|
Kriminal aləmin daha bir üzvünə hökm oxundu - Karantin vaxtı saxlanılmışdı

Bakıda karantin qaydasını pozaraq ad günü məclisinə getdiyi üçün saxlanılan, daha sonra narkotik ittihamı ilə həbs edilən şəxs hakim qarşısına çıxarılıb. 

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda narkotik vasitə əldə etmə və satmaqda ittiham edilən Rəşad Baladadaşovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Məhkəmənin hökmü ilə Rəşad Baladadaşovun Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitə əldə etmə və satma) maddəsi ilə təqsirli bilinməsi məhkəmə tərəfindən sübuta yetirilməyib.

Ona sadəcə olaraq narkotik maddədən istifadəyə görə cəza təyin edilib. Rəşad Baladadaşov 1 il müddətinə azadlıqdan məhrum olunub.

Xatırladaq ki, Baladadaşov və daha 70-80 nəfər ötən il avqustun 17-i axşam saatlarında paytaxtın Xətai rayonunda yerləşən restoranlardan birində toplaşıblar. 

Daxili İşlər Nazirliyi həmin şəxslərin cinayət törətməyə meylli bir qrup şəxs olduğunu, xüsusi karantin qaydalarını pozaraq ad günü məclisi təşkil etdiyini qeyd edib.

Əməliyyat Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həyata keçirilib.

Daxili İşlər Nazirliyinin rəsmi məlumatında qeyd edilir ki, həyata keçirilən tədbirlər nəticəsində həmin restoranda toplaşan şəxslər, o cümlədən məclisin təşkilatçısı, paytaxt sakini Natiq Binnətov, eləcə də qeyd edilən məclisin keçirilməsinə şərait yaradan restoranın rəhbərliyi və işçiləri saxlanılaraq Baş İdarəyə gətiriliblər. Onların üzərində axtarış aparılan zaman Natiq Binnətovla yanaşı daha 4 nəfərin – Bakı şəhər sakinləri, hər biri əvvəllər məhkum olunmuş Rəşad Baladadaşov, Ruslan Abbasov, Elvin Fətullayev və Şəmkir rayon sakini Elman Məmmədovun üzərindən müxtəlif növ güclü təsiredici narkotik vasitələr aşkar olunaraq götürülüb.

Məclisdə iştirak edən digər şəxslər və restoranın rəhbərliyi karantin qaydalarını kobud surətdə pozduqları üçün onlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib və məsuliyyətə cəlb olunublar. Saxlanılan 5 nəfər isə narkotik ittihamı ilə həbs edilib.