Filippin prezidenti Rodriqo Duterte gələn il mayın 9-da keçiriləcək seçkilərdə vitse-prezident vəzifəsini tutmaq niyyətindədir.
AZƏRTAC Filippin KİV-inə istinadla xəbər verir ki, bu ölkənin qanunlarına görə, R.Duterte yalnız bir dəfə dövlət başçısı seçilə bilər. Buna görə də o, vitse-prezident vəzifəsini tutmaq üçün namizədliyini irəli sürmək niyyətindədir. Bu barədə R.Duterte avqustun 24-də xalqa telemüraciətində bəyan edib. Prezident, həmçinin ölkədə narkotiklərin yayılmasından və üsyançıların fəallığından narahatlığını ifadə edib.
R.Duterte əlavə edib ki, vitse-prezident vəzifəsini tutacağı təqdirdə o, hər zaman hökumətə məsləhətlər verə bilər.
Mütəxəssislərin rəyinə görə, R.Duterte növbəti administrasiya dövründə də öz təsirini saxlamağa çalışır. Lakin bu zaman o, mümkün varisi barədə danışmaqdan çəkinir. Onun böyük qızı, Davao şəhərinin meri Sara Duterte prezidentliyə namizəd hesab edilir.
Bununla yanaşı, məşhur boksçu, senator Menni Pakyaonun da prezidentliyə namizəd olduğu bildirilir. O, R.Duterte administrasiyasını açıq şəkildə tənqid etməsi ilə fərqlənir.
Qeyd edək ki, Filippində həm hakim, həm də müxalifətdə olan partiyaların oktyabrda prezident vəzifəsinə namizədlərini seçəcəyi gözlənilir.
