|
Prezidentin köməkçisi tibb işçilərinə xəbərdarlıq edib

“Bu gün hər hansı sərtləşdirməyə getməyə ehtiyac yoxdur”.

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov bildirib.

“Artıq həkimlər 2 ilə yaxındır məzuniyyətə çıxmayıb. Amma bu gün bu xəstəliyin öhdəsindən gəlirik. Lakin biz hiss etsək ki, xəstəxanalar xəstə ilə dolur, təbii ki, növbəti addımların atılması müzakirə oluna bilər. Pandemiyadan çıxış yolu peyvəndlənmədir. Peyvəndin də təhlükəsiz olması haqqında kifayət qədər məlumat verilib. Bu gün 6 milyon dozaya qədər vaksin vurulub və hər hansı əks təsir müşahidə edilməyib. Peyvəndləməyə başlayanda elmi işlərə, məqalələrə əsaslanaraq başlamışdıq. Artıq bizim əlimizdə olan rəqəmlər nəzəriyyə deyil. Vaksinin təhlükəsiz olması da heç kəsdə şübhə doğurmamalıdır. Bu gün COVID-19-dan ölənlərin 99%-i vaksin olunmayanlardır"

Prezident köməkçisi saxta COVİD pasportu alanlarla bağlı məsələyə də fikrini bildirdi:"Təəssüf ki belələri var. Ağır vəziyyətdə olan xəstələr var ki, əllərində covid pasportları var. Araşdırılandan sonra məlum oldu ki, pul verib saxta covid pasportu alıblar, hazırda onlar reanimasiyada ağır vəziyyətdədirlər. Həkimlər və kiçik tibbi personal arasından insanlar tutulub. İnsanlar nəinki öz həyatı ilə oynayır, həm də dövlətin siyasətinə xələl gətirirlər. Buna hansısa əsas gətirmək qeyri-mümkündür. Müvafiq dövlət orqanları bununla mübarizəni davam edəcək. Həmin şəxslərə buradan da müraciət edirik ki, onlar çox ciddi cəzalandırılacaqlar.