"

Məşhur xanəndə, xalq artisti Alim Qasımovun kürəkəni Elnur Mövlanovun məhkəməsi davam edir. O, Alim Qasımovun evindən oğurluq etməkdə ittiham olunur.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində 1979-cu il təvəllüdlü Elnur Mövlanovun cinayət işi üzrə məhkəmə araşdırması keçirilir.

İşə hakim Səbuhi Hüseynovun sədrliyi ilə baxılır.

Bu gün baş tutan prosesdə şahid qismində Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis bölməsinin əməkdaşı Rüstəm Quliyev ifadə verib.

Polis əməkdaşı deyib ki, E.Mövlanov axtarışda olub və əməliyyatla saxlanılıb.

E.Mövlanov polis əməkdaşına sual verib:

"Siz 21-ci bölmənin əməkdaşısınız. Məni Nərimanov Rayon Polis İdarəsinin 16-cı polis bölməsinin ərazisində saxlamısınız. Orada 16-cı bölmənin əməkdaşlarından kimsə olubmu?".

Polis əməkdaşı bu suala "xatırlamıram" cavabını verib.

E.Mövlanov saxlanılan zaman döyüldüyünü, fiziki təzyiqlərə məruz qaldığını deyib.

Polis əməkdaşı bildirib ki, E.Mövlanov saxlanılan zaman bədənində çoxsaylı xəsarətlər olub:

"Mən Elnurun özündən soruşdum ki, sənə nə olub? Dedi ki, tutulmazdan 3-4 gün əvvəl qumar oynayıblar. Qumarda aralarında mübahisə olub. Həmin şəxs külqabı ilə onun başına vurub. Məndə kamera çəkilişi var. Elnur bunları deyəndə çəkmişəm".

E.Mövlanov bununla razılaşmayıb, deyib ki, saxlanıldığı yerdə qan izləri də var. O hakimlərdən görüntüləri araşdırmasını istəyib.

Hakim görüntülərə baxacaqlarını söyləyib.

Məhkəmədə məlum olub ki, Elnur Mövlanov qızılları oğurladıqdan sonra İsmayıllıya apararaq gizlədib.

E.Mövlanov qeyd edib ki, saxlanılan zaman üzərində olan 2600 dollar da götürülüb.

Qızılların necə aşkar edilməsi ilə bağlı polis əməkdaşı da suala cavab verib.

O, qeyd edib ki, Elnur Mövlanov qızılların bir hissəsini "bariqa"ya (narkotik maddə satışıyla məşğul olan adam) satdığını deyib.

Məhkəmədə o da məlum olub ki, Elnur Mövlanov daha əvvəl də məhkumluq həyatı yaşayıb və məhkumluğu ödənilməyib.

E.Mövlanov hakimə müraciət edərək həbsxanada telefon danışıqlarının bərpa edilməsini istəyib. O deyib ki, sadəcə atası ilə danışmağa icazə verirlər.

Hakim bu məsələni araşdıracağını qeyd edib.

 

Məhkəmə araşdırması davam edir.