“Taliban” hərəkatının mətbuat katibi Süheyl Şahin təsadüfən İsrailin “Kan 11” telekanalına müsahibə verib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “Times of İsrael” qəzeti məlumat yayıb.
Müsahibə bu həftənin 2-cü günü ekranlara çıxıb və hər kəsi olduqca təəccübləndirib. Müsahibəni alan israilli jurnalist Roy Kays telekanalın adını desə də hansı ölkədən gəldiyini söyləməyib.
Jurnalistin suallarını cavablandıran Süheyl Şahin “Taliban”ın Əfqanıstandakı bütün qeyri-müsəlman azlıqları, o cümlədən ölkədə qalan yeganə yəhudi Zebulon Simantovun həyatını qoruyacaqlarını bildirib. O, yeni iqtidarın Fələstinin bir hissəsinə nəzarət edən "Həmas" hərəkatı ilə heç bir əlaqəsinin olmadığını da deyib.
Müsahibə çıxdıqdan bir neçə saat sonra Süheyl Şahin öz “Tvitter” hesabında məsələyə aydınlıq gətirib. O, həmin vaxt kiminlə danışdığının fərqində olmadığını qeyd edib. “Əfqanıstanda hakimiyyət İslam əmirliyinin əlinə keçdikdən sonra mən bir çox jurnalistlə danışmışam. Əgər həmin adam İsraildən gəldiyini söyləsəydi, dərhal onunla söhbətdən imtina edərdim”,-deyə o yazıb.
