|
Avropada qazın qiyməti 600 dollara qalxır

Dünya bazarında neftin qiyməti Azərbaycan üçün arzuolunan səviyyədədir. Digər tərəfdən isə son vaxtlar qazın qiyməti artır. Belə ki, Avropa qaz bazarı yeni qiymət rekordları görməkdə davam edir və sürətlə min kubmetr üçün 600 dollara yaxınlaşır. Marja xəbər verir ki, bazar ertəsi günü İCE birjasında oktyabr ayı üçün qaz fyuçersləri 8% artaraq min kubmetr üçün 588 dollara çatıb.

Avropada təbii qaz avqustun əvvəlindən 12% və ilin əvvəlindən 195% bahalaşıb. Qazın bahalaşmasına Rusiya şirkəti "Qazprom"un Ukrayna ərazisindən əlavə nəqli öhdəsinə götürməməsidir. Nəticədə Ukrayna ərazisindən keçən ümumi tranzit 12% azalacaq ki, bu da artıq Yamal-Avropa boru kəməri ilə tədarükün iki dəfə azalması ilə, avropalı müştərilərinə problem yaradacaq. "Qazprom" gündəlik ənənəvi 84 milyon kubmetrdən, iyulun sonunda bu qaz boru kəmərindən keçən axını 50-60 milyon kubmetrə endirib və sonra zavodunda baş vermiş partlayış və yanğın nəqlin yarı yarıya azalmasına səbəb olub.

Avropa Birliyində anbarlar yarıbayarı boşdur. Qış yaxınlaşsa da yayda qaz yığmaq mümkün olmayıb.

Avropada aşağı qaz qiymətləri ən azı 2021-ci ilin sonuna qədər gözlənilmir. Qazın sürətlə bahalaşması artıq “Qazprom”un ixrac gəlirlərində kəskin sıçrayışa səbəb olub. Federal Gömrük Xidmətinin məlumatına görə, ilin ilk yarısında şirkətin gəliri 2020-ci ilin eyni dövrü ilə müqayisədə 80% artaraq 20 milyard dollar təşkil edib. .

Bəs görəsən, qazın sürətlə bahalaşmasından biz nə qədər qazanacağıq? İxrac potensialımız nə qədərdir və onu daha da  artıra bilərikmi? Avropa bazarında “Qazprom”dan başqa rəqiblərimiz varmı?

Elşad Məmmədov: “Neftə tələbat getdikcə azalacaq”

Elşad  Məmmədov

Mövzu ilə bağlı  “Yeni Müsavat”a danışan UNEC-in professoru Elşad  Məmmədov bildirdi ki, qaz qiymətlərində son həftə müşahidə edilən kəskin artım bir sıra fundamental amillərlə bağlıdır: “İlk növbədə unutmayaq ki, bir çox sahədə kəskin şəkildə qiymətlər artmaqdadır və dünya iqtisadiyyatında son dövrlərdəki artım tempi qazın da qiymətinin artmasına şərait yaradır. Onu da nəzərə almalıyıq ki, Avropa Birliyi karbohidrogendən sürətlə uzaqlaşmağa çalışır. O səbəbdən kömür və neftlə müqayisədə ekoloji baxımdan daha əlverişli olan qaza üstünlük verirlər. Bununla yanaşı, qaz emalına da tələb artır. Dünyanın aparıcı istehlakçı ölkələrində qaza tələb artmaqdadır. Eyni zamanda Avropada hasilatın kəskin şəkildə düşməsi bu bölgənin qaz idxalını xeyli dərəcədə artırır. Belə ki, Avropada qaz idxal etmək və tədarük etmək üçün mənbə yoxdur. Faktiki olaraq Avropa bir mənbədən asılı vəziyyətdədir. Bütün bunlar şübhəsiz ki, qiymətlərin sürətlə artmasına şərait yaradır”.

Bu qiymət artımının Azərbaycanın gəlirlərinə təsirinə gəlincə, E,Məmmədov bildirdi ki, ölkəmizdə qaz həcmlərinin artımı sürətlənməkdədir: “Unutmayaq ki, ölkəmizdə bu il və gələcək yaxın illərdə qaz ixracı ilə bağlı xeyli dərəcədə böyük rəqəmlərlə ifadə olunan artım prosesi müşahidə edilməkdədir. Lakin bunun dollarla ifadəsinə gəlincə, rəqəmlər bir qədər azdır. Bu isə onunla izah olunur ki, bizim əsas qaz ixrac bazarımız Türkiyədir və Azərbaycan Türkiyəyə böyük güzəştlərlə qaz ixrac edir. Ona görə fiziki həcmlə müqayisədə qazdan valyuta daxilolmalarımız dollar ifadəsində daha azdır. Amma yenə də mühüm rəqəmlərlə ifadə olunur. Mənim fikrimcə, yaxın və orta dövrdə Azərbaycanın qaz ixracından valyuta daxilolmaları 4 milyard dollar civarında olacaq. Bu, neftdən sonra qazın ikinci əsas ixrac məhsulu kimi yer almasını şərtləndirəcək”.

İqtisadçı alimin fikrincə, növbəti mərhələdə qazın daxili emala istiqamətləndirilməsi  barədə düşünmək lazımdır: “Unutmayaq ki, ildən-ilə Azərbaycanda daxili qaz istehlakı artır. Tələb kifayət qədər böyük rəqəmlərlə müşayiət olunur. Artıq işğaldan azad olunan bölgələrin Azərbaycan iqtisadiyyatına təkrar inteqrasiyasından sonra qaza tələbat daha da artacaq. Qazı xammal kimi xaricə ixrac etməklə  bir tərəfdən ölkəyə valyuta daxilolmalarını artırmış oluruq, amma biz yenə də iqtisadi baxımdan geriləmiş oluruq. Ona görə də qazın ölkədaxili emala istiqamətləndirilməsi Azərbaycanın enerji siyasətində başlıca hədəflər olmalıdır. Bütövlükdə qiymətlər hələ xeyli müddət ərzində artıma doğru gedəcək. Bizim dünya bazarındakı trendlərə nəzər salmağımıza ehtiyac var. Hazırda Avropa Birliyi kimi böyük bir bölgə karbohidrogendən əl çəkməyə çalışır, amma karbohidrogenin özünün də müvafiq spesifikliyi var. Bu onu deməyə əsas verir ki, hələ təqribən on il müddətində neftdən və kömürdən uzaqlaşmaq siyasəti gedəcək. Bu da qaza olan tələbi artıracaq. Digər tərəfdən,  çağırışlar da var, biz daxili bazarda tələbin artmasının şahidi oluruq. Tələb  bir qədər də  artacaq və sözsüz ki, qaz hasilatçısı olan ölkə kimi, bu, Azərbaycan qarşısında yeni prioritetlər formalaşdıracaq”.

Xatırladaq ki, bu ilin yanvar-iyul aylarında Azərbaycan Avropaya 773 711,28 min ABŞ dolları dəyərində 3 040 577 720 kubmetr həcmində qaz ixrac edib.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Avropaya ixrac edilən qazın 2 561 584 640 kubmetri (658 300,34 min dollar dəyərində) İtaliyanın, 344 085 150 kubmetri (96 100,99 min dollar) Yunanıstanın, 134 907 930 kubmetri isə (19 309,95 min dollar) Bolqarıstanın payına düşüb.

Bununla yanaşı, hesabat dövründə Azərbaycan Türkiyəyə 974 456,63 min dollarlıq 6 793 223 800 kubmetr qaz ixrac edib. Yanvar-iyul aylarında Azərbaycan Gürcüstana 261 704,04 min dollar dəyərində 2 094 456 690 kubmetr qaz nəql edib. Bununla yanaşı, hesabat dövründə Azərbaycan İrana 5 043,03 min dollar dəyərində 132 864 620 kubmetr qaz ixrac edib.

Məlumata əsasən, qeyd olunan göstəricilərdə hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan təbii qazın dəyərinə dair məlumatlar nəzərə alınıb.

Qeyd edək ki, Azərbaycan qazı Avropaya Trans-Adriatik qaz kəməri (TAP) ilə nəql edilir. Cənub Qaz Dəhlizinin 878 kilometrlik hissəsində qaz xətti ilə “mavi yanacağın” kommersiya məqsədli nəqlinə ötən il dekabrın 31-də başlanılıb. Xatırladaq ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə “Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq. Kəmərin potensialı onun ötürücülük gücünü iki dəfə artıraraq, ildə 20 mlrd. kubmetrə çatdırmağa imkan verir.