|
Böyük yanğından Azərbaycan necə qorunur -

Dünyanın müxtəlif yerlərində baş verən meşə yanğınları həm insan, həm də heyvan tələfatı, minlərlə hektar meşə sahəsinin, yaşıllığın məhvi ilə nəticələnir. Ölkəmizdə genişmiqyaslı yanğınlar baş verməsə də, insan məsuliyyətsizliyi ucbatından təbiətə kifayət qədər ziyan dəyir. Anomal istilər ciddi faktor kimi qəbul olunsa da, mütəxəssislər ölkəmizdə baş verən yanğınları daha çox səhlənkarlığın nəticəsi kimi görür.

Avqust ayında baş verən yanğın hadisələrinə qısa nəzər salaq: Qəbələ, Şamaxı, Yardımlı, Lerikin dağlıq ərazilərində, eləcə də Bakının müxtəlif yerlərində yanğınlar qeydə alındı. Hadisələrin miqyası ilə bağlı konkret informasiya olmasa da, təhlükəsizlik qaydalarına riayət olunmaması və digər səbəblər meşəlik ərazilər, yaşıllıqların yanması ilə nəticələndi.

Çətin relyef şəraiti və yolların normal vəziyyətdə olmaması bəzən yanğınların söndürülməsinə əngəl yaradır. Lakin yanğınsöndürənlərimiz bu işin öhdəsindən peşəkarlıqla gəlirlər.

Mövzu ilə Musavat.com.-a açıqlama verən Fövqəladə Hallar Nazirliyinin Yanğın Nəzarəti Xidmətinin şöbə rəisi, daxili xidmət polkovniki Elnur Babayev bu ay baş verən yanğınlara hüquqi qiymət verilmədiyinə görə konkret səbəb qeyd etməyin çətin olduğunu bildirib. Lakin ilkin ehtimala görə, respublika ərazisində qeydə alınan yanğınların bir çoxu səhlənkarlıq nəticəsində baş verib:

Elnur Babayev: “Vətəndaşlarımız tərəfindən qabaqlayıcı tədbirlər  görülməlidir”

Elnur Babayev

“Yanğın təhlükəsizliyi qaydalarına etinasız yanaşma yanğınlara səbəb olur. Respublikamızda təbii baş verən yanğınların sayı azdır. Təbii dedikdə, ildırım çaxması, yüksək temperaturda torfun alışması nəzərdə tutulur. İstirahət məqsədilə meşəlik, dağlıq ərazilərə üz tutan vətəndaşlar ocaq qalayırlar, söndürülməmiş siqaret kötüklərini yerə atırlar. Quru xəzəl, quru budaqlar üzərinə qığılcım düşməsi yanğına səbəb ola bilər. Fövqəladə Hallar Nazirliyinin peşəkar heyəti var. Hətta çətin relyefdə xüsusi yanğınsöndürmə texnikasının yaxınlaşması mümkün olmayan yerlərdə fərdi yanğınsöndürmə vasitələrindən istifadə etməklə, eləcə də FHN-in aviya dəstəsinin helikopterlərinin cəlb olunması ilə yanğınlar lokallaşdırılır. Ümumiyyətlə, hər on yanğın hadisəsinin doqquzu insan tərəfindən törədilir. Təcrübədə qəsdən yandırılma faktları qeydə alınsa da, məsuliyyətsizlik faktoru daha çox önə çıxır”.

Yay mövsümü başlamadan öncə təhlükəsizlik qaydaları ilə bağlı çağırışlar olur, maarifləndirmə işləri aparılır. Azərbaycan Respublikasının meşələrində yanğın təhlükəsizliyi qaydaları var. Belə bir normativ hüquqi akt mövcuddur. Qaydaların pozulmasına görə istər fiziki, istərsə də hüquqi şəxslər barədə inzibati tədbirlər həyata keçirilir. Əgər yanğın nəticəsində insan tələfatı qeydə alınıbsa, bu zaman yanğını törədən şəxs cinayət məsuliyyətinə cəlb olunur.

FHN rəsmisi vurğulayıb ki, Türkiyə, İtaliya, Yunanıstan, Rusiyada baş verən yanğınlar zamanı Dövlət Yanğın Nəzarəti Xidmətində əməliyyat müşavirəsi keçirilib: “Xidmətin rəisi, daxili xidmət general-mayoru Hikmət Abbasovun rəhbərlik etdiyi müşavirədə mövcud tədbirlər planında müvafiq korrektələr edildi. Yanğına qarşı əməliyyat şəraitinin nəzarət altında olması üçün müvafiq əmr imzalandı. Respublikada gün ərzində 150 yanğın hadisəsi baş verirdisə, müşavirədən sonra sutkalıq yanğınların sayı yarıbayarı azaldı".

Elnur Babayev əlavə edib ki, meşələrdə yanğın təhlükəsizliyini Ekologiya və Təbii Sərvətlər Nazirliyi təşkil edir. Dövlət Yanğın Nəzarəti Xidməti isə nəzarətedici funksiya daşıyır. Meşə ərazilərində təşviqat xarakterli reklam lövhələri yerləşdirilir.  Əlavə olaraq, aprel ayından başlayaraq, respublika ərazisində meşələrin yanğın təhlükəsizliyi mövzusunda seminar-müşavirələr keçirilir.

Azərbaycanda qardaşlar iki məscidi yandırdı | No Comment

Zərurət yarandıqda yanğınların söndürülməsində Meşə Təsərrüfatı Mərkəzinin və Regional Ekologiya İdarəsinin əməkdaşları da iştirak edir. Xüsusilə yay mövsümündə meşəlik ərazilərdə siqaretin tam söndürülmədən quru sahəyə atılması, müəyyən məqsədlər üçün qalanan ocaqların lazımi qaydada söndürülməməsi  yanğınlara səbəb olur. Müvafiq qurumlar zaman-zaman bununla bağlı maarifləndirmə tədbirləri görsələr də, çağırışlar etsə də, nəticə istənilən kimi deyil.

Bu ayın əvvəlində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat katibi İradə İbrahimova da belə bir çağırış etmişdi:

Bakıda istirahət mərkəzində yanğın olub

“Gəlin, təbiətə, insanlara ölçüyəgəlməz zərər vuran yanğınlardan nəticə çıxaraq və hamımızı sarsıdan bu cür ürəkağrıdıcı fəlakətlə bir də üzləşməyək.

Hər kəsi, xüsusilə də meşə ərazilərinə yaxın kəndlərin əhalisini, təbiət qoynunda istirahət edən turistləri, fermerləri və bütün vətəndaşlarımızı hədsiz dərəcədə duyarlı və diqqətli olmağa, odla ehtiyatlı davranmağa, söndürülməmiş siqaret kötüklərini ətrafa atmamağa, biçindən sonra sahələrə od vurmamağa çağırırıq. Bilməliyik ki, hər birimizin ani ehtiyatsızlığı və etinasızlığı dəhşətli fəlakətə səbəb ola bilər. Meşə yanğınlarının çox ciddi və təhlükəli olması hər bir vətəndaşın daim diqqətində olmalı, bu həyəcanı hər kəs hiss etməlidir".

Gəlin, qaydalara əməl edək. Meşədə yandırdığımız ocağı lazımi qaydada söndürək ki, təbiəti qoruyaq. Çünki meşələr həm bizim oksigen mənbəyimiz, həm də bizim gələcəyə mirasımızdır. Bu mirasa sahib çıxmaq isə hər birimizin borcudur!