Ekspertə görə, cinayətlər baş verənə qədər böyük bənzərlikləri olan mərhələlər yaşanır
Elə həftə olmur ki, kriminal xronikada qatı cinayət hadisəsi barədə məlumat olmasın. Ata-anasını gecə yatdığı vaxt qətlə yetirən oğul, anası ilə birləşib arvadını öldürən kişi, xəyanət edən arvadını yandıran ər... Bunlar sadəcə son günlər kriminal xronikada yer alan, yada düşən ən tükürpədici hadisələrdən bir neçəsidir.
Amma son illər adına “namus cinayəti” deyilən, əsasən qadınların vəhşicəsinə qətlə yetirilməsi ilə müşayiət olunan hadisələrin sayı artmaqdadır. Qəribə xəyanət hekayələrinin də fonda olduğu hadisələrə isə cəmiyyətin təpkisi birmənalı olur. Xüsusən Şərq cəmiyyətlərində sözügedən cinayətlərə az qala haqq qazandırılır.
Ailələrdə gənc qadınlar ciddi təzyiqlə üzləşir, psixoloji basqılarla qarşı-qarşıya qalırlar. Ümumdünya üzrə rəqəmlərə nəzər salaq. Birləşmiş Millətlər Təşkilatının Demoqrafik Fondunun məlumatına görə, hər il dünyada 5 mindən çox qadın namus məsələsinə görə öldürülür. Qadın cinayət qurbanlarının 70 faizi ərləri, ya da sevgililəri tərəfindən öldürülür. Dünyada hər 3 qadından 1-i həyatının bir dönəmində zorakılığa məruz qalır. Hər 5 qadından 1-i isə həyatının hansısa mərhələsində təcavüz və yaxud təcavüz cəhdinin qurbanı olur. ABŞ-da hər 90 saniyədə 1 qadın təcavüzə uğrayır, İraqda 2003-cü ilin aprelindən bu yana ən azı 400 qadın təcavüzə uğrayıb. Bu cinayətlər daha çox Banqladeş, Braziliya, Ekvator, Misir, Hindistan, İsrail, İtaliya, İordaniya, Mərakeş, Pakistan, Türkiyə, Uqanda və İngiltərədə baş verir.

Amerikada qadınlar silahla öldürülür, hindistanda yandırırlar
ABŞ-da qadınlar daha çox silahla öldürülür, Hindistanda amansız yola əl atırlar. Hindlilər qadınları döyür, sonra da yandırırlar. Polislərə isə “mətbəx qəzası” deyib, canlarını qurtarırlar.
Türkiyədə mürtəce tayfa adət-ənənələri və namus məsələsi qadınların həyatı üçün real təhlükədir.
Hər il ən azı 20 min qadın “namus üstündə” öldürülür
Əvvəllər namus cinayətlərinin qurbanları əxlaqsızlıq edən və təcavüzə uğramış qızlar olurdusa, bu gün ailədaxili problemlər nəticəsində öldürülən qadınların üzərinə ləkə kimi “əxlaqsız” damğası vurulur və cinayətkar özünü namuslu insan kimi təqdim edir.
Dünyada hər il ən azı 20 min qadının “namus üstündə” öldürülməsi isə bir başqa statistikanın nəticəsidir.
Psixoloqlar isə məsələni tamam fərqli aspektdən izah edir. Onların qənaətinə görə, öldürülən qadınların heç də hamısı əxlaqsız olmur. Çünki öldürülən zərif cinsin nümayəndələrinin bir hissəsi iftiraya məruz qalan qadınlar, digər bir hissəsi isə ailə adət-ənənələrinə üz çevirən qadınlardı. Öldürülən 10 qadından 2-nin əxlaqsız olma ehtimalı var. Amma bunu da heç kəs sübuta yetirə bilməz.
Qətldən öncəki 8 mərhələ - nədir?
İngiltərədə aparılan bir araşdırmada qadın cinayətləri öyrənilib və qadınların həyat yoldaşları, ya da partnyorları tərəfindən öldürülməsinə qədər gedən dövrdə səkkiz mərhələ yaşadıqları müəyyənləşib.
Kriminoloji mütəxəssis Ceyn Monckton Smit İngiltərədə törədilən 372 qadın cinayətini araşdırıb. Monckton Smitin gəldiyi nəticələrə görə, cinayətlər baş verənə qədər böyük bənzərlikləri olan mərhələlər yaşanır.
Gloucestershire Universitetində akademik olaraq çalışan Monckton Smit bildirib ki, münasibətin şiddətə, hətta cinayətə gedə biləcəyini göstərən ən vacib siqnal kişinin qadını daim nəzarət altında saxlamağa çalışmasıdır.

Araşdırılan bütün cinayət hadisələrində rast gəlinən mərhələlər aşağıdakı şəkildə sıralanır:
Münasibət başlamadan əvvəl kişinin qadını daim təqib və istismar etməsi;
- Tanışlıq dönəminin sürətli bir şəkildə münasibətə çevrilməsip;
- Kişinin qadına daim, zorla nəzarət etməyə başlaması;
- Kişinin qadın üzərindəki bu nəzarətinin ortadan qalxmasına və ya zəifləməsinə yol açan bir tətikləyici. Məsələn, münasibətin sonlanması və ya kişinin maddi problemlərlə üz-üzə qalması;
- Kişinin qadını nəzarət altında tutma cəhdlərinin çoxalması. Məsələn, daim təqib etməyə başlaması və ya intihar edəcəyini deyərək təhdid etməsi;
- Kişinin üslubunu dəyişdirməyə qərar verməsi. İntiqam alma və ya cinayət gerçəkləşdirmə variantlarını düşünməyə başlaması;
- Kişinin qadını öldürmək üçün plan hazırlaması. Silah alıb, qadını tənha bir yerə aparmağa çalışması;
- Kişinin qadını öldürməsi, eyni zamanda cütlüyün uşaqları kimi yaxın çevrəsindəki insanlara da zərər verməsi;
Araşdırılan qadın cinayəti hallarında bu mərhələlərə uymayan az saydakı nümunədə yeganə çatışmayan məqamın ilk mərhələ olması, o nümunələrdə də cütlüyün münasibət başlamadan əvvəl, ümumiyyətlə, bir-birini tanımadığı qeyd edilir.

Monckton Smith
BBC-yə danışan Monckton Smith bildirib: “Ümumən bu günə qədər qadın cinayətlərinə hər zaman bir anlıq şəhvətlə həyata keçirilmiş cinayətlər, bir tərəfin bir an gözünün qaralmasının nəticəsi olaraq baxdıq. Ancaq bu halları araşdırmağa başladığımız zaman burada bir planlaşdırma, bir qaranlıq məqam olduğunu görürsünüz. Amma daha da önəmli olan odur ki, cinayətlə nəticələnən bu münasibətlərin hamısında qarşı tərəfi zorla nəzarət altında saxlamaq cəhdi özünü göstərir”.
Monckton Smith səkkiz mərhələdən ibarət bu modelini İngiltərədə psixoloqlara, polislərə və vəkillərə öyrətməyə başlayıb. O, akademik əsərinin yayınlanması ilə birlikdə bu təhsilin daha əhatəli şəkildə verilməsinə ümid edir.
“Əgər bu mərhələnin fərqində olsalar, həm qurbanlar, həm də səlahiyyətli şəxslər dərhal bunun qarşısını almağa çalışar. Məsələn, ”Allahım, qarşımda uçüncü mərhələyə çatmış bir hadisə var" deyib, prosesin qarşısını ala bilərlər".
