|
Arvadını güllələyən hakim ifadə verdi, mərhumun ailəsi onu bağışladı:

Prosesin başlamasından 40 dəqiqə sonra jurnalistlər məhkəmə zalına buraxılıb.

Məlum olub ki, bu müddət ərzində Fəqan Əhmədov ifadə verib. O, hadisənin ehtiyatsızlıqdan baş verdiyini söyləyib.

Məhkəmədə mərhum Pərvanə Əhmədovanın atası Süleyman Quliyev də ifadə verib.

Mərhumun hüquqi varisi olan ata deyib ki, qızının ailəsində baş verən olay  "bədbəxt hadisədir".

 

S.Quliyev Fəqan Əhmədovu bağışladığını söyləyib: "Məhkəmədən xahiş edirəm ki, Fəqan Əhmədovun tezliklə üç uşağının yanına qayıtmasına görə ailəmizə kömək edin".

Prosesdə şahid qismində mərhumun anası Mətanət Quliyeva da ifadə verib.

Mətanət Quliyeva da qızının ailəsi ilə mehriban yaşadığını, heç bir probleminin olmadığını deyib: "Hadisədən bir neçə saat əvvəl, axşam saat 10-da danışdıq. Qızım mənimlə gülə-gülə danışdı. Fəqan mənə böyük oğul kimi olub. Heç bir zaman ailələrində söz-söhbət, problem yaşanmayıb.

Hadisə baş verən gün mənə zəng gəldi. Dedilər ki, bağa gələ bilərsiniz? Mən də getdim. Bağa gedəndə gördüm ki, evdə yoxdurlar. Zəng elədim, dedilər ki, Həzi Aslanovdakı evdəyik. Ora gedəndə bildik ki, belə bir hadisə baş verib".

Mətanət Quliyeva ifadəsinin davamında ağlayaraq məhkəmədən Fəqan Əhmədovun bağışlanmasını xahiş edib: "Heç kim istəməzdi ki, ailəsində belə bədbəxt hadisə baş versin. Onu bağışlayıram, günahsız olduğunu bilirəm".

Növbəti şahid isə Fəqan Əhmədovun 14 yaşlı oğlu olmalı idi. Fəqan Əhmədov məhkəmədən xahiş edib ki, oğlu prosesdə dindirilməsin.

Səbəbi isə belə izah edib: "Oğlum keçid dövrünü yaşayır. İstintaqda 8 saat dindirilib. Bundan sonra vəkilim onu psixoloq yanına aparıb. Onun bu proseslərdən kənar qalmasını istəyirəm. Məhkəmədən bu xahişimi nəzərə almasını istəyirəm".

Məhkəmə şifahi vəsatəti baxılmamış saxlayıb. Ancaq Fəqan Əhmədovun oğlu prosesdə dindirilməyib.

Fəqan Əhmədovanın anası Səmayə Əhmədova da məhkəmədə dindirilib.

S.Əhmədova deyib ki, gəlini həyalı, abırlı bir insan idi: "Pərvanə mənə gəlin yox, qızım kimi olub. 4 ilə yaxın bir evdə yaşamışıq. Aramızda heç bir zaman problem olmayıb. Vallah olmayıb. Oğlumla yaxşı yola getdiklərini bilirəm.

Hadisə günü Fəqan mənə zəng elədi. Gecə zəng gəldiyi üçün qorxdum. Dedim bəlkə nəsə olub. Fəqan dedi ki, ana, gəl uşaqların başında dur. Mən də qorxdum. Dedi ki, başımıza daş düşdü. Hələ də tam xatırlaya bilmirəm...

Kiçik oğluma zəng elədim. Dedim ki, Fəqan zəng edib, belə deyir. Sonra oğlum zəng edib dedi ki, bağa getməliyik. Oğlumla bağa gedəndə gördüm ki, həyətdə polislər var. Yol boyu yalvarırdım, dua edirdim ki, bədbəxtçilik olmasın. Polisləri görəndə bildim ki, nəsə faciə olub. Sonra da Pərvanənin atasıgilə xəbər verdim".

Hadisənin başvermə səbəbi haqda suala cavab verən Səmayə Əhmədova buna cavab tapa bilmədiyini deyib:

"İnanın ki, bu suala cavab tapa bilmirəm. Çünki heç bir səbəb olmayıb. Əgər mən bilsəm ki, Fəqan hansısa bir səbəbə görə Pərvanəni vurub, mən bir ana kimi onu bağışlamaram. Çünki bir insan kimi Pərvanənin də yaşamaq haqqı var idi".

 

***
Arvadını öldürməkdə ittiham olunan hakimin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə ittiham olunan Fəqan Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi baş tutub.

Hakim Telman Hüseynovun sədrliyi ilə baş tutan məhkəmə iclasına jurnalistlər buraxılmayıb.

Buna səbəb kimi isə hakim Telman Hüseynovun belə bir tapşırıq verdiyi göstərilib.

Rəsmi məlumata görə, Bakı sakini Əhmədova Pərvanə Süleyman qızı Sabunçu rayon Məhkəməsinin hakimi Əhmədov Fəqan Rövşən oğlu tərəfindən qətlə yetirilib.

Hadisə Sabunçu rayonu, Nardaran qəsəbəsi, “Ləhiş bağları” adlanan yaşayış massivində baş verib.

F.Əhmədov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı özünə məxsus ov tüfəngindən atəş açaraq arvadı Pərvanə Əhmədovanı qəsdən öldürüb.

Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.