|
Əri ilə birlikdə ögey anasını öldürməkdə ittiham edilən qadının işi - Mülk davası

Bakıda ögey anasının qətlə yetirməkdə törətməkdə təqsirləndirilən Günay Məmmədova və həyat yoldaşı Həmzə Verdiyevin cinayət işi üzrə məhkəmə araşdırması başlayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib. Prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

İttihama görə, hadisə bu il martın 25-də Binəqədi rayonu ərazisində baş verib.

Rayon sakini, 1979-cu il təvəllüdlü Baxşəliyeva Qərənfil İlyas qızının itkin düşməsi ilə bağlı Binəqədi rayon Polis İdarəsinə daxil olmuş məlumat əsasında aparılan araşdırma zamanı prokurorluq və polis əməkdaşlarının keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin “isti izlər”lə açılması təmin edilib.

İtkin düşmüş Qərənfil Baxşəliyevanın qəsdən öldürülməsi müəyyən olunub.

İstintaq araşdırması zamanı müəyyən edilib ki, Qərənfil Baxşəliyeva ögey qızıNIN Günay Məmmədova və onun əri Həmzə Verdiyevlə aralarında şəxsi münasibətlər zəminində uzun müddətli mübahisələri olub.

Bu səbəbdən Günay Məmmədova əri ilə əlbir olaraq 25 mart 2021-ci ildə birgə yaşadıqları evdə balta ilə çoxsaylı xəsarətlər yetirərək Qərənfil Baxşəliyevanı qəsdən öldürüblər və meyidini Qaradağ rayonu ərazisindəki gölməçəyə atıblar.

Həmzə Verdiyev və Günay Məmmədova tutularaq istintaqa cəlb ediliblər.

İlkin məlumata görə, qətl hadisəsi mülk üstündə başlayan mübahisə nəticəsində törədilib.