|
Qarabağ qazisi intihar etdi, səbəb...

İkinci qrup Qarabağ qazisi Rövşən Məmmədov intihar edib.

Bu barədə  “Qarabağ qaziləri" ictimai birliyinin mətbuat xidmətinin rəhbəri Rey Kərimoğlu sosial şəbəkədə məlumat yayıb. Rey Kərimoğlunun sözlərinə görə qazi 25 ildir sığorta pulunu ala bilməyib və kasıblıqdan əziyyət çəkdiyi üçün intihar edib:

"Əslən Cəbrayıl rayonundan olan Məmmədov Rövşən sonuncu dəfə  25 ildir ala bilmədiyi sığorta pulunu almaq üçün "Azərsığorta"ya gedib. Verməyiblər. Orada əsəbiləşib və gedib özünü asıb! Bu insan konkret olaraq kasıblıqdan əziyyət çəkdiyi üçün intihar edib”.

Məsələ ilə bağlı daha ətraflı olaraq Musavat.com-a danışan Rey Kərimoğlu qazilər arasında "köhnə", "təzə qazi", 1-ci, 2-ci müharibə ayrı-seçkiliyinin dərhal dayandırılmasının vacibliyini vurğulayıb:

“İntihar edən qazimizə qanunsuz cərimələr yazılmışdı və o, bütün bunları ödəyə bilmirdi. Ümumiyyətlə, minlərlə qazilərimiz var ki, bu haldadır. Yəni, onlara cərimələr yazılıb. Biz “Qarabağ qaziləri" ictimai birliyi olaraq bu haqda Prezidentə müraciət edəcəyik ki, həmin cərimələr silinsin. Bu cərimələr ucbatından bəzən qazilərimizin əmlakları əlindən alınıb. Bu, yolverilməzdir.

Qeyd etdiyim kimi, qazilərimizi Birinci, İkinci Qarabağ savaşına bölmək düzgün deyil. Qarabağ müharibəsi bir dənədir, sadəcə arada 30 il fasilə olub. Doğrudur, son müharibədə xeyli sayda gənclərimiz yaralanıb, kimisi əl-ayağını, kimisi gözünü itirib, buna görə ağır psixoloji travma alıblar və sairə. Əlbəttə arzulayırıq ki, dövlətimiz onlarla ciddi məşğul olsun, onlar da bizim balalarımızdır. Lakin əvvəlki müharibənin şəhid ailəsinin və yaxud qazisinin tale yüklü problemi baş verir və bəzən onu arxa plana atırlar. Təəssüf ki, bəzi məmurlar bunu başa düşmür, bu cür incə məsələdə qırmızı xətti qoruya bilmirlər.

25 ildir ki, Qarabağ qazilərinin sığorta pulu verilmir. Hansıki birinci qrup üçün 8 min 800 manat, ikinci qrup 6 min 600 manat, üçüncü qrup üçün isə 4 min 400 manat nəzərdə tutulub. İllərdir ki, bu problem öz həllini tapmayıb və bunun adı yoxdur. Bu, dövlət üçün elə də böyük vəsait deyil axı...”