|
Voronejdə avtobusda baş verən partlayışda xəsarət alanlardan üçünün vəziyyəti ağırdır

Rusiyanın Voronej vilayətində avtobusun partlaması nəticəsində xəsarət alanlardan üçünün vəziyyəti ağırdır.

AZƏRTAC xəbər verir ki, Voronej şəhərinin “Qalereya Çijova” ticarət mərkəzi yaxınlığında sərnişin avtobusunun partlaması nəticəsində 18 nəfər xəsarət alıb, 1 sərnişin həlak olub. Partlayış nəticəsində hər iki ayağı qopmuş qadın reanimasiya şöbəsində vəfat edib. Avtobusda cəmi 35 sərnişinin olduğu bildirilir.

İlkin ehtimala görə, hadisənin avtobusdakı qaz balonunun partlaması nəticəsində baş verdiyi bildirilirdi. Lakin avtobus parkının rəhbərliyi nəqliyyat vasitəsinin dizel yanacağı ilə işlədiyini iddia edir. Hazırda avtobusda texniki nasazlıq və ya avtobusun konstruksiyasına dəyişikliklər edilməsi kimi versiyalar irəli sürülür.

Qəza ilə bağlı Rusiya İstintaq Komitəsində cinayət işi başlanıb.