Uzunluğu 101.5 kilometr olan “Zəfər Yolu”nun tikintisi yekunlaşmaq üzrədir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Musavat.com-a bildirilib ki, yolda artıq son tamamlama işləri görülür. Qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, işlərin tam olaraq sentyabrda yekunlaşdırılması nəzərdə tutulur:

“Tikinti başa çatmaq üzrədir. Ötən gün dövlət başçısı da tikintinin gedişatı ilə tanış oldu. 101 kilometrlik yolun 92 kilometrinə asfalt-beton örtüyü döşənib. 31 kilometrlik hissə ikiqat olmaqla asfalt-beton, 61 kilometrlik hissə birqat olaraq inşa edilib. Digər 8-9 kilometrlik hissədə isə işlər davam etdirilir. Ərazidə son tamamlama işləri görülür. “Zəfər yolu” ikinci texniki dərəcəyə uyğun olaraq üç zolaqlı inşa olunur. 4 körpünün inşasında da tamamlama işləri yekunlaşır. O cümlədən, müxtəlif drenaj quyuları, düzbucaqlı borular, suötürücü dairəvi boruların tikintisi də yekunlaşdırılıb”.
Qeyd edək ki, artıq “Zəfər yolu” ilə rahat gediş-gəliş təmin olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 29-da Əhmədbəyli-Füzuli-Şuşa “Zəfər yolu”nda son tamamlama işləri ilə tanış olub. Xatırladaq ki, Müzəffər ordumuzun Şuşa şəhərini azad edərkən istifadə etdikləri cığır-yolun əbədiləşdirilməsi məqsədilə tikilən Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolu dövlətimizin başçısı tərəfindən “Zəfər yolu” adlandırılıb.
Məlumat üçün onu da bildirək ki, işğaldan azad olunan ərazilərdə Əhmədbəyli-Füzuli-Şuşa, Toğanalı-Kəlbəcər-İstisu, Kəlbəcər-Laçın, Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd, Talış-Tapqaraqoyunlu-Qaşaltı, Xudafərin-Qubadlı-Laçın, Şükürbəyli-Cəbrayıl-Hadrut, Füzuli-Hadrut, Bərdə-Ağdam avtomobil yolları inşa olunur.
