|
ABŞ-ın viran qoyduğu ölkələr Avropanı qaçqın selinə boğur -

Hələ 6 il əvvəl Yaxın Şərqdə böhrandan qaçan 1,2 milyondan çox miqrant Avropada yeni həyat axtarmaq üçün minlərlə kilometr yol qət etdi. Onlar “ərəb baharı”nın gətirdiyi fəlakət və xaosdan qurtuluş üçün vətənlərindən qaçırdılar. “Yeni Müsavat” yazır ki, indi “Taliban”dan qaçmağa çalışan milyonlarla əfqan “qoca qitə”yə daha bir qaçqın böhranı yaşada bilər. Avropanın bir neçə lideri son günlər bununla bağlı narahatlıqlarını da dilə gətirib. Məsələn, Fransa prezidenti Emmanuel Makron “Taliban”dan qaçanlar üçün mütəşəkkil və ədalətli beynəlxalq səylərə ehtiyac olacaq" deyib. “Mövcud vəziyyətin nəticələrini Avropa təklikdə öz üzərinə götürə bilməz”,- deyə o bildirib.

“Bizim üçün aydındır ki, 2015-ci il təkrarlanmamalıdır. Əfqanıstan məsələsini Almaniyaya miqrasiya ilə həll edə bilməyəcəyik” - bunu isə Almaniyanın hakim Xristian Demokratlar Partiyasının baş katibi bildirib. Əfqanıstan miqrantlarının Avropaya gedən əsas yolu olan Türkiyə İranla sərhəd boyunca divar inşa edir. Yunanıstan da eyni ilə Türkiyə ilə quru sərhədi boyunca çəkdiyi hasarın inşasını tamamlayıb. Türkiyədən Yunanıstan adalarına qayıqla keçməyə çalışan bir çox miqrantlar həddən artıq dolu olan qaçqın düşərgələrində qalmalı olur.

2016 -cı ildə Avropa İttifaqıi ilə Türkiyə arasında bağlanan miqrant müqaviləsi də miqrantların səyahətini xeyli çətinləşdirib. Avropa İttifaqı Komissiyasının sədri Ursula von der Leyen Madrid yaxınlığındakı əfqan qaçqınların qəbul mərkəzini ziyarət edib və üzv ölkələri daha çox iş görməyə çağırıb. Bu arada Polşa da qaçqın axını ilə üzləşən Belarusla sərhədində divar inşa edəcəyini bildirib.

Beləliklə, Yaxın Şərqdə ABŞ-ın viran qoyduğu ölkələr Avropanı qaçqın selinə boğur. 2010-cu ildə Yaxın Şərqin bəzi ölkələrində baş vermiş “ərəb baharı”ndan sonra 100 minlərlə qaçqın Avropa ölkələrinə axışdı. İndi də Əfqanıstandakı məlum olaylar baş verib, yenə də istiqamət Avropadır.

Yunanıstanın vətəndaşların müdafiəsi naziri Mixalis Xrisoxoidis hökumətin qərarlarını müdafiə edib. “Əfqanıstan böhranı geosiyasi sahədə yeni faktlar və eyni zamanda miqrant axını üçün imkanlar yaradır. Məlumdur ki, biz bir Avropa ölkəsi olaraq Avropa İttifaqı institutlarında iştirak edirik və orada bir sıra qərarlar verilir. Lakin bizə olacaq mümkün təsirləri passiv şəkildə gözləyə bilmərik” - deyə, Xrisoxoidis jurnalistlərə bildirib.

Brüsseldə yerləşən Avropa Siyasət Mərkəzinin miqrasiya üzrə analitiki Helena Han bir çox əfqanın ilk növbədə ölkəni tərk etməkdə çətinlik çəkəcəyini deyir. Han “Qonşu ölkələrin tədbirləri, eləcə də “Taliban”ın özünün də öz gündəmini ortaya qoymağa davam etdiyi bir zaman əslində insanların ölkəni tərk etməsinin qarşısını alacaq. Məsələn, İran dəfələrlə sərhəd keçidlərini bağlayıb və qaçqın düşərgələrinin ölkə daxilində olmalı olduğunu deyib. Türkiyə İranla sərhəddə divar inşa edib və repatriasiya mərkəzlərinin imkanlarını artırıb”.

Qabil Hüseynli: “Ruslar yanılır, Türkiyə Qafqaza həmişəlik gəlib” »  Reyting.az

 Qabil Hüseynli

Professor Qabil Hüseynlinin “Yeni Müsavat”a bildirdiyinə görə, həqiqətən də Əfqanıstandan böyük axın var: “Qeyri-rəsmi məlumatlara görə, 5 milyon insan ölkədən çıxıb. Özbəkistana, Türkmənistana belə gedənlər var. Amma ən çox qaçanlar İranadır. Onların məqsədi Avropaya yerləşməkdir. Sadəcə, nə Türkiyənin, nə Avropanın bu qədər qaçqını qəbul etmək gücü var. Məsələn, Türkiyədə 4 milyon suriyalı qaçqın var və dövlət onlara böyük pullar xərlcəyir. Avropa Birliyi vəd etmişdi ki, Türkiyənin xərclərinin bir qismini kompensasiya edəcək. Amma Avropa Komissiyası, xüsusən Fransa bu vədi pozdular, Türkiyəyə cüzi yardım etdilər. İndi də əfqan qaçqın problemi ortaya çıxıb”.

Politoloqun sözlərinə görə, “Taliban” əfqanları sakitləşməyə çağırır: “Əhalinin Kabil limanına girişinə mane olmağa çalışırlar. Hətta beyin adamlarının Əfqanıstana lazım olduğunu iddia edirlər, guya Amerika onları ölkədən çıxarmaqla gücsüz qoymaq istəyir. Bütün bunlar ”Taliban"ın uydurmasıdır. Çünki onların tələbləri vahiməlidir. Məsələn, qadınlara bir müddət küçəyə çıxmamağı tapşırıblar. Amerika ilə əməkdaşlıq etmiş şəxsləri əfv edəcəklərini deyiblər, amma bir neçə edam həyata keçiriblər".

Q.Hüseynlinin fikrincə, Avropanı növbəti ciddi problem gözləyir: “Almaniya kansleri Merkel deyir ki, ölkəsi Suriyadan qaçqın qəbul etməkdən doymuş hala gəlib. Ölkənin 22 faizini miqrantlar təşkil edir, bu da sağçı hərəkatların güclənməsinə gətirib çıxarır. BMT-nin qaçqınlar üzrə Komissiyası əfqanlarla işləməyi qarşısına məqsəd qoysa da, onlar heç nə edə bilmirlər, Avropa ilə razılaşma əldə olunmur. Ona görə Bakıda olan əfqan qaçqınlar piket keçirməyə cəhd göstərdilər. Çünki BMT-nin Qaçqınlar üzrə Ali Komissarı onları dinləmək istəmir. Beləliklə, əfqan axınına səbəb olan ABŞ-dır. Əgər Amerika əfqan qaçqınların qəbuluna görə kvotanın böyük hissəsini üzərinə götürsə, başqa ölkələri də buna təşviq edə bilər. Beləcə, Əfqanıstanda ”Taliban" tragediyası, ondan kənarda isə əfqan qaçqını faciəsi yaşanır".

Ramiyə Məmmədova: “Sanksiyalar Türkiyəyə ziyan vura bilər”

 Ramiyə Məmmədova

Siyasi təhlilçi Ramiyə Məmmədovanın sözlərinə görə, əfqan qaçqınlar dünya üçün yeni problemdir. Onun fikrincə, Avropa bu qədər insanı qəbul etməyə hazır olmasa da, alternativ də yoxdur: ““Taliban” özü vədlərinə xilaf çıxmasa, axının qarşısı alına bilər. Lakin indi bir ajiotaj yaşanır. Əfqanlar taliblərə inanmırlar. Digər tərəfdən də ölkədən getmək və Avropada rahat həyat istəyənlər üçün bir fürsət yaranıb. Ümumiyyətlə, Yaxın Şərqi qan gölünə çevirən Amerika həm qaçqın problemi yaradır, həm də Avropanı çətin vəziyyətə salır".

Ekspertin proqnozuna görə, əfqanlar dünyanın çox yerinə səpələnəcəklər, hətta Azərbaycana da gəlişləri istisna deyil: “Bir faciə yaşanır və dünya birliyi əfqan xalqına kömək etməlidir. Təəssüf ki, ABŞ İraq, Suriya, Əfqanıstan kimi ölkələrdə pislik etməkdən başqa heç nə ilə yadda qalmadı. Bu ölkələrdə insanlar didərgin düşdülər, qətlə yetirildilər, sonra Amerika uduzmuş halda bölgələri tərk etdi. Bu, özünü demokratiya göyərçini sayan dövlətin siyasətidir və ABŞ dünyadakı imicini məhv etməkdədir”.

musavat