Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 30-cu ili ayyarım sonra tamam olacaq. Müstəqilliyimizi ilk tanıyan dövlət qardaş Türkiyə, ikinci tanıyan ölkə Pakistan olub. Azərbaycan-Türkiyə-Pakistan birliyinin təməlinin o zamandan qoyulduğunu desək yanılmarıq. Son bir il isə bu dostluğun, ittifaqın tarixinin qızıl dövrü adlandırılır. Artıq Türkiyə, Azərbaycan və Pakistan arasında ittifaqın rəsmiləşdirilməsi istiqamətində bir sıra addımlar da atılıb. Bu il iyulun 27-də Milli Məclisdə Azərbaycan, Türkiyə və Pakistan parlamentlərinin sədrlərinin birinci üçtərəfli görüşünün yekun sənədi olaraq Bakı bəyannaməsi imzalanıb.
Üç dövlət arasında öncədən xarici işlər nazirləri səviyyəsində görüş keçirilmişdi. İndi bu platforma parlamentlər səviyyəsində yaradılır. Bakı Bəyannaməsinin imzalanması hər üç qardaş dövlətin tarixində yeni bir dövrün başlanğıcını qoyub. Bununla da regionda yeni br güc mərkəzi yaranır deyə bilərik. Bu sənədi son illərdə yaxşılaşan, son aylarda isə daha da möhkəmlənən hər üç dövlətin münasibətlərinin nəticəsi saymaq olar. Eyni zamanda hərbi sahədə əməkdaşlığımızın qanunvericilik səviyyəsində təsbiti onu deməyə əsas verir ki, bir müddət sonra dövlət başçıları səviyyəsində hansısa bir sazişlə nəticələnəcək.
Bir çox ekspertlər hesab edirlər ki, yaxın gələcəkdə orta Asiyanın konturlarını Türkiyə, Azərbaycan və Pakistan ittifaqının Rusiya ilə qarşılıqlı əlaqələri, bir masa ətrafında müzakirələri müəyyən edəcək. Bu üçlüyün dünyanın geosiyasi arenasına hərbi ittifaq şəklində çıxmaq potensialı böyükdür. Bölgədə mövcud olan boşluğu doldurmaq missiyasının əsası görünür, pillə-pillə qoyulmaqdadır.
Milli Məclisin deputatı Aydın Hüseynov “Yeni Müsavat”a şərhində bildirdi ki, ötənilki 44 günlük müharibə və müharibədən sonra keçən müddət Azərbaycan-Türkiyə-Pakistan ittifaqının daha bir sınaq dövrü olmaqla yanaşı, dünyada sözünü deyən bir ittifaqın doğulduğu dövr sayıla bilər: «Türkiyə və Pakistanın Azərbaycana qardaş dəstəyi dünya üçün bir nümunə oldu. İstər 44 günlük müharibədən əvvəl, istər müharibə zamanı və ondan sonra Türkiyə ilə Pakistanın qardaşlıq münasibətini, açıq siyasi və mənəvi dəstəyini Azərbaycan xalqı heç bir zaman unutmayacaq. Təqdirəlayiqdir ki, hər üç dövlət bir-birini beynəlxalq platformalarda da birmənalı şəkildə dəstəkləyir. Azərbaycanın Prezidenti İlham Əliyev çıxışlarında Azərbaycanla Pakistan arasında və Azərbaycanla Türkiyə arasında əməkdaşlığın səviyyəsindən məmnunluğunu dəfələrlə ifadə edib. Dövlətimizin başçısı ölkələrimizin beynəlxalq təşkilatlarda bir-birinə verdiyi dəstəyi yüksək qiymətləndirib. Bizim üçün Türkiyə və Pakistan dünyada ən yaxın müttəfiq ölkələrdəndir.
Azərbaycan-Türkiyə-Pakistan birliyi bölgədə sülhün və təhlükəsizliyin əsas faktorlarından biridir. 44 günlük ikinci Qarabağ müharibəsi üç dost, qardaş ölkənin dünyaya nümunə olan münasibətlərinin təqdimatı oldu. Prezidentimizin Vətən müharibəsi dövründə xarici mətbuata çoxsaylı müsahibələrində səsləndirdiyi “Bu qanlı döyüşlər bizim üçün, bütün Azərbaycan xalqı üçün həqiqət anıdır. Biz görürük kim kimdir” sözlərini xatırlamaq yerinə düşər. Bəli, məhz Türkiyə və Pakistanın Azərbaycanın qardaşı olduğu bir daha təsdiqləndi. Məhz bu birliyin təcəssümü olaraq Vətən müharibəsi dövründə küçə və meydanlarımızı Azərbaycanla yanaşı, Türkiyə və Pakistanın da bayraqları bəzəyirdi. Azərbaycan xalqı bu birliyin nəticələrini görürdü və bu ittifaqa reaksiyasını o şəkildə nümayiş etdirirdi".

Aydın Hüseynov
A.Hüseynov qeyd etdi ki, Azərbaycan, Türkiyə, Pakistan bu gün regionun və dünyanın aparıcı söz sahibi olan ölkələrindəndir. Bu üç ölkə həm də bir-biri ilə sıx tarixi tellərlə bağlı olan dost, qardaş və müttəfiq ölkələrdir. Onlar arasında olan münasibətlər dünyaya örnəkdir: “Pakistan torpaqlarımızın işğalı səbəbindən Ermənistanı tanımayan və Ermənistanla diplomatik əlaqələr qurmayan az sayda ölkələrdən biridir. İki ay öncə Pakistan İslam Respublikasının Quru Qoşunları komandanı ordu generalı Qamar Caved Bacva dövlət başçısı İlham Əliyevlə görüşündə də bu məqamı xüsusi qeyd etmişdir ki, Azərbaycan ilə Pakistanın ortaq tərəfdaşlarından biri də Türkiyədir. Azərbaycanın ”Bir millət, iki dövlət" dediyi kimi, Türkiyə Pakistana da çox yaxındır. Hər üç ölkə arasında sıx əlaqələrin olması əməkdaşlıq üçün geniş imkanlar açır".
Bildiyimiz kimi, Azərbaycan hər iki ölkə ilə - Türkiyə və Pakistanla digər sahələrdə olduğu kimi hərbi sahədə də sıx əməkdaşlıq edir. Birgə hərbi müəssisənin yaradılması gündəmdə var və bu, əlaqələri daha da gücləndirəcək".
Deputat vurğuladı ki, Türkiyə-Azərbaycan-Pakistan ittifaqının gün-gündən dərinləşməsi Azərbaycana düşmən münasibətdə olan Ermənistanda təşviş yaradır. Ermənilər bu ittifaqı qorxulu kabus hesab edir. Ermənistan üç dövlətin birgə formalaşdırdığı əlaqələrin gələcəkdə daha irəliyə gedəcəyindən qorxur: “Ermənistan mətbuatı yazır ki, Azərbaycan-Türkiyə-Pakistan ittifaqı bu şəkildə dərinləşməkdə davam etsə, Ermənistan dövlətçiliyi ciddi təhlükə altına düşəcək. Pakistan ordusu sayına görə dünyada 7-ci yeri tutur və arsenalında nüvə başlıqlı silahlar mövcuddur. Xüsusilə tank əleyhinə silahlar və hava hücumundan müdafiə sistemləri önəmlidir. Bu sistemlərin hər ikisi Pakistanda kifayət qədər yüksək imkanlara sahibdir. Həmçinin pilotsuz uçuş aparatlar sistemi bu ölkədə çox inkişaf edib. Silahlar haqqında yüksək fikirləri Türkiyə haqqında da demək olar. Azərbaycanın bu cür müasir hərbi imkanlara malik iki böyük dövlətlə ittifaqı İrəvanın yuxusuna haram qatır”.
