“Vaksin olunmasanız, uşaqları məktəbə gətirməyin. Qızımın müəllimələri zəng vurub bizə belə dedilər”.
Bu barədə Sumqayıt şəhər sakinləri “Yeni Müsavat”a bildiriblər. Onlar qeyd edirlər ki, Təhsil Nazirliyinin açıqlaması ilə müəllimlərin dediyi üst-üstə düşmür: “Nazirlik açıqlama verib ki, valideynlərin vaksin olunması tələbi qoyulmayıb. Amma müəllimlər əksini deyir. Nə edəcəyimizi bilmirik. Xahiş edirik, bu məsələdə bizə kömək edin”.
Məsələ ilə bağlı Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov Musavat.com-a bildirib ki, burada hər hansı məcburetmədən söhbət getmir: “Bu tövsiyə xarakterli ola bilər. O deməkdir ki, valideynlər də, müəllimlər də vaksinasiyada iştirak etsinlər ki, uşaqlar məktəbə rahat şəkildə gələ bilsinlər. Çünki bizim davamlı, dayanıqlı dərslərimizin yeganə çarəsi vaksinasiyadır”.
Nazirlik sözçüsü bəzi ekspertlərin, yeni dərs ilində məktəblərdə səhər idmanın bərpa olunması təklifinə də münasibət bildirib: “Bununla bağlı danışa bilməyəcəm. Bu məsələ ilə bağlı müvafiq qaydalar var. O qaydalar çərçivəsində nizamlanır. Pandemiya, karantin qaydaları rejimində bu prossesin tənzimlənməsi var. Həmin qaydalara uyğun olaraq məktəblərdə idman, yaxud da ənənvi dərslərin keçirilməsi bununla hesablanıb”.
