|
Bir günəş eylə... Tanrının yerdəki əziz bəndəsi, Məni də mülkündə kirəkeş eylə. Artır qüvvətimi, çoxalt gücümü, Sıfırı bir eylə, biri beş eylə. Qolla fərmanını, əmrini qolla, Çıxaram sınaqdan - testini yolla, Üşüyən qəlbimə istini yolla, Odlu baxışını gur atəş eylə. Durulan gölünəm, daşan selinəm, Kölən, cangüdənin, qulun, dəlinəm, Ovcunda yupyumşaq plastilinəm, Yay məni, yenidən bir günəş eylə.
Sənsən... Sənsən əzablarla dolu qürbətim, Sənsən diz çökdüyüm vətənim mənim. Sənsən ən yaxınım, vəfalı dostum, Qanıma susayan düşmənim mənim. Cəhənnəmim də sən, cənnətim də sən, Gah nəğmə oxuyan, gah ağı deyən. Ağır əzablardan tir-tir titrəyən, Ruhtək rahatlaşan bədənim mənim. Sən - gecəm-gündüzüm, sən - toyum-yasım, Sənsən dar ağacım, sənsən xilasım. Əynimə oturan ən düz libasım, Boyuma biçilən kəfənim mənim.
Bəsdi Neçə ay içindən çıxa bilmədim: Türmədi, məhbəsdi, qəfəsdi - bəsdi. Gözümün yaşını yığa bilmədim, Kürdü, Həkəridi, Arazdı - bəsdi. Keçdim, qucağında xoş dəmi keçdim, Sevinci, kədəri, dərd-qəmi keçdim, Ruhumla bir sirli aləmi keçdim, Vergidi, cadudu, nəfəsdi - bəsdi. Sultandın, çevrildi taxt, sona yetdi, Tale bağışlayan baxt sona yetdi, Tanrının verdiyi vaxt sona yetdi, Sevgidi, maraqdı, həvəsdi - bəsdi!
Bəsdi nədir? Heç nə sona yetən deyil, Bu eşqə qəfəs bilmərəm. Bu ruhumda, bu halımda, Barmağımı kəs, bilmərəm. Əzabı da şirin dadır, Çoxdan sızıb, qanımdadı. Ruhu hər an yanımdadı, Ayrı səda, səs bilmərəm. Mənəm işıq dəstələyən, Yüz-yüz nəğmə bəstələyən, Kimdi orda "bəsdi" deyən, Bəsdi nədi? "Bəs" bilmərəm.
İçəridən əyildinsə Ha dik dayan, ha düz yeri. Görək necə keçəcəksən Ömründəki qəliz yeri? Dərd gələcək qucaq-qucaq, Yandıracaq ocaq-ocaq. Yaddaşında sızlayacaq Ağrılardan min iz yeri. Odur sənə dərman-ilac, Gördün ki, yox başqa əlac, Əlindən tut, üstünə qaç, Diri tərpən, di tez yeri.
Çıxmışam Bu əzabın zülmətindən, Dipdiri, oyaq çıxmışam. Ürəyimdə dəli bir eşq, Dilimdə "Allah" çıxmışam. Üstümdə Tanrı nəfəsi, Üzümdə sevda həvəsi, Dağıtmışam dar məhbəsi, Ölməmişəm, sağ çıxmışam. Keçdim çətin mərhələdən, İnildədi, əsdi bədən. Bu onballıq zəlzələdən Bir boy qalxıb dağ çıxmışam.
Məni anla Bir gün sevgi, bir gün nifrət, Fikrim atıb-tutur məni. Bir baxışı gəl-gəl deyir, Bir gülüşü satır məni. Anlamıram bu kələyi, Qorxur nədən, sevir nəyi? Bədəni, beyni istəyir, Qəlbi niyə atır məni? Bu olaya qalmışam mat, Tanrım, sənsən indi nicat. Ya bir yolluq sirrin anlat, Ya bir yolluq bitir məni.
Mələyim... iblisim... Hamıdan çətinsən, hamıdan asan, Əzabın məşəqqət, sevincin dərman. Gah həyat verirsən, gah qətlə fərman, Əzizim, ən yaxşım, ən pisim mənim. Gah geniş çəmənsən, gah qara zindan, Gah qatil olursan, gah da ki qurban. Gah göydə yaşadan, gah yerə çırpan, Ruhum, azadlığım, məhbəsim mənim. Gördüm gecəsini, gündüzünü də, Yaxşının, yamanın hər üzünü də. Axır bircə dəfə gəl düzünü de, Allahım, mələyim, iblisim mənim.
Xoş gəlib Xoş gəlib dağlara, səfa gətirib, Bəxtəvər eyləyib Leriki gözəl. Ayağı dəydiyi torpaq sevinir, Gəzir hər yamacı, hər diki gözəl. Udsun dağ küləyi, dağ havasından, Dadsın dağ neməti, dağ səfasından, Sıyrılsın günəştək öz yuvasından, Olsun həmənki qız, həmənki gözəl. Yaddaşı dincəlsin, özün yormasın, Beynini hər türlü fikir sarmasın, Bir sözdən yüz cürə söz çıxarmasın, Baxmasın üzümə çəpəki gözəl.
Əsəb dərmanı İldırımtək gedirdin, Qəfildən qucaqladı. Dayanası deyildin, Səni yaman haqladı. Ləngidi yerişlərin, Addımların laxladı. Zamanı yavaşıtdı, Vaxtı tutub saxladı. Bildin, bütün günahlar İti qaçan vaxtdadı. Əlacın kimyəvidi, Sakit halın saxtadı.
O Baxma ki, sakit dayanıb, Qəfildən götürər səni! Qoparıb dostdan, tanışdan Evindən itirər səni. Qaldırıb göyün qatına, Mindirər şahlıq atına. Dad gətirib həyatına, Cənnətə yetirər səni. Əlində yarağın qalmaz, Dəftərin, varağın qalmaz, Heç nəyə marağın qalmaz, İşini bitirər sənin. Quruyarsan bulaq kimi, Bezər, doyar uşaq kimi, Bir qırıq oyuncaq kimi Qaytarıb gətirər səni!
Tapardım Beyninə girsəydim bir saatlığa Bütün suallara cavab tapardım. Bu qəliz, mürəkkəb tapmacaların Açmasını səndən qabaq tapardım. Birini seçərdim - ayrılmaq üçün, Başqa bir fikrini - bir qınaq üçün, Bəlkə də təzədən vurulmaq üçün Bir isti, bir kövrək bucaq tapardım. Bəhanə axtarıb gündə yüz kərə Dözərdim hər gələn qəza-qədərə. Bütün elədiyin dəliliklərə, Min günah içində savab tapardım, Vallah axtarardım, vallah, tapardım. Cia.az |
