|
Ticarətçilərdən bədbin gözləntilər - səbəb

2021-ci ilin iyul ayında Azərbaycanın pərakəndə ticarət sektorunda Biznes İnam İndeksi (Bİİ) kəskin azalıb. Mərkəzi Bankın apardığı hesablamalar göstərib ki, iyundakı 30,1 bənd olan Bİİ iyulda 9,9 bəndə düşüb. Azalmanın əsas drayveri sektorda növbəti üç ay üçün satışlar üzrə gözləntilərin kəskin enməsi olub. Növbəti üç ay üçün qiymət gözləntiləri də əhəmiyyətli dərəcədə enib.

Qeyd edək ki, pərakəndə ticarət sektorunun Bİİ-nə birbaşa təsir edən son üç ayın faktiki satışları da kəskin azalıb (APA).

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin aprel ayında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 2,5 milyard manatlıq, may ayında 3 milyard 240,6 milyon manatlıq, iyun ayında 4 milyard 143,1 milyon manatlıq, iyul ayında isə 3 milyard 548 milyon manatlıq ərzaq və qeyri-ərzaq məhsulları satılıb. Göründüyü kimi, rəsmi statistika iyulda ölkənin pərakəndə ticarət şəbəkələrində satışların dəyər ifadəsindəki həcmində iyun ayı ilə müqayisədə 600 milyon manata yaxın azalma qeydə alıb. Mərkəzi Bankın qiymətləndirməsi göstərir ki, pərakəndə ticarətçilərin yaxın 3 aylıq satış və qiymət gözləntiləri də xeyli bədbindir. Qeyd edək ki, pərakəndə ticarət şəbəkələrində son üç ayda hər hansı qiymət azalması müşahidə olunmayıb. Əksinə, maye yağlar, şəkər, qənnadı məmulatları, çay və digər bir sıra məhsullar üzrə qiymətlərdə ciddi artımlar qeydə alınıb. Mərkəzi Bankın sorğusunda iştirak edən biznes nümayəndələri isə son üç ayda real satışların kəskin azaıldığını bildiriblər. Bu, ondan xəbər verir ki, ilin əvvəlindən bəri baş verən qiymət artımları fonunda yanvar-iyun ayları ərzində satışların dəyər həcmində artım qeydə alınsa da, natural ifadədə artım deyil, azalma baş verib.

Rəşad Həsənov: “Yeni yanaşma daha hədəfli və kompaktdır”

Rəşad Həsənov 

Ticarətçilərin bədbinliyi nədən irəli gəlir? İyul ayında satışların azalmasında hansı amillər rol oynayıb? Sualları cavablandıran iqtisadçı-ekspert Rəşad Həsənov hesab edir ki, pərakəndə ticarətçilərin bədbinliyində Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiya prosesi rol oynayıb: “İlin əvvəlində vaksinasiya prosesinin gedişinə dair çox pozitiv gözləntilər var idi. Qısa müddətdə əhalinin əhəmiyyətli hissəsinin vaksiyaniyadan keçəcəyi gözlənilirdi. Lakin bu ümidlər doğrulmadı, proses xeyli ləng getdi. Bu isə virsusa yoluxma hallarının artması, yeni qapanmalara gedilməsi riskini yenidən aktuallaşdırır. Biznes qapanmaları haqlı olaraq öz fəaliyyəti üçün təhlükə hesab edir. Satış həcmlərinin azalmasına gəlincə, burada əhalinin alıcılıq qabiliyyətinin azalması mühüm rol oynayır. İnsanlar əvvəlki həcmdə məhsul istehlak edə bilmirlər - çünki almağa pulları yoxdur. Bu səbəbdəndir ki, pandemiyadan sonrakı açılımlar pərakəndə ticarətin həcmində gözlənildiyi qədər kəskin artıma gətirib çıxartmadı”.

R.Həsənovun sözlərinə görə, son həftələrdə koronavirusa, xüsusilə onun “Delta” ştammına yoluxma sayında kəskin artım baş verir: “Hazırda yoluxma sayı 2020-ci ilin son  rübündəki rəqəmlərə çatır, ölüm sayı isə ondan da yüksəkdir. Bu isə yaxınmçüddətli dövrdə iqtisadiyyatda yeni qapanmalara gedilməsi pespektivini gücləndirir. Biznes belə riskləri görür və onu özü üçün təhlükə kimi qiymətləndirir. Çünki yeni qapanmalar əhalinin alıcılıq qabiliyyətinin daha da azalması deməkdir. Hökumətin bu il hər hansı qapanma şəraitində əhaliyə, biznesə dəstək verəcəyi də gözlənilən amil hesab olunmur. Bu isə gəlirlərin azalması demək olacaq. Nəhayət, pərakəndə ticarətlə məşğul olan biznes üçün daha bir mənfi gözlənti hətta böyük qapanmalara gedilməsə belə, toyların, şənliklərin qadağan olunması ehtimalıdır. Heç kimə sirr deyil ki, son yoluxmalarda belə kütləvi tədbirlərin rolu böyük oldu. Buna görə də biznesin yaxın vaxtlarda belə tədbirlərin yenidən qadağan olunması ilə bağlı gözləntilərini formalaşdırıb. Bildiyiniz kimi, məişət, qızıl-zinət əşyaları, mebel və sair bahalı məhsulların satışında toylar mühüm rola malikdir. Toylar dayandırılsa, yalnız ərzaq deyil, bu kimi məhsulların satışında da kəskin azalma olacaq. Bütün bunlar biznesin qarşısında dayanan problemlər olmaqla yaxınmüddətli dövr üçün bədbinlik yaradır”.