|
“Türkiyənin ”Taliban"la təmasları vacibdir, amma..." -

Əfqanıstan dünyanın bir nömrəli gündəmi olmaqda davam edir. Ölkənin “Taliban” hərəkatının ağuşuna verilməsi regionda və dünyada ciddi həyəcan siqnalı duyurmaqdadır. Bundan sonrakı Əfqanıstanın aqibəti qaranlıq və qeyri-müəyyən görünür. Müşahidələr göstərir ki, Əfqanıstan daha pis cəhənnəmə dönəcək. Artıq Əfqanıstan milli müqavimətinin lideri Əhməd Məsud “Taliban”ın təmsilçisi Əmirxan Muttaki ilə ölkədəki gərgin vəziyyəti müzakirə edib. “Taliban” Məsuddan silahlarını yerə qoyub danışıqlar masasına əyləşməsini istəyib. Muttaki qeyd edib ki, “Taliban”la müharibə mənasızdır, çünki hərəkat güclü ölkələr tərəfindən dəstəklənir və müasir hərbi texnikaya və silahlara malikdir.

Əhməd Məsud isə öz növbəsində, müqavimət qüvvələrinin də yaxşı təchiz olunduğunu və ən əsas güclü döyüş ruhuna sahib olduqlarını qeyd edib. “Biz Əfqanıstanın azad, müstəqil və firavan qalmasının tərəfdarıyıq ki, bunu dialoq və qarşılıqlı anlaşma yolu ilə əldə etmək olar. Ancaq söhbət gücdən və müharibədən gedirsə, bizi tanıyırsınız. Mən atamın oğluyam və ölkəni qorumaq üçün əlimdən gələni edəcəyəm”, - deyə əlavə edib.

Talibanla hökumət qurmağa hazırıq – Əhməd Məsud

Əhməd Məsud 

Son xəbərə görə, Tacikistanla Pəncşir əyaləti arasında hava körpüsü yaradılıb. Müqavimət ordusuna Tacikistandan lazım olan silah, sursat və materiallar vertolyotlarla göndərilir. “Yeni Müsavat”ın xəbərinə görə, bu qarşıdurma ABŞ və NATO qüvvələrinin yenidən ölkəyə müdaxiləsi zərurəti yarada bilər. Lakin Qərb koalisiyası və ABŞ regiona qayıdışda həvəsli görünmür. Əvəzində isə Türkiyənin Əfqanıstana yönəlik siyasətini də vurğulamaq lazımdır. Ankara hələlik yeganə NATO üzvüdür ki, bu bölgəyə daxil olmaq və vəziyyəti stabilləşdirmək üçün səylər göstərir. Türkiyə niyə Əfqanıstana girməyə bu qədər maraqlıdır, “Taliban”la bağlı pozitiv mövqe hansı siyasətə hesablanıb?

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, hakimiyyətdə kim olursa-olsun, yaxşı və pis gündə Əfqanıstanın yanında olmaq qardaşlıq gərəyidir. ““Taliban” nümayəndələrini qəbul edəcəyimizi daha əvvəl bildirmişdik. Bu gün də həmin mövqeyimizi qoruyuruq. Taliblərin müsbət açıqlamalarını biz məmnuniyyətlə qarşılayırıq", - deyə dövlət başçısı bildirib. Yəni Türkiyə ən yüksək səviyyədə “Taliban”a isti münasibət sərgiləyir və Əfqanıstanda onlarla əməkdaşlığı istisna etmir. Həmçinin türk sülhməramlı kontingentinin bu ölkədə sabitliyin təminatçısı kimi daha geniş şəkildə iştirakı nəzərdə tutulur. Görünür ki, Türkiyə ABŞ-ın əvəzinə Əfqanıstana nəzarət etmək istəyir.

Elxan Şahinoğlu: “Mütləq mənada Türkiyə ilə birgə hərəkət etməliyik”

Elxan Şahinoğlu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun fikrincə, Türkiyənin bundan əvvəl Suriyada həyati və milli maraqları var idi. Onun sözlərinə görə, həmin vaxt Türkiyəyə miqrant axını oldu, məcbur tampon bölgə yaradıldı, PKK-nın qol-qanadı ilə mübarizə aparıldı: “Əfqanıstanda Türkiyənin həyati maraqları yoxdur. Bəzi nəqliyyat layihələrində iştirak etmək istəyir. Əgər ”Taliban" istəməsə, Kabil hava limanını qorumaq lazım gəlməyəcək. Əvvəl əfqan hökuməti varıydı, türklər aeroportu qoruyurdu, indi kimdən kimi qoruyacaqsan?! Amma taliblər sentyabrın 1-nə kimi vaxt qoyublar, bütün xarici qüvvələr ölkədən çıxmalıdır.

Hələlik Türkiyə ilə bağlı fikir bildirməyiblər. Sadəcə, “Taliban”ın Əfqanıstanı ələ keçirməsi o demək deyil ki, ölkəyə sabitlik gəldi".

E.Şahinoğlu hesab edir ki, şimal koalisiyası ilə vətəndaş müharibəsi başlaya bilər: “Türkiyə hökumətinin ”Taliban"la təmasları olsa və onlar da qətlləri davam etdirsə, Ankaranın imicinə təsir edə bilər. Ona görə təmaslar vacibdir, amma ehtiyatı əldən vermək, əlaqələri genişləndirmək təhlükəlidir. Çin açıq şəkildə əməkdaşlığı quracaq. Çünki onun maraqları var, Əfqanıstanın sərvətlərinə sahib çıxmaq istəyir. Türkiyənin isə belə fikri yoxdur və bu baxımdan Ankara “Taliban”la əməkdaşlığı çox dərinləşdirməyə bilər".

Yeri gəlmişkən, qeyd edək ki, avqustun 23-də Əfqanıstandan olan 40 nəfər miqrant Bakıda icazəsiz aksiya keçirməyə cəhd edib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov deyib ki, aksiyada iştirak edənlər BMT Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycandakı Nümayəndəliyinin onlara daha çox diqqət yetirməsini tələb ediblər. Aksiya icazəsiz olduğu üçün polislər həmin şəxslərlə profilaktik söhbət aparıb. Daha sonra aksiya iştirakçıları ərazidən uzaqlaşdırılıb. Göründüyü kimi, Əfqanıstandakı vəziyyətin dramatikliyi Bakıda olan əfqan qaçqınları da hərəkətləndirib. Onlar qaçış yolları axtarırlar və baş verən hadisələrin dolayısı ilə bizə də təsirləri var.