Füzulidə yeni tikilib istifadəyə verilmiş hava limanı və pistə enən ilk təyyarənin fotoları yayılıb. Gözəl mənzərədir. Sosial şəbəkələrdə bu fotoları paylaşıb, öz sevincini bildirən xeyli soydaşımız var. Bu görüntülər insanda təkcə sevinc yox, başqa emosiyalar da yaradır. Vətənin böyük uğurlarına baxıb, qürurlanmaya bilmirsən.
Bu fotoların yaratdığı bir hiss də var: ÜMİD! Qarabağdan ümidimizi üzdüyümüz zamanlar o qədər də uzaq tarix sayılmır. Kimsə inanmırdı ki, işğal altındakı torpaqlar belə tezliklə azad edilər. İndi müzəffər Azərbaycan Ordusunun düşmən işğalından azad etdiyi Füzulidə hava limanı istifadəyə verilib. O aeroportun pistinə ilk təyyarə enib.
Bir il öncəni xatırlayaq. Tovuz döyüşlərindən sonra azərbaycanlılar qəzəbli və narazı idilər. Düşmənin xain hücumu nəticəsində neçə şəhid vermişdik. Xalq öz dövlətindən tələb edirdi ki, Ermənistana layiqli cavab verilsin. Minlərlə insan küçələrə axışıb “Ali Baş Komandan, silah ver bizə” şüarları səsləndirirdi. Tovuzun Ağdam kəndindəki mənzərə hələ də yaddaşlardan silinməyib. Azərbaycanın müxtəlif bölgələrindən olan insanlar Ağdam kəndinə axın edib, düşmənə nifrət saçır, Ordumuza öz dəstəyini ifadə edirdi. Hər kəs silaha sarılıb torpaq uğrunda savaşa getmək istəyirdi. Könüllü ordu sıralarına yazılanların sayı günü-gündən artırdı. General Polad Həşimovun və silahdaşlarının şəhid olması Azərbaycan xalqını yerindən tərpətmişdi. Millət düşmənlə son və böyük hesablaşmaya hazır idi.
Ötən ilin bu günlərində kimsə desəydi ki, yaxın aylarda Şuşa daxil olmaqla işğal altındakı xeyli ərazimiz azad ediləcək, buna inananların sayı elə də çox olmazdı. Üstəlik, deyilsəydi ki, Füzulidə hava limanı inşa ediləcək, Zəngilanda, Laçında yeni aeroportların təməli qoyulacaq, Ağdam, Kəlbəcər, Laçın güllə atılmadan, itki vermədən geri qaytarılacaq, camaat bu fikirlərin müəllifinin ifrata vardığını düşünərdi.
Bu hava limanları Qarabağın qarantı, işğaldan azad edilmiş və yaxın gələcəkdə ediləcək (!) ərazilərin təhlükəsizliyinin ən ciddi təminatçısıdır. Daha çox hərbi aerodrom kimi fəaliyyət göstərəcəkləri şübhəsizdir. Bunu Prezident İlham Əliyev bugünlərdə Kəlbəcərdə olarkən açıq söylədi. O bildirdi ki, Füzuli, Zəngilan və Laçın aeroportları daha çox hərbi təyinatlı olacaq.
Bu nə deməkdir? Yəni F-16-lar vaxtaşırı bu aeroportlara eniş-qalxış edəcəklər. Türkiyədən havaya qalxan hərbi yük təyyarələri Lənkəran, Qəbələ, Zirə, Gəncə və s. aeroportlara deyil, Qarabağdakı hava limanlarına enəcək.
Azərbaycana 3-cü ölkədən hərbi aqressiya olarsa (gərçi, bu, hazırkı reallıqda heç inandırıcı görünmür), bu hava limanları o hücumların dəf edilməsində böyük rol oynaya bilər.
Yeri gəlmişkən, Prezident İlham Əliyev ötən ilin oktyabrında xalqa müraciətində bu mövzuya toxunmuşdu. Demişdi ki, Türkiyəyə məxsus F-16 hərbi təyyarələri Azərbaycan ərazisində qalmaqda davam edəcək. Ali Baş Komandan bunun səbəbini belə izah etmişdi: “Əgər üçüncü ölkədən bizə hərbi aqressiya olarsa, o təyyarələr havaya qalxacaq”.
Bu, Azərbaycan Prezidentinin gizli-aşkar düşmənlərə verdiyi ən tutarlı cavablardan biri idi.
İllərlə arzuladığımız, umduğumuz bir şey vardı: Türkiyə Azərbaycana Qarabağ məsələsində açıq hərbi-siyasi dəstək versin. İlğım kimi görünürdü, bəzən mümkünsüz sayılırdı, amma gerçəyə döndü. Türkiyə Ordusu silahı ilə, ürəyi ilə Azərbaycanda, Qarabağda, Şuşadadır!

Türkiyə prezidenti Rəcəb Tayyib Ərtdoğanla Azərbaycan Prezidenti İlham Əliyevin 15 iyunda imzaladıqları Şuşa Bəyannaməsi isə son bir illik fəaliyyətin pik nöqtəsi oldu. Qarabağın və onun baş tacı olan Şuşanın Türkiyə tərəfindən müdafiəsi rəsmiləşdirildi. Artıq Şuşa Türkiyənin də mənəvi paytaxtıdır və qardaş ölkə üçün də onur məsələsidir.
Ermənilər böyük vahimə və qorxu içindədirlər. Müharibədə ən vacib amillərdən olan psixoloji üstünlük tam bizdədir. Hərbi, siyasi, diplomatik üstünlüyümüz isə düşmənlə müqayisə edilə bilməz. Böyük və birmənalı qələbəyə az, həm də çox az qalıb...
Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı və müttəfiqliyi! Tanrı Türkü qorusun, bayrağını hər zaman ucaltsın. Amin!
musavat.com
