|
Deputat: “Prezidentin Kəlbəcər səfəri tarixi hadisədir, çünki...”

Avqustun 16-da Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər və Laçın rayonlarına səfər etdilər. Dövlət başçısı və birinci xanım Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağda inşa olunacaq tunelin təməlini qoyub, Kəlbəcər Kiçik Su Elektrik Yarımstansiyasında görülən işlərlə tanış olublar. Daha sonra 110/35/10 kilovoltluq “Kəlbəcər” yarımstansiyasının açılışını ediblər.

Səfər çərçivəsində dövlət başçısı Kəlbəcər-Laçın avtomobil yolu üzərində inşa olunacaq tunelin və Laçın Beynəlxalq Hava Limanının təməlini qoyub və Kəlbəcər şəhərində dövlət bayrağını ucaldıb. İlham Əliyev Kəlbəcərdə çıxış edərkən bir sıra önəmli mesajlar da verib.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Kəlbəcər və Laçın rayonlarına səfərlərinin siyasi və iqtisadi əhəmiyyəti ilə yanaşı, işğaldan azad olunun torpaqlarımızın bərpası prosesinin sürətlənməsi baxımdan strateji təsirləri var.

Bu barədə Milli Məclisin Kəlbəcərdən olan deputatı Aqil Məmmədov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Prezidentin Kəlbəcərə səfəri çox böyük hadisədir və ciddi əhəmiyyət daşıyır: “Bütün kəlbəcərlilər bu səfəri səbirsizliklə gözləyirdilər. Cənab Prezidentin bütün işğaldan azad olunmuş rayonlara səfərlərinin çox böyük əhəmiyyəti var. O cümlədən çox mühüm strateji əhəmiyyət daşıyan Kəlbəcərə cənab Prezidentin səfər etməsinin bir çox istiqamətlər üzrə mühüm əhəmiyyəti var. Şükürlər olsun ki, Prezidentimiz İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyevanın Kəlbəcərə səfəri reallaşdı. Bu, tarixi bir hadisədir. Prezident və birinci-vitse prezident Kəlbəcərdə bir sıra mühüm əhəmiyyətli obyektlərin açılışında iştirak etdilər, həmçinin çox strateji əhəmiyyət daşıyan layihələrin təməli qoyuldu. Göygöl rayonunun Toğanalı kəndi ərazisindən Kəlbəcərə tunellərin açılmasına başlanır. Prezident bu mühüm layihənin təməlini qoydu. Kəlbəcərin və eyni zamanda Laçının da inkişafında bu tunel yollarının çox böyük əhəmiyyəti olacaq. Bunu cənab Prezident də bəyan etdi. Bu yol bölgənin inkişafına böyük təkan verəcək. Kəlbəcərin elektrik enerjisi ilə təminatı üçün də çox ciddi layihələr həyata keçirilir. Ölkə başçısı bu layihələrdən də bir neçəsinin açılışında iştirak etdi və digərlərində işlərin gedişi ilə tanış oldu. Kəlbəcərdə yaxın zamanlarda Su Elektrik Stansiyası fəaliyyətə başlayacaq. Bilirsiniz ki, bir bölgənin inkişafı, qurulması, orada əhalinin normal yaşayışı üçün yol və enerji təminatı ən vacib amildir. Ona görə də Kəlbəcərin yol və elektrik enerjisi ilə təminatı işlərinə çox ciddi diqqət ayrılır və bu istiqamətdə işlər gedir. Prezident İlham Əliyevin səfəri Kəlbəcərdə quruculuq işlərində yeni böyük mərhələnin başlanmasına təsirini göstərəcək.

Cənab Prezident Laçın rayonunda Beynəlxalq Hava Limanının təməlqoyma tədbirində də iştirak etdi. Bu hava limanının Laçınla yanaşı, Kəlbəcər və bütün bölgə üçün böyük əhəmiyyəti olacaq. Bölgənin inkişafında rol oynayacaq hava limanı bölgəyə xaricdən turistlərin gəlməsi üçün də mühüm əhəmiyyət daşıyacaq".

A.Məmmədov bildirdi ki, Prezident Kəlbəcərdə N saylı hərbi hissə üçün tikilən bina və orada yaradılan şəraitlə tanış oldu, dövlət bayrağımızı Kəlbəcər şəhərində ucaltdı. Dövlət bayrağımızın Kəlbəcərdə Ali Baş Komandan tərəfindən ucaldılması sıradan bir hadisə deyil. Bunun çox böyük mənası və mesajları var: “Prezidentin Kəlbəcərdən xalqımıza, dünya birliyinə, region dövlətlərinə, Ermənistana verdiyi mesajlarda isə Azərbaycan dövlətinin mövqeyində necə qətiyyətli olduğunu bir daha gördük. Ermənistan Azərbaycan Prezidentinin mesajlarından nəticə çıxarmalıdır. Prezidentin Kəlbəcərə səfəri qələbəmizin nəticələrinin möhkəmlənməsində xüsusi rol oynayır. Kəlbəcərə səfərin bu mənada da misilsiz əhəmiyyəti var”.  

Deputat qeyd etdi ki, Prezident İlham Əliyevin dünyada məşhur olan İstisuya getməsi, orada dedikləri, həmçinin Kəlbəcərdə arıçılarla görüşüb Kəlbəcər balının dünya bazarına çıxarılmasının vacibliyi barədə dedikləri də Kəlbəcərin iqtisadiyyatının Azərbaycan iqtisadiyyatında ciddi yer tutacağına əminlik yaradıb.