IV dalğa yüksələn xətlə inkişaf edir. Hələlik bu, zirvə deyil. Yəqin ki, yaxın 10 gün ərzində zirvəni görüb-görməyəcəyimiz bəlli olacaq.
Bunu ARB24-ün "Gündəm" verilişinə açıqlamasında həkim Vasif İsmayıl deyib. O bildirib ki, yoluxma sayında dəhşətli rəqəmlər olmayacaq:
"Cəmiyyətin davranışında hansısa dəyişiklik olmayıb. Ona görə də, yoluxmanın dəhşətli dərəcədə yüksələcəyini düşünmürəm. Amma hesab edirəm ki, yenə də qorxuducu vəziyyət qalacaq".
V. İsmayıl onu da bildirib ki, maska taxılması ilə bağlı təbliğat əks effekt verə bilər:
"Hamı hər şeydən yorulub. Qaydalardan da, söhbətlərdən də və bu cür yaşayış tərzindən də yorulmuşuq. Məncə, indi biz maska təbliğatına başlasaq, əks təsir verəcək. Mən Operativ Qərargahın 3-4 həftə əvvəlki brifinqindəki vəziyyətin qorunmasının tərəfdarıyam. Orada keçmişi buraxıb, gələcəyə baxdılar. Dedilər ki, filan qədər insanı peyvəndləyəcəyik və ilin sonunadək bu məsələni qurtaracağıq. Hesab edirəm ki, insanlara bu səpgidə açıqlama vermək lazımdır. Sosial məsafəni qoruyun, maska taxın kimi məsələləri danışanda artıq insanlar qıcıqlanırlar. Real mənzərəni əks etdirmək və gələcəyi göstərmək lazımdır. İndi yaydır və insanlar dincəlməyə, bağ evlərinə gedirlər deyə təmas az olur. Lakin qarşıdan yeni tədris ili gəlir. Məncə, Azərbaycanda peyvəndlənmə kifayət qədər olmasa, nəticə çox yaxşı olmaz".
