Azərbaycanın ən böyük sement istehsalçısı olan "Norm" ASC-yə qarşı iş qaldırılıb.
İşi İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qaldırıb.
Xidmətin apardığı araşdırma göstərib ki, bazarda hökmran mövqe tutan ASC kontragentə sərfəli olmayan şərtləri məcburi qəbul etdirib, topdansatış zamanı alıcılar arasında bərabər şərait yaratmayıb: "Qeyd edək ki, bir müddət əvvəl sement və klinker bazarında aparılan araşdırmalar antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə "Norm" ASC-yə qarşı işin qaldırılması ilə nəticələnib. ASC isə Dövlət Xidmətinin göstərişlərinə dərhal reaksiya verərək həmin sahədə seçim hüququnun məhdudlaşdırılması elementlərini tədricən aradan qaldırıb".
ASC-nin Dövlət Xidmətinə ünvanladığı müraciətində şirkətin tərəfdaşları ilə bağladığı müqavilədə qanuna zidd bəndlərin dəyişdirildiyi və gələcəkdə bu cür hallara yol verilməməsi üçün müvafiq tədbirlərin görüləcəyi vurğulanıb. Bununla yanaşı, sementin topdan satışı zamanı bazar iştirakçıları üçün bərabər seçim hüququnun təmin edilməsi, digər sahibkarlar və istehlakçıların mənafeyinin qorunması məqsədilə satış şərtləri və digər aidiyyatı məlumatlar şirkətin rəsmi internet səhifəsinə yerləşdirilib və bu istiqamətdə müraciət mexanizminin asanlaşdırılması məqsədilə xüsusi bölmə yaradılıb: "Dövlət Xidməti bazarda hökmran mövqedən sui-istifadə hallarının qarşısının alınması istiqamətində tədbirləri davam etdirir".
