“Ermənilər işğal altındakı torpaqlarımızda yüz minlərlə mina basdırıb. Müharibə başa çatandan sonra - 10 noyabr tarixindən bu günə qədər 150-dən çox mülki şəxs və hərbçi minaya düşərək ya həlak olub, ya da öz sağlamlığını itirib. Ona görə minatəmizləmə işi getməlidir və gedir”. Bunu ”CNN Türk" televiziya kanalına müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyev deyib.
Ermənistanın minaların xəritələrini vermədiyini qeyd edən dövlətimizin başçısı bildirib: “Son mərhələdə verilən xəritələrin dəqiqliyi cəmi yüzdə iyirmi beş faizdir. Yəni burada da özlərini qeyri-səmimi aparırlar. Biz insanların həyatını risk altına ata bilmərik. Ona görə azad edilmiş torpaqlarda - Qarabağda və Şərqi Zəngəzurda indi həm minalardan təmizləmə işləri, eyni zamanda infrastruktur işləri sürətlə gedir. Siz oraya gedəndə böyük infrastruktur layihələri - yollar, elektrik xətləri, su xətləri, hava limanları, dəmir yolları görəcəksiniz. Yəni, bunlar olmadan oraya həyat qayıda bilməz. Eyni zamanda Ağdam şəhərinin Baş planı da mayın 28-də, bizim Müstəqillik Günündə təsdiqləndi və orada artıq işlər başlayır”.
Azərbaycan tərəfi Prezident səviyyəsində ilk dəfə aydın şəkildə bəyan etdi ki, son mərhələdə verilən mina xəritələrinin dəqiqliyi cəmi 25 faiz idi. Bu da Ermənistan tərəfinin nə qədər qeyri-səmimi olduğunu nümayiş etdirir.
Həm Rusiyanın, həm də ABŞ-ın vasitəçiliyi ilə mina xəritələrinin verilməsi, əvəzində isə bir qrup erməni diversantın təhvili baş tutdu.
Ağdam rayonu üzrə tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələrin verilməsi müqabilində “saxlanılan 15 nəfər erməni” Gürcüstan nümayəndələrinin iştirakı ilə Azərbaycan-Gürcüstan sərhədində Ermənistana təhvil verilib. Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında deyilirdi ki, bu humanitar aksiyanın həyata keçirilməsində baş nazir İrakli Qaribaşvili başda olmaqla, Gürcüstan hökumətinin dəstəyini təqdir edirik. XİN eyni zamanda prosesə verdikləri töhfəyə görə ABŞ Dövlət Departamenti, Avropa İttifaqı Şurası və ATƏT-in İsveç sədrliyinin vasitəçilik rolunu qeyd edir. Həmin mina xəritələrinin cəmi dörddə birinin doğru olması o deməkdir ki, Ermənistan postmüharibə dövründə də mülki əhaliyə zərər vuraraq, minalanmış ərazilərin xəritələrini qaytarmaqdan hələ də boyun qaçırır. Üstəlik, hərbi əsirləri geri qaytararaq “özünə xal toplayır”. Bu səbəbdən artıq cəmiyyət erməni diversantların mina xəritələri qarşılığında verilməsi qaydasının dəyişdirilməsini istəyir. Bu tələblər sırasında xəritələrin həqiqiliyini ciddi yoxlandıqdan sonra diversantların qaytarılması da var. Hətta cəmiyyətin daha radikal kəsimi hesab edir ki, həmin erməniləri qarşı tərəfin verdiyi mina xəritələri əsasında təmizlənmiş zonaya buraxmaq lazımdır. İstənilən halda, Ermənistan bu məsələdə xain xislətini bir daha göstərdi, bu anlaşmanı saxlayan Qərb müttəfiqlərini da aldatdı, onlara da sayğısızlıq etdi.

Şair Ramaldanov
Ehtiyatda olan polkovnik Şair Ramaldanov deyir ki, qarşı tərəf xislətinə uyğun davranış sərgiləyir: “Xəritələrin dəqiqliyinin cəmi 25 faiz olması, belə bir halın yaşanması ermənilərlə bundan sonra xəritə ilə bağlı danışıqlara getməyi sual altına alıb. Xəritələr ilk dəfə veriləndə bu haqda rəsmi məlumat vardı ki, biz o xəritələri incələməli və reallığı nə dərəcədə əks etdirdiyinə baxmalıyıq. Əlimizdə olan xəritələrin doğruluq payının 25 faiz olmasının bir neçə səbəbi ola bilər. Məsələn, ehtimal var ki, Ermənistanda bu sahədə peşəkarlıq çox aşağı səviyyədədir və o xəritələri işləyən vəzifəli şəxslərin qandığı budur. Bu baxımdan ermənilərin verdiyi xəritələrə güvənmək olmaz. Ona görə də hazırda həmin xəritələr elə də böyük rol oynamır. Hətta bundan sonra ermənilərlə xəritə barədə danışıqlara getməyin özü də sual altındadır. Əgər danışıqlar olsa belə, düşünürəm ki, birinci növbədə onların faydalılığı qiymətləndirilməli, sonra hansısa addımlar atılmalıdır. Ancaq danışıqlar getsə də, cinayət törədən erməniləri biz heç nəyə dəyişməyəcəyik. Ümumiyyətlə, son vaxtlar xəritə söhbəti leksikonumuzda sıxlıqla işlənmir. Mənə elə gəlir ki, xəritə sonradan Ottava Konvensiyasında olan müddəalara görə beynəlxalq qurumlar tərəfindən ortaya qoyulan bir məsələ idi. Onun əsasında digər xəritələr də Azərbaycana verildi və bu, yenə ermənisayaq atılan addımdı”.

Akif Nağı
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı “Yeni Müsavat”a deyib ki, alman səyyahı Alferd Kertenin ermənilər haqda bir əsrdən çox yaşı olan deyimi bu gün də qüvvədədir: “Türklərlə iş görəndə sözlə danışmaq kifayətdir, müqavilə bağlamağa da ehtiyac yoxdur... Əgər yunanla iş görmək istəyirsinizsə, mütləq müqavilə bağlayın, erməni ilə belə bir fikriniz olarsa, onda heç bir sənədləşmə aparmağın əhəmiyyəti yoxdur, sadəcə, şərə rast gələcəksiniz. Erməni ilə rastlaşmaq təhlükəlidir, onu yuxuda görmək də xeyir gətirmir”. Azərbaycan rəhbərliyi də ermənilərin xislətini bilir. Sadəcə, ermənilər əsirlərlə bağlı çox səs-küy salmışdılar. Azərbaycan tərəfi də həmin zaman mina xəritələrinin təhvil verilməsini istəyirdi. Beynəlxalq qanunlara görə müharibədən sonra mina xəritələri qarşı tərəfə verilməlidir. Mina xəritələri hərbi hissədə, baş qərargahda saxlanılır. Əgər mina xəritələri hərbi hissədə məhv olubsa, deməli, həmin xəritənin bir nüsxəsi baş qərargahda var. Ermənistan Müdafiə Nazirliyi, baş qərargahları Rusiya Müdafiə Nazirliyinin filialı kimi fəaliyyətdədir. Yəni bu gün həmin mina xəritələrini Rusiya sülhməramlı qüvvələri də Azərbaycan tərəfinə təhvil verə bilər. Bu gün mina xəritələrinə görə Rusiya tərəfi də məsuliyyət daşıyır".
Akif Nağı deyir ki, ermənilərdən başqa münasibət gözləmirdik: “Onlar mina xəritələrini bilərəkdən səhv veriblər. Çünki minaların nizamsız şəkildə basdırılması inandırıcı deyil. Nəzarətdən kənar qrupların mina basdırması inandırıcı deyil. Azərbaycan Prezidenti də mina xəritələrinin yüzdə 25 faiz doğru olmasını beynəlxalq təşkilatların diqqətinə çatdırdı. Ermənilər dürüst mina xəritələrini Azərbaycana verməməklə gizlətməyə çalışdıqları xislətlərini, anti-insani münasibətlərini ortaya qoydular. Bilirlər ki, işğaldan azad edilmiş həmin ərazilərə dinc insanlar qayıdacaq, uşaqlar, yaşlılar gələcəklər. Bununla belə, dürüst mina xəritələrini vermirlər. Azərbaycan isə həmişə olduğu kimi verdiyi sözün üstündə dayanır. Humanistlik nümayiş etdirib Azərbaycan ərazisində terror törətmək istəyən erməniləri qanunla cəza verməklə qarşı tərəfə verdi”.
Akif Nağı Azərbaycanın mina xəritələrini beynəlxalq təşkilatlar vasitəsilə qarşı tərəfdən almasının vacibliyini də vurğuladı.
