RLDP lideri Vladimir Jirinovskidən sonra Azərbaycan mətbuatının hərdən “Putinin ideoloqu” adlandırdığı Aleksandr Duqin də Bakını və Ankaranı hədəf alan açıqlamalarla çıxış edib. Duqinin sözlərinə görə, Azərbaycanın Ermənistan üzərində sarsıdıcı qələbəsindən sonra Türkiyə həm Qafqaz regionunda, həm də Mərkəzi Asiyada fəallığının hiss ediləcək həddə artıb. Duqin vaxtilə müasir Rusiyanın da bir hissəsini əhatə edən Osmanlı İmperatorluğu qorxusunu dilə gətirib. “Ərdoğan suveren və müstəqil siyasət yürütməyə başladığı son on ildə pantürkizmin yenidən dirçəlişinin əlamətləri var”. Duqin şübhələnir ki, Türkiyənin Rusiyanın tarixən nüfuz dairəsində olan respublikalarda (hətta Gürcüstan da daxil) güclənmək istəyi “Qərbin Moskvaya qarşı təzyiqi deyil, Ərdoğanın şəxsi təşəbbüsüdür”. Duqin Azərbaycanın Qarabağdakı qələbəsini bir daha xatırladaraq, Moskvanın bu nəticənin əldə edilməsində əsas rolu olduğunu, Ermənistanın Putin tərəfindən cəzalandırılmasının bir neçə məlum səbəblərini yada salır, amma qələbənin tamamilə “Bakı-Ankara ittifaqına aid edilməsindən”gileylənir.
Onun sözlərinə görə, Türkiyənin Yaxın Şərqin Suriya, Liviya, İraq kimi ölkələrində müstəqil siyasət yürütməsi Moskvanın genişmiqyaslı geosiyasi hesablamasıdır, amma indi Türkiyəni dayandırmaq da asan deyil. Duqin Ankaranın “rusofob Kiyevlə hərbi ortaqlıq” qurmasından, Türkiyə-Azərbaycan ittifaqının daha da güclənməsindən və Orta Asiyada Ankaranın təsirinin -"pantürkizmin fəallaşmasından" Moskvanın narahat olmalı olduğunu dilə gətirir. Xatırladaq ki, bu ilin aprelində Duqin “Moskva Qarabağda ”vəzifəsini yerinə yetirdi və indi Bakının KTMT və Avrasiya Birliyinə qoşulmasının vaxtının gəldiyi"ni demişdi.
Duqinin açıqlamalarından da göründüyü kimi, əsas hədəf Azərbaycan və Türkiyə ittifaqı olmaqla yanaşı, o, həm də Ankaranın Rusiya ətrafında nüfuzunun artmasından narahatdır. Bu narahatlığı isə dünyanın ehtiyat etdiyi “Osmanlı İmperiyasının bərpası, pantürkizm” kimi ifadələrlə “zənginləşdirərək” edir. Aydındır ki, Qarabağdakı müharibədən sonra Azərbaycanın da, Türkiyənin də nüfuzu artıb, iki qardaş ölkənin birliyi isə təkcə Moskvanın deyil, bir çox başqa dövlətlərin də yuxusunu qaçırır. Türkiyənin Mərkəzi Asiya ölkələrində də fəallaşan siyasəti isə Rusiyanın maraqlarına cavab vermir. Bu səbəbdən Ankara hədəf seçilir, amma əsl hədəf əlbəttə ki, Azərbaycan-Türkiyə ittifaqıdır ki, bunu da Duqin gizlətmir.
Duqinin bu şəkildə açıqlamalar verməsi Rusiyanın Azərbaycan-Türkiyə müttəfiqliyindən artıq ciddi narahat olmağa başladığının əlamətidirmi? Bu müttəfiqliyin Rusiyaya qarşı olmadığını Bakı dəfələrlə açıq və dolayısı ilə bəyan edib. Moskva nədən narahatdır? Duqinin fikirlərini necə şərh etmək olar?

Toğrul İsmayıl
Türkiyədə yaşayan tarixçi professor Toğrul İsmayıl “Yeni Müsavat”a bildirdi ki, Türkiyənin bölgədə və dünyada təsirinin, nüfuzunun artması barədə deyilən fikirlə razıdır. Türkiyənin ədalətli, barışcıl mövqedə olması bölgə ölkələri arasında, dünyanın bir çox ölkələrində Türkiyənin mövqelərinin möhkəmlənməsinə, nüfuzunun artmasına gətirib çıxarıb: "Duqinin digər dediklərinə gəlincə, o rəsmi şəxs deyil və onun fikirlərini Rusiya hakimiyyətinin, Kremlin mövqeyi kimi qəbul etmək lazım deyil".
Professor Qabil Hüseynli isə bildirdi ki, tanınmış professor kimi obyektiv analitik şərhləri ilə Aleksandr Duqinin birdən-birə baxışlarında ciddi dəyişikliyin baş verməsi təəccüblüdür. Belə görünür ki, o da “Rus böyük dövlətçiliyi şovinizmi ideologiyası”na yuvarlanıb. Çünki onun söylədiklərindən həmin ideologiyanın təzahürləri aydın görünür: "Dünənə qədər erməni işğalçılığına son qoyulmasının vacibliyindən, Azərbaycanın öz torpaqlarını azad etmək hüququnun olduğundan danışan Duqin məgər bilmir ki, Azərbaycan da elə bunu edib. Bu ədalətli mövqeyində Azərbaycana Türkiyənin siyasi, mənəvi dəstək verməsindən təbii heç nə ola bilməzdi. Bunu Türkiyənin Osmanlını bərpa etməsi, pantürkizmi geri qaytarması kimi təqdim etmək tamamilə əsassızdır və Duqin kimi şəxsə yaraşmır. 21-ci əsrdə hansı imperiya qurulmasından danışmaq olar?! Axı ortada belə bir şey yoxdur. Pantürkizm qorxulu bir şey deyil. Türkdillli xalqların bir-biri ilə mədəni, iqtisadi, siyasi əlaqələrinin güclənməsidir. Bunu imperiya qurmaq kimi qəbul etmək məntiqsizlikdir. Pantürkizm şovinzim deyil. Xüsusilə rus və amerikan şovinizmi deyil.
Türkiyə-Azərbaycan müttəfiqliyi qətiyyən Rusiyaya qarşı deyil. Bundan Rusiyadakı mərkəzləri, analitiklər, rəsmilər narahat olursa nahaq yerə narahat olurlar. Azərbaycan-Türkiyə müttəfiqliyini Ermənistan-Rusiya müttəfiqliyi ilə eyniləşdirməsinlər. Azərbaycan-Türkiyə müttəfiqliyi bölgədə sülhə xidmət edir, heç kimin torpağını işğal etməyə xidmət etmir. Ermənistan-Rusiya müttəfiqliyi isə on illərdir işğala xidmət edib, sülhə qarşı olub. Rusiyadakı heç bir özünə hörmət edən siyasətçi, siyasi analitik bunları bir-biri ilə qarışdırmasın.
Həm Türkiyə, həm də Azərbaycan rəsmən dəfələrlə bəyan edib ki, biz Rusiya ilə yaxın qonşuluq siyasətinin dərinləşməsində, əməkdaşlıqda, həqiqi strateji tərəfdaşlıqda maraqlıyıq. Azərbaycan Rusiya ilə münasibətlərin hətta yüksəlib strateji müttəfiqlik səviyyəsinə qalxmasını istəyir. Bunu Rusiyanın istəmədiyi müşahidə olunur. Çünki Rusiyadakı siyasi dairələr ənənəvi “velikorus şovinizmindən” uzaqlaşa bilmir. Türkiyənin isə imperiya qurmaq istəyi, planı yoxdur".

Məhəmməd Əsədullazadə
Politoloq Məhəmməd Əsədullazadə isə bildirdi ki, Azərbaycan-Türkiyə siyasi-hərbi əməkdaşlığı Şuşa Bəyannaməsi ilə rəsmiləşdi və demək olar Türkiyə Qarabağ müharibəsindən sonra Cənubi Qafqaz, həmçinin Mərkəzi Asiya siyasətində yeni bir genişlənmə strategiyası həyata keçirdi. Bundan əlavə, Türkiyənin Gürcüstan və Ukrayna ilə hərbi əməkdaşlığı da hər keçən gün inkişaf edir. Məhz baş verən bu proseslər Moskvanı ciddi narahat edir: “Xüsusilə Şuşa Bəyannaməsindən sonra Rusiyada bəzi dairələr anti-Azərbaycan siyasətinə start veriblər. Jirinovskinin məlum açıqlamaları, ardınca Duqinin qeydləri Kremlin siyasətinin bariz nümunəsidir. Həqiqətən də Kreml Azərbaycan-Türkiyə hərbi müttəfiqliyini qəbul etmir və Mərkəzi Asiya siyasətindən narahatdır. Ümumiyyətlə, Rusiyanın siyasətində açıq şəkildə Azərbaycan Türkiyə əlaqələrinin inkişafını Rusiyanın regional siyasətinə təhdid hesab edirlər. Ona görə də hazırda bu kimi açıqlamlar verirlər. Rusiya Qarabağdan sonra Azərbaycanın KTMT üzvü olmasına çalışırdı. Azərbaycan buna getmədi və Türkiyə ilə məlum Şuşa Bəyannaməsini imzaladı. Ona görə də Rusiyanın bəzi dairələrinin bu kimi siyasi hücumlarını görürük. Qeyd edim ki, Türkiyə artıq regional dövlətdən beynəlxalq nizama təsir edən bir ölkə statusu alır. Təbii ki, bu da cənab Ərdoğanın düzgün strateji siyasətinin nəticəsidir. Amma bu status Rusiya əleyhinə yönəlməyib. Moskva artıq anlamalıdır ki, Orta Asiya regionunda olan ölkələr müstəqil dövlətlərdir və Türkiyə ilə dini və etnik, dil baxımından yaxındırlar. Ona görə də bu ölkələrin Türkiyə ilə əməkdaşlığa üstünlük verməsi Rusiyaya qarşı yönəlməyib. Rusiya, görünür, hərəkətə keçib. Amma hesab edirəm ki, Moskvanın bu siyasəti xüsusilə Türkiyə və Azərbaycanla bağlı siyasətə uğur gətirməyəcək”.
