|
12 saniyəyə 12 ton su

Nə təyyarədir, nə də gəmi. Görənləri heyrətləndirir. Türkiyənin cənub və cənub-qərb bölgələrində tüğyan edən yanğınlarda onun adı tez-tez hallandı. Əzəməti ilə insanların, medianın diqqətini cəlb etdi. Söhbət amfibiya təyyarəsindən gedir.

Amfibiya təyyarələri sovet hərb sənayesinin ən unikal ixtiralarından hesab olunur. Həcmi və sürəti ilə hərb tarixində iz salmalı idi. Elə də oldu. Ekranoplan adlı nəqliyyat vasitəsi rusların Xəzər dənizi üzərində yüksəksürətli yük (eləcə də ekipaj) daşımasını təmin edirdi. Dəniz üzərində cəmi 4 metrlik məsafədə uça bilməsi əsas üstünlüklərindən biri hesab olunurdu, çünki bu, hava radarlarından yayınmağı təmin edirdi. Tam olaraq, suda olmaması isə gəmi-təyyarəni su radarlarından yayındırırdı. Daha bir çox xüsusiyyətləri ilə aerodinamika üzrə mütəxəssis Rostislav Alekseyevin hazırladığı nəqliyyat vasitəsi unikal hesab olunurdu. Sovet donanmasının yüzlərlə əsgərini, tonlarla yükünü daşıyan ekranoplanların ən zəif cəhəti güclü dalğalar zamanı hərəkətin riskli olması idi. 

Hərbi nəqliyyatda inqilab yaradan gəmi-təyyarə ilk dəfə 1987-ci ildə istifadə olunmağa başladı. Planda ikinci belə ekranoplan istehsalı nəzərdə tutulsa da, bu, baş tutmadı. SSRİ-nin dağılması ilə ekranoplanların istehsalı da dayanır. Ən son 90-cı illərdə istifadə olunduğu deyilir. Azərbaycan mətbuatında ötən il yayılan xəbər başlıqlarında gəmi-təyyarə yenidən xatırlandı, lakin bu dəfə nəqliyyat vasitəsi kimi yox, gələcək muzey eksponatı kimi. Sınaqlar zamanı qəzaya uğrayan, Dağıstanın Dərbənd sahillərində qalan “Xəzər dənizi canavarı” adlı  nəhəng maşın bundan sonra Moskvadakı “Partiot Park”da sərgilənəcək.

Azərbaycanın tək amfibiya təyyarəsi - Özəllikləri (FOTO)

Türkiyənin cənub, cənub-qərb bölgəsini cənginə alan meşə yanğınları amfibiya təyyarələrinin əhəmiyyətini bir daha gündəmə gətirdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınları ilə mübarizə məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğın-xilasetmə qüvvələri qardaş ölkəyə yola salınanda mətbuatda yanğınsöndürənlərimizin fədakarlığı ilə yanaşı, amfibiya təyyarəsi ilə bağlı xəbərlər də rezonans doğurdu. Türkiyə ictimaiyyəti hökuməti lazımi tədbirləri görməməkdə günahlandırdı. Yanğınların tüğyan etdiyi zamanda cəmiyyətin ən çox verdiyi suallardan biri bu idi: “Nəyə görə bizim yanğın söndürmək üçün təyyarələrimiz yoxdur?” Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlamasında ittihamların əsassız olduğunu bildirdi. Sitat: “Onların dediyi kimi deyil. Türkiyə Hava Yollarının əlində burada istifadə oluna biləcək təyyarə yoxdur”.

Rəsmilərin bildirdiyinə görə, Türkiyə Hava Yollarının kirayələdiyi helikopterlər bu miqyasda yanğınlar üçün yaramadığından, hökumət başqa ölkələrə müraciət etməli olub. Rusiya, Ukrayna və Azərbaycandan amfibiya təyyarəsi göndərilib. Və nəhayət, lazımi nəticə əldə olunub.

Türkiyəyə göndərilən amfibiya təyyarəsinin özəllikləri (FOTO)

Aviasiya eksperti Ədalət Əliyev amfibiya təyyarələrinin səmərəli olsa da, istismarının çox məbləğ tələb etdiyini bildirib:

“Mən bildiyim qədər Azərbaycanda bu təyyarədən iki ədəd var. Bu tipli mülki təyyarələr sırf fövqəladə hallar üçündür. Bildiyim qədər Rusiya mülki təyyarələrin istehsalını dayandırıb. Adətən yanğınlar zamanı xüsusi helikopterlərdən istifadə olunur. Amfibiya təyyarələrinin üstünlüyü odur ki, su tutumu çoxdur. Helikopterlər 3 ton su tutumuna malikdirlərsə, amfibiya təyyarələri bir hərəkətlə 12 ton su yığa bilir. Belə təyyarələrin istehsalı ən azı 25 milyon dollara başa gəlir. Yəni amfibiya təyyarələrinin həm istehsalı, həm də istismarı xeyli vəsait tələb edir”.

Qeyd edək ki, Azərbaycan amfibiya təyyarəsini 2008-ci ildə alıb. Fövqəladə Hallar Nazirliyinin balansında bu tipli iki təyyarə var.