“CNN-Türk” telekanalına müsahibəsində Prezident İlham Əliyev “Qafqaz Evi” təklifini yeniləyib. Azərbaycan Prezidenti müsahibəsində yeni format təşəbbüsünü də təkrarlayıb: “Cənubi Qafqazda Azərbaycan, Gürcüstan, Ermənistan arasındakı üçtərəfli əlaqələrin yaradılması üçün ilkin addımlar atılmalıdır, biz buna hazırıq”. Bununla da Prezident bir daha “Qafqaz Evi”nin qurulmasının gərəkliyinə işarə edib.
“Yeni Müsavat” yada salır ki, dövlət başçısı hələ Vətən müharibəsinin davam etdiyi günlərdə xarici mediaya verdiyi müsahibələrdə “regionda yeni situasiya yarandığını” xüsusi qeyd edirdi. “Yeni situasiya” təkcə Azərbaycanın müharibədə ədalətli mövqeyini ehtiva etmirdi, həm də müharibədən sonra bölgədə qüvvələr nisbətinin yenidən formalaşacağına açıq işarə idi, bunların sırasında “Qafqaz Evi” ideyası da vardı. Bu ittifaqa Gürcüstanın tarixi və indiki dəstəyi məlumdur. Bakı həm də Tiflisin vasitəçiliyi ilə əlbəttə ki, Azərbaycanla sülh müqaviləsi imzalamış Ermənistanın “Qafqaz Evi”nə daxil olacağına ümid edir. Bu həm də bölgədə təhlükəsizliyin və sülhün möhkəm qarantı ola bilər. Bu zamanadək “Qafqaz Evi” ideyasının gerçəkləşməməsinə səbəb şübhəsiz ki, Ermənistandır. Tarixən Qafqazda “qamçı” rolunu oynayan Ermənistanın qonşularına qarşı əsassız ərazi iddiası “Qafqaz Evi”nin yaradılmasına ciddi əngəl olub. İndi Ermənistan məğlub olub, cəzalı və çıxılmaz duruma düşüb.
Rusiyanın “Qafqaz Evi” ideyasına qarşı olduğu aydındır, amma indi dəyişən dünyada “Moskva istəmədi, olmadı” dövrü də çox arxada qalıb.
Xatırladaq ki, “Qafqaz Evi”nin yaradılması ideyası tarixən Azərbaycan mütəfəkkirlərinə məxsus olub. Bu ideyanın əsas təbliğatçıları Mizə Fətəli Axundzadə və görkəmli publisist Mirzə Bala Məmmədzadə olub. “Qafqaz Evi”nin yaradılması ideyasını rəsmi səviyyədə irəli sürmək missiyası isə Məhəmməd Əmin Rəsulzadəyə məxsusdur. Məlumdur ki, Rusiyada oktyabr inqilabından sonra Qafqazda Ermənistan, Gürcüstan və Azərbaycan qısamüddətli (24 fevral-26 may 1918-ci il) Qafqaz Federasiyası yaratdılar. Bu, “Qafqaz Evi”nin yaradılması istiqamətində ilk addım idi. Federasiya 26 may 1918-ci ildə Gürcüstanın, iki gündən sonra isə Azərbaycanın və Ermənistanın öz müstəqilliklərini elan etmələri ilə süquta uğradı...
Siyasi ekspertlər hesab edir ki, Azərbaycan Prezidentinin “Qafqaz Evi” təklifini indiki mərhələdə gündəmə gətirməsinin anlamı böyükdür. Azərbaycanın bu təklifi Ermənistanı siyasi və iqtisadi (həm də Rusiyanın forpostu olmaqdan) böhrandan çıxarar və gələcəyinə qapı açır.
Bəs bu ideyanın həyata keçməsi istiqamətində praktiki addımlar atıla bilərmi. Burada daha çox hansı ölkənin fəallıq göstərməsi effekt verər? Məsələyə, Rusiyanın reaksiyası necə ola bilər? Ümumiyyətlə, bu ideyanın başqa ad altında olsa belə, gerçəkləşməsi mümkünmü?

Elxan Şahinoğlu
“Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a şərhində bildirdi ki, Prezident İlham Əliyev bu fikirlə əslində Ümumqafqaz Evinin bərpasına işarə edir. Bu, bir mesajdır: “Azərbaycan Prezidenti həmin cümləsi ilə Ermənistana mesaj verdi ki, bu bölgədə biz üç dövlət varıq və bu üç dövlətin əməkdaşlığı olub, gəlin bunu bərpa edək, çünki bu hamımızın xeyrinədir. Gürcüstan Azərbaycanın strateji müttəfiqidir, Ermənistanın strateji tərəfdaşı sayılır.
Ermənistanın baş naziri hiss olunur ki, Rusiyadan asılılığı azaltmaq istəyir. Bunun yollarından biri isə məhz Cənubi Qafqazdakı üç dövlətin əməkdaşlıq formatının qurulmasıdır.
Gürcüstanın bu ideyanın reallaşmasında vasitəçiliyindən hər iki dövlət istifadə edə bilər. Gürcüstan bu vasitəçiliyi özü də təklif edir. Bunun nümunəsini biz yaxınlarda da gördük ki, mina xəritələrinin verilməsində Gürcüstanın da vasitəçiliyi oldu. Biz Gürcüstanın vasitəçiliyindən istifadə edə bilərik və bu yararlı olar ki, başqa dövlətlər müdaxilə etməsin.
Məsələn, Nikol Paşinyan İlham Əliyevə təklif irəli sürüb ki, gəlin görüşək. Mən hesab edirəm ki, bu təklifə müsbət cavab verilə bilər və görüş yeri kimi Tiflis seçilə bilər. Bu, hamının maraqlarına uyğundur. Danışıqların məhz Tiflisdə aparılması da bizim üçün xeyirli olar".
E.Şahinoğlunun sözlərinə görə, əlbəttə, Rusiyada müəyyən siyasi mərkəzlər narahat ola bilərlər ki, onların diplomatik münasibətləri olmayan Gürcüstanın da iştirakı ilə, eyni zamanda vasitəçiliyi ilə Cənubi Qafqaz üçlüyü formatının qurulması üçün danışıqlar gedir. Amma bu, Rusiyanın öz problemidir. Gürcüstan bölgənin üç dövlətindən biridir və Gürcüstanın burada sülh maraqları var. Biz hər üç ölkə özümüzü düşünməliyik, bizim maraqlarımız təmin olunmalıdır: “Burada söhbət üç Cənubi Qafqaz ölkəsinin maraqlarının təmin olunmasından gedir. Düzdür, Tiflisdə görüşün böyük nəticələrini gözləmək düzgün olmaz, amma ən azından ciddi bir prosesin startı verilmiş olar. Hər halda, üç dövlət arasında bu səpkili danışıqların başlaması həm də bölgədə sülhün yaradılması və kommunikasiya xətlərinin açılması işinə də töhfə verə bilər. Bu addımların, bu danışıqların konkret hansı zamanda ”Qafqaz Evi"nin yaradılmasına gətirib çıxaracağını isə bu gün dəqiq söyləmək olmaz. Bu gün hələ ilkin addımlar atılmasından söhbət gedə bilər və bunun özü hər üç ölkənin xeyirinədir".
Ekspert vurğuladı ki, “Qafqaz Evi” ideyasının gerçəkləşməsi əslində Ermənistanın xilas yoludur. Ermənistan Azərbaycana ərazi iddiasından vaz keçsə, qarşılıqlı olaraq ərazi bütövlüyümüzü tanısaq, sərhədlərimizi müəyyənləşdirsək Azərbaycanın əsas olduğu müəyyən nəqliyyat layihələrində Ermənistan iştirak edə bilər. Ermənistan üçün çox ciddi imkanlar açılar.
E.Şahinoğlu hesab edir ki, “Qafqaz Evi” ideyasının gerçəkləşməsinə Türkiyə və Qərbdən müsbət reaksiyalar olar: “Bu məsələyə Türkiyə də müsbət yanaşacaq. Çünki Türkiyə özü istəyir ki, bölgədə belə bir əməkdaşlıq yaradılsın və sülhə təkan versin. Bu, Qərbin də maraqların cavab verir. Çünki Qərb istəyər ki, Ermənistanın Rusiyadan asılılığı azalsın və dəstək verdiyi Gürcüstanın bölgədəki rolu artsın. Bu mənada ”Qafqaz Evi"nin yaradılması prosesi Türkiyənin və Qərbin dəstəyini ala bilər".
