|
Azərbaycan müxalifətinin Talibanla bağlı mövqeyi - fərqli baxış

Əfqanıstanda hərbi-siyasi qüvvə olan Talibanın güc yolu ilə hakimiyyəti ələ keçirməsi dünyanın diqqət mərkəzindədir. Bu ölkədə baş verənləri Azərbaycanda da izləyirlər. Həm dövlət-hakimiyyət, həm də müxalifət düşərgəsi proseslərin əfqan xalqının zərər görmədən getməsində maraqlı olduğunu bəyan edib.

Bu barədə “Yeni Müsavat”a danışan AĞ Partiyanın sədri Tural Abbaslı bildirdi ki, Əfqanıstanda uzun illərdən bəri vətəndaş müharibəsi gedir, bu və digər dövlətlər Əfqanıstanda iqtidarları dəyişir. İndi Taliban yenidən iqtidara gəldi: “Onsuz da Əfqanıstan heç zaman müstəqilliyi ilə fərqlənən ölkə olmayıb. Bizim üçün əsas məsələ əfqan xalqının seçimi olmalıdır. Orada kimin hakimiyyətə gəlməsi, kimin hakimiyyətdən getməsi əfqan xalqının daxili işi olmalıdır. Hansı qaydalarla idarə olunacaqları da əfqan xalqının seçimidir, öz biləcəkləri işdir. 

Mən inanmıram ki, Əfqanıstanda baş verən bu hadisələr Azərbaycan və digər bizim kimi ölkələrdə bir nümunə yaratsın. Çünki əfqan xalqının özünəxas bir spesifik yanaşma tərzi var. Onlar illərlə vuruşurlar. SSRİ ilə, Amerika ilə, bir-biriləri ilə müharibə aparıblar. İndi də bir-biri ilə savaş içərisindədirlər. Bizdə belə bir təhlükə yoxdur. Azərbaycan şübhəsiz ki, Əfqanıstanda baş verən prosesləri, bu proseslərin dünya siyasətində təsirlərini izləməlidir. Bu məsələlərə münasibətdə əfqan xalqının mövqeyi nəzərə alınmalıdır”. 

AMİP sədri Arzuxan Əlizadə isə bildirdi ki, Əfqanıstanda növbəti dəfə hakimiyyət dəyişikliyi baş verdi. Əslində ABŞ hərbi qüvvələrinin bu ölkədən çıxması fonunda Talibanın hakimiyyəti ələ keçirəcəyi gözlənilən idi. Sadəcə, prosesin belə sürətlə baş verməsi onu göstərdi ki, Əşrəf Qəninin rəhbərlik etdiyi hakimiyyətin dayaqları olduqca zəif imiş: “Onsuz da illər uzunu qarışıq vəziyyətin hökm sürdüyü bu ölkədə proseslərin nə zaman normallaşacağı, Taliban hakimiyyətinin bu dəfə də uzunömürlü olub-olmayacağı və ümumiyyətlə, beynəlxalq birlik tərəfindən tanınıb-tanınmayacağı ilə bağlı çoxsaylı suallar var və bu suallara nə zaman cavab tapılacağını da proqnozlaşdırmaq elə də sadə deyil.

Təbii ki, bizi əfqan dövlətinin Azərbaycanla, o cümlədən qardaş və dost ölkələr olan Türkiyə və Pakistanla münasibətləri daha çox maraqlandırır. Bildiyimiz kimi, əvvəlki hakimiyyət Azərbaycanla isti münasibətlərə malik idi və BMT, İƏT, Qoşulmama Hərəkatı da daxil olmaqla, bütün beynəlxalq platformalarda ölkəmizə dəstək verirdi. Azərbaycanın Əfqanıstanda, bu ölkənin də Azərbaycanda səfirlikləri var və ölkəmizin Əfqanıstanda iqtisadi layihələri də mövcud olub. İstərdik ki, ən azından bu münasibətlər qorunub saxlanılsın və bir qədər də inkişaf etsin. Təbii ki, bu, daha çox Əfqanıstanın yeni hakimiyyətinin yürütdüyü siyasətdən asılı olacaq".  

AMİP sədri vurğuladı ki, Azərbaycanda anoloji perspektiv mümkün deyil: “Azərbaycan kifayət qədər dünyəvi ölkədir və burada qeyri-konstitusion yolla hakimiyyət dəyişikliyinin baş verməsi mümkün deyil.  Digər tərəfdən, təcrübə də göstərir ki, inqilabların baş verdiyi ölkələr on illərlə geriyə atılır. Xüsusilə də ermənilər və onların dəstəkçiləri qismində məkrli qonşuları olan Azərbaycanda siyasilər, həmçinin vətəndaş olaraq hər birimiz ciddi surətdə bunun fərqində olmalıyıq”.