|
İdarəolunmayan aqressiyanın acı nəticəsi -

Bir neçə gün öncə Goranboyda baş verən cinayət hadisəsi cəmiyyəti sarsıtdı. Ana fiziki məhdudiyyəti olan, üstəlik autizmli 11 yaşlı övladını döyərək öldürüb. Bu cinayətin ortağı isə sevgilisi olub. Ağlasığmaz qətlin təfərrüatlarını araşdırmaq hüquq-mühafizə orqanlarının işidir. Cəmiyyəti maraqlandıran sual isə belə cinayətlərin baş vermə səbəbidir.

Mövzunu Azərbaycan Uşaqları İctimai Birliyinin hüquqşünası Fariz Əkbərov ilə müzakirə etdik. Hüquqşünasın fikrincə, azyaşlılara qarşı zorakılıq halları baş verdikdə ilk növbədə zorakılığa qədərki period araşdırılmalıdır:

“Ard-arda baş verən psixoloji zorakılıq çox zaman fiziki şiddətlə, təəssüf ki, bəzi hallarda ölümlə nəticələnir. 7-10 yaşlı uşaq “Qaynar xətt” barədə məlumatlı olmaya bilər. Uşaqların öz hüquqlarını bilməsi üçün məktəblərdə maarifləndirmə işləri aparılmalıdır. Bir məqamı da vurğulamaq yerinə düşər ki, ailədə uşağa qarşı zorakılıq olduqda yaxındakı insanlar buna ailədaxili məsələ kimi yanaşır. Azərbaycan Uşaqları İctimai Birliyinin də “Qaynar xətt”i var. Qanunvericiliyin tələbləri belədir: ilk növbədə zorakılıq halı ilə bağlı hüquq-mühafizə orqanlarında təhqiqat aparılır. Cinayət halı müəyyən edildikdə istintaq başlanır. Rayon icra hakimiyyətləri yanında yetkinliyə çatmayanların işləri üzrə komissiya var. Qəyyumluq həmin komissiya tərəfindən müəyyən edilir. Qərarın qəbul edilməsində prokurorluğun da rəyi nəzərə alınır. Azyaşlıya qarşı zorakılıq törətmiş şəxs cinayətkar kimi qeydə alınırsa, bu zaman azyaşlı xüsusi dövlət müəssisəsinə göndərilir”.

QHTXEBER: Qeyri-rəsmi nikahlar və uşaqlarla bağlı hüquqi problemlər

Fariz Əkbərov uşaq hüquqları ilə məşğul olan qurumlarda kadr çatışmazlığı probleminə diqqət çəkib:

“Bizim insan haqları müvəkkili, ombudsmanımız var. Ombudsman Aparatında uşaq məsələləri ilə məşğul olan şöbə var. Problem ondadır ki, rayon icra hakimiyyəti yanında qəyyumluq komissiyalarında kadr çatışmazlığı var. Zorakılıq hadisəsinin araşdırılması üçün bir neçə işçinin olması kifayət deyil”.



Psixoloq Gülnar Orucova hesab edir ki, azyaşlılara qarşı zorakılıq valideynliyə hazır olmamaqdan qaynaqlanır:


“Nəinki, uşaq ölümü, uşaqların zibil qutularına atılması hallarına da rast gəlirik. Ana biganəliyi hiss olunur. Dönə-dönə deyirik ki, qadın evliliyə, ana olmağa hazır olmalıdır. Ana ilə övlad arasında yaş fərqi 18-20-ni aşmalıdır. Ana uşaqlığını, gəncliyini yaşamış olmalıdır ki, övladına sevgi göstərə bilsin. Gənc yaşda yaxşı ana olan qadınlar var, amma bu istisna hallardır. Bəzi əcnəbi ölkələrdə şiddətə məruz qalan uşaqların müraciət zəng edə biləcəkləri nömrələr var. Bununla bağlı maarifləndirmə işi yüksək səviyyədə təşkil olunub. Bizdə isə belə məlumatlar gündəliyin arxasına yazılır. Məktəblərdə çalışan psixoloqlar da fəal olmalı, dəqiq araşdırma aparmalıdırlar”.

Valideynlər də cinayət məsuliyyətini nəzərə almalı, sonrakı mərhələlər, baş verəcəklər haqqında məlumatlı olmalıdırlar.

Ermənistanda uşaqlara qarşı seksual zorakılıq halları artıb - son xeberler

Gülnar xanım bir məqama da diqqət çəkib:

“Şiddət görən hər bir uşaq cəmiyyətdə şiddət daşıyır və təhlükə deməkdir. İnsanlar aqressiyasını idarə etməyi bacarmalıdırlar, problemdən çıxış yolunu tapmaq lazımdır. Valideyn övladı özünə problem, ayaq bağı kimi görürsə, cinayət törətmək əvəzinə, uşaq evlərinə müraciət edə bilər. Övladı həyatdan məhrum etmək yox, ondan imtina etməsi daha doğru seçimdir deyə düşünürəm”.

Psixoloq əlavə edib ki, zorakılığa əl atan valideynlər ictimai qınağa məruz qalmalıdırlar ki, bu halların sayı azalsın. Valideyn övladını cəzalandıra bilər, amma bunu amansızcasına döyməklə etməməlidir.

Stressə dözümsüzlük, neqativ düşüncələr, çıxış yolu olmayan problemlər. Səbəb nə olursa-olsun, bizim öhdəmizə düşən faciənin qarşısını almağa çalışmaqdır. Bunun üçün isə cəmiyyət sağlam mövqeyini ortaya qoymalıdır.