Yaponiyada koronavirusa yoluxma nəticəsində ağır vəziyyətdə olan xəstələrin sayında antirekord qeydə alınıb – 1478 nəfər.
AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiyanın Səhiyyə, Əmək və Sosial Təminat Nazirliyi məlumat yayıb. Bildirilir ki, bu, pandemiya başlayandan bəri qeydə alınan ən yüksək göstəricidir. Son sutka ərzində belə xəstələrin sayının 74 nəfər artdığı da qeyd edilir. Bundan əvvəlki antirekord mayın 25-də qeydə alınıb və həmin vaxt ağır vəziyyətdə olan xəstələrin sayı 1413 nəfər təşkil edib.
Qeyd edək ki, son həftədə Yaponiyada koronovirusun yayılması ilə əlaqədar vəziyyət pisləşib. Sutkalıq yoluxma sayı hər gün yeni rekord göstərir. Hökumət mütəxəssislərinin rəyinə görə, həm ölkə ərazisində, həm də paytaxtda səhiyyə sistemində böyük gərginlik yaşanır.
Ötən həftə Yaponiyada koronavirusa yoluxanların ümumi sayı 1 milyon nəfəri ötüb. Onlardan 15300-nün həyatını itirdiyi qeyd edilir.
