|
Fərid Mansurov: “Vaksinlənmə idman zallarının səmərəli fəaliyyəti üçün yeganə çıxış yoludur"

Son iki ildir dünyanı cənginə alan COVİD-19 virusu bir çox sahələrə mənfi təsir edib. Səhiyyə sahəsindəki durum bəllidir. Dünya iqtisadiyyatı ciddi zərərlərə uğrayıb. Turizm sektoru demək olar ki, iflic olub desək, yəqin mübaliğə olmaz.

Azərbaycanda və dünyada pandemiyanın təsir etdiyi sahələrdən biri də idmandır. Zalların bağlanması, idmançılarımızın məşqlərdən uzaq qalması pandemiya müddətində müzakirələrə, hətta tənqidlərə səbəb olmuşdu. Tokio-2020 Olimpiya Oyunlarındakı nəticələrimiz uzun-uzadı müzakirələrə səbəb oldu. Bir çox şəxs hesab etdi ki, nəticələr məqbul deyil. Lakin idmansevərlərin reallıqla barışmaqdan başqa çarəsi yoxdur. 44 idmançımızın iştirak etdiyi olimpiadada üçü gümüş, dördü bürünc olmaqla yeddi medal qazandıq.

Nazirlər Kabineti yanında Operativ Qərargahın 26 may 2021-ci il tarixli qərarına əsasən, hazırda idman zallarına giriş yalnız COVİD-19 pasportu əsasında mümkündür. Yalnız 18 yaşdan aşağı idmançılar zallara vaksin pasportu olmadan daxil ola bilirlər.

2016-ci ildən Gənclər və İdman Nazirliyində İdman şöbəsinin müdiri vəzifəsini icra edən Fərid Mansurov həm son iki illik dönəm, həm də idmançılarımızın nəticələrini Musavat.com-a şərh edib. F. Mansurov bildirib ki, son iki ildə pandemiya təkcə idmana deyil, sosial həyatın bütün sahələrinə ciddi zərbə vurub:

 “Həm gənclərin fiziki hazırlığı, bədən tərbiyəsi və idmanla məşğulluğu, həm də peşəkar idmanda problemlər yaşandı. Nazirlik olaraq, əhalinin evdə qalmaqla idmanla məşğul olması üçün bir sıra layihələr həyata keçirdik. Lakin yəqin razılaşarsınız ki, fiziki sağlamlıq üçün evdə məşq etmək effektiv olsa da, bunu peşəkar idmançılar haqda demək mümkün deyil. İdman zalları, təlim-məşqlər olmadan idmançıların nəticələr qazanması mümkün deyil. Buna görə də, müvafiq dövlət qurumlarına, xüsusilə Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət edərək yığma komanda üzvlərinin məşqlərinə icazə verilməsinə nail olduq. Amma bir müddət, pandemiyanın başladığı ilk dövrlərdə məşqsiz qalmaları bəzi idmançılarımızın nəticələrinə mənfi təsir göstərdi.

e20ab5d0-af74-335f-b39c-d0d741085155_850.jpg (100 KB)

Olimpiya çempionu builki Tokio Olimpiadasının nəticələrini uğursuzluq kimi dəyərləndirmir:

“Üç idmançımız finala yüksəlməsi qızıl medalın bir addımlığında olmasını gözardı etmək olmaz. Düzdür, idmansevərlər Tokio Olimpiadasında idmançılarımızdan daha yüksək nəticələr gözləyirdilər. Bu da təsadüfi deyil. Hələ 2016-cı ildə, Rio olimpiadasından sonra Prezident cənab İlham Əliyev idmançılarla görüşündə demişdi ki, bu uğurlardan sonra Tokioda olimpiyaçılarımız üçün çətin olacaq. Çünki Rioda hər kəsin gözlədiyindən xeyli çox medal qazanmışdıq. Onu təkrarlamaq üçün Tokioya da böyük nümayəndə heyəti ilə yollanmaq və imkanlardan maksimum istifadə etmək lazım idi. Lakin olimpiadada bütün ölkələrin idmançıları yüksək nəticə üçün var-gücü ilə mübarizə aparır. Bir idmançının mübarizəsi alınır, digərininki isə yox. Düzdür, pandemiya dövründə idmançıların hazırlığının pik həddə çatması da problemə çevrilmişdi. Elə idmançılarımız var idi ki, ötən il daha yaxşı formada idilər. Olimpiadanın təxirə salınması onların hazırlığına da mənfi təsirini göstərdi. Düzdür, idmançılarımız bu dəfə qızıl medal qazana bilmədilər, amma 3 idmançımız finala yüksəldi. Bu o deməkdir ki, 3 qızılımız ola bilərdi. Hər üç finalçımız son anadək olimpiya çempionluğuna yaxın idi. Deməli, burada söhbət uğursuzluqdan gedə bilməz. Sadəcə, bu dəfə idmançılarımız son anda qızıl medalı əldən verdilər”.

Nazirlik rəsmisi əlavə edib ki, hazırda müəyyən məhdudiyyətlər olsa da, idmançıların daha səmərəli fəaliyyəti üçün peyvəndləmə başa çatmalıdır:

“Peyvəndləmə bütün sahələrdə olduğu kimi, idmanda da bəzi yumşalmalar üçün bir fürsətdir. Dövlətimiz əhalinin sağlamlığı, yoluxmaması üçün bütün imkanlardan istifadə edir. Əhalimiz də gərək vaksinləmənin tez başa çatması üçün fəallıq göstərsin. Sözsüz ki, hazırkı vəziyyətdə vaksinləmə idman zallarının daha səmərəli fəaliyyəti üçün yeganə çıxış yoludur. Bildiyiniz kimi, ötən aydan etibarən, idman zalları açıqdır və fəaliyyətlərini karantin qaydalarına uyğun olaraq davam etdirirlər”.