Əfqanıstanda “Taliban” hakimiyyətə gəldikdən sonra əsl humanitar böhran yarana bilər. Hazırda 14 milyon vətəndaş aclıq təhlükəsi ilə üz-üzə qalıb.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə BMT-nin Ümumdünya Ərzaq Proqramının (ÜƏP) Əfqanıstan üzrə direktoru Meri Ellen MakQroarti məlumat verib.
Xanım MakQroartinin sözlərinə görə, son 3 ildə ölkədə iki dəfə güclü quraqlıq müşahidə olunub. COVİD-19 pandemiyası isə onsuz da dəhşətli görünən durumu fəlakətə çevirib. BMT rəsmisi quraqlıq nəticəsində Əfqanıstanda 40% məhsulun məhv olduğunu, habelə minlərlə baş mal-qaranın tələf edildiyini bildirib. Bundan başqa “Taliban”ın hücumu nəticəsində yüz minlərlə insan yaşayış yerlərini tərk etmək məcburiyyətində qalıblar.
Qarşıdan isə qış gəlir. Təkcə bu ilin may ayında ÜƏP 4 milyon insana yardım göstərib və bunu yaxın vaxtlarda 9 milyona çatdırmaq niyyətindədir. Meri Ellen MakQroarti tərəfləri münaqişəni sona çatdırmağa çağıraraq Əfqanıstana ərzaq tədarükü üçün 200 milyon dollara ehtiyac olduğunu sözlərinə əlavə edib.
