|
142 ilin istilik rekordu qırıldı

Dünyada ciddi iqlim dəyişikliyi müşahidə olunmaqdadır. Bir çox ölkələrdə rekord istilər nəticəsində yanğınlar, quraqlıq, qəfil sellər baş verməkdədir. Beləliklə, qlobal istiləşmə iqlim böhranını daha da artırmaqdadır.

Müsavat.com xarici KİV-lərə istinadən bildirir ki, ABŞ Milli Okean və Atmosfer Araşdırma (NOAA)İdarəsi dünyada 142 ilin dağıdıcı istilik rekordunun qırıldığını açıqlayıb. Qurumdan bildirilib ki, 2021-ci ilin iyulun sonunda son iki əsrin ən isti havası müşahidə olunub. Qurumun əməkdaşı Qod Spinrad bunun yaxşı hal olmadığını deyib.

Ötən ay dünyada havanın orta istiliyi 16.7 dərəcədən çox olub ki, bu da ümumilikdə 20 -ci əsrin orta temperaturundan 0.93 dərəcə çoxdu. 2016 -cı ilin iyulunda qeydə alınmış rekord göstəricindən isə 0.01 dərəcə yüksəkdir. Qod Spinradın sözlərinə görə bu yeni arzuolunmaz rekord iqlim dəyişikliyi ilə bağlı dünya üçün növbəti dəfə həyəcan təbili çalıb.

Bu il Asiyada da iyul ayının temperaturu 2010 -cu ilin rekordunu yeniləyib. Avropada isə 2021-ci ildə qeydə alınan anomal istilər 44 ilin rekordunu təzələyib.

ABŞ-da da qlobal istiləşmə öz təsirini göstərməkdədir. Mütəxəssislər bu gün də iqlim dəyişikliyindən qaynaqlanan isti və quraqlıqla bağlı baş verən meşə yanğınları ilə mübarizə aparır. ABŞ Milli İdarələrarası Yanğın Mərkəzibu ilin əvvəlindən bəri ölkə daxilində 37 mindən çox yanğın nəticəsində 3 milyon hektardan çox ərazinin kül olduğunu açıqlayıb.