|
Almaniya kəşfiyyatı taliblərin hakimiyyətə gələcəyini illər öncə xəbər edibmiş

Almaniyanın Federal kəşfiyyat xidməti (BND) taliblərin hakimiyyətə gələcəyi barədə Əfqanıstan hökumətinə illər öncə xəbərdarlıq edibmiş.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Almaniyanın “Der Spiegel” jurnalı məlumat yayıb.

Jurnalın verdiyi informasiyaya əsasən, alman kəşfiyyatçıları Əfqanıstan üçün daima analitik hesabatlar təqdim ediblər. Burada aydın şəkildə Əfqanıstanın nə ordusunun, nə də siyasi strukturlarının uzun müddət “Taliban” qarşısında davam gətirə bilməyəcəyi yazılıb.

BND özünün bununla bağlı ən pessimist qiymətini 2020-ci ildə “Əmirlik 2.0” adı verilən analitik icmalında verib. Burada “Taliban”ın ölkənin hər yerində iqtidarı əlinə alacağı, bunun qaçılmaz olduğu qeyd edilib.

Almaniya xarici kəşfiyyatı son günlərdə yerli mətbuat və parlament tərəfindən ünvanına yönəldilən tənqidlərə konkret sənədlərlə cavab verib. Bu ilin avqustun 19-da Bundestaqda xüsusi xidmət orqanlarının nümayəndələri ilə dinləmələr keçirilib. Burada kəşfiyyat təmsilçiləri qanunverici orqanın üzvlərinin tənqid və suallarını cavablamalı olublar.