İqtisadiyyat naziri Mikayıl Cabbarov özünün Twitter səhifəsində əlvan və qara metal yataqlarının işlənməsinin ölkə iqtisadiyyatına 2035-ci ilədək gətirəcəyi mənfəəti dəyərləndirib. Nazirin yazdığına görə, söhbət 13 milyard dollara yaxın bir məbləğdən gedir. Bu nəticə filiz-mədən sənayesinin operatoru AzerGold QSC-nin 2020-2035-ci illər üçün inkişaf strategiyasının analizinə əsaslanır. Şirkət 2022-ci ilin sonunadək 5 qızıl yatağının, 2029-cu ilədək isə daha 4 əlvan metal yataqlarının istismara verilməsini planlaşdırır.
AzerGold-un planları arasında mis istehsalı xüsusi yer tutur. 2028-ci ilədək 4 mis yatağından hasilata başlanması proqnozlaşdırılır.
Qeyd edək ki, dünyanın insana ən tez məlum olan metallarından biri olan misdən sənayenin çoxsaylı sahələrində istifadə olunur. Plastikliyi, yüksək enerji ötürücülüyü və istiyədavamlılığı sayəsində mis elektrotexnika, boru və avtomobil istehsalı, kimya sənayesi, tibb, arxitektura və yuvelir sənayesi kimi sahələrdə əvəzolunmazdır. Qlobal səviyyədə misin 43 faizi tikintidə, 20 faizi elektrik enerjisi sektorunda, 20 faizi nəqliyyat sahəsində, 10 faizi əsas istehlak məhsullarında, 7 faizi istehsal avadanlıqlarında istifadə olunur.
2020-ci ildə misin orta dünya bazar qiyməti 1 ton üçün 6169 dollar təşkil edib. İlin sonuna yaxın qiymət 8 min dollara qədər bahalaşıb. İlin ikinci rübündən etibarən dünyada misə tələbat kəskin artmağa başlayıb. Buna səbəb pandemiyanın ağır təsirlərindən ilk qurtaran Çində iqtisadi artımın, sənaye istehsalının sürətlənməsidir. Dünyada misin ən böyük istehlakçısı olan ölkədə (54 faiz) 2020-ci ildə istehlak 8-9 faizədək artıb. İl ərzində ölkə 2019-cu ildəkindən 30 faiz çox - 4,5 milyon ton təmizlənmiş mis idxal edb. Əvəzində hurda halında misin idxalı 35 faiz azalaraq 0,8 milyon tona düşüb. Mis konsentratlarının idxalı isə cəmi 1 faiz azalmaqla 5,4 milyon ton təşkil edib. Ölkə üzrə təmizlənmiş mis istehlakı isə 4 faiz artmaqla 12,5 milyon ton olub.
İnkişaf etmiş ölkələrdən Avropa Birliyində misə tələbat 2020-ci ildə 5,7 faiz, Şimali Amerikada 7,2 faiz, Orta Şərqdə 8,9 faiz, Çin istisna olmaqla Asiyada 10 faiz azalıb. Lakin bu ilin birinci yarısının göstəriciləri tələbatın kəskin artımının baş verdiyini göstərir.
Pandemiya ilində dünyada təmizlənmiş mis istesalı 2 faiz artmaqla 23,9 milyon təşkil edib. Bunun 9,16 milyon tonu Çində(dünya istehsalının 38 faizi) istehsal olunub. Dünya üzrə mis hasilatı 2020-ci ildə 1,5 faiz azalmaqla 20,6 milyon ton olub.
Dünyada misin ən böyük istehsalçısı Çilidir - 2020-ci ildə 1 faiz azalma ilə 5,8 milyon ton, ikinci yerdə gələn Peruda 13,5 faiz azalma ilə 2 milyon ton məhsul istehsal edilib. Afrikada isə istehsal 6 faiz artımla 2,59 milyon tona çatıb. Çin isə hasilatı 4 faiz artırmaqla 1,8 milyon tona çatdırıb. Şimali Amerikada isə hasilat 2 faiz azalmaqla 2,58 milyon tona düşüb.
Qlobal statistikadan aydın olur ki, misin aşkarlanmış mövcud ehtiyatları 2019-cu il səviyyəsindəki istehlakla dünyanın tələbatını 42,89 il qarşılaya bilər. İndiyədək hasil olunmayan qlobal mis ehtiyatlarının həcmi təxminən 3 milyard ton hesablanır.
Yaxın onillikdə misə tələbatın davamlı artım nümayiş etdirəcəyi proqnozlaşdırılır. Bu artımı elektromobil və alternativ enerji istehsalı sahələrindəki yüksəliş təmin edəcək. Belə ki, əgər 2019-cu ilədək dünyada misin 13 faizi nəqliyyat vasitələrinin istehsalında istifadə olunurdusa, həmin il bu göstərici 20 faizə çatıb. Bu sahədə istehsalın sürətli artımı 2030-cu ilədək yalnız burada illik mis istehlakını 8 milyon tona qədər artıra bilər. Hesablamalara görə, elektromobil, elektrik enerjisi və tikinti sahələri birlikdə misə olan qlobal tələbatı ildə 415000 ton artıracaq.
Misin çox cüzi itki ilə təkrar emal olunması imkanı bu metalın tullantısız istifadəsini təmin edir. Hesablamalara görə, misin təkrar emalının maya dəyəri onun hasilatından 35 faiz ucuz başa gəlir. Buna görədir ki, məsələn, ABŞ-da mis istehlakında filizdən hasilatın 12 faizə qədəri həcmində təkrar emal məhsulundan istifadə olunur. Avropada bu göstərici 50 faizə, dünyada üzrə isə 29 faizə çatır.
Beynəlxalq mərkəzlərin hesablamalarına əsasən tələbatın artması fonunda yaxın 5 ildə misin 1 tonu 10 min dollara qədər bahalaşacaq. Bu isə mis hasilatı və istehsalını indikindən bir neçə dəfə rentabelli edəcək. Nəticədə yaxın illərdə hasilata yatırımlar sürətlə çoxalacaq.
Azərbaycanda mis istehsalı 19-cu əsrdən başlanıb: Gədəbəydə qızıl-gümüşlə yanaşı, mis hasilatı da həyata keçirilib. Hazırda da bu rayonda misin hasilatı davam edir. Azərbaycanın mis ehtiyatları əsasən Balakən-Zaqatala, Gədəbəy, Qarabağ və Ordubad filiz rayonlarında cəmləşib. Coğrafiya İnstitutunun məlumatına əsasən Balakən-Zaqatala filiz rayonunda misin əsas ehtiyatları mis-kolçedan, kolçedan-polimetal tipli, Kiçik Qafqaz və Naxçıvan qırışıqlıq zonasının filiz rayonlarında isə əsasən mis-porfir, molibden-mis-porfir və qızıl-mis-kolçedan tipli yataq və təzahürlərdə cəmləşib.

Azərbaycanda ən böyük mis yatağı Balakən rayonu ərazisində yerləşən Filizçay yatağı hesab olunur. Ötən əsrin 50-ci illərində aşkarlanan yataq ehtiyatlarına görə Avropada ikincidir və dünyada 10 ən iri polimetal mədən siyahısına daxildir. Yatağın xarici ekspertlər tərəfindən beynəlxalq standartlara əsasən təsdiqlənmiş filiz ehtiyatlarının həcmi 60 milyon tondur. Geoloji kəşfiyyat işləri hazırda da davam etdirilir və aparılan tədqiqatlar nəticəsində yatağın ümumi filiz ehtiyatlarının 120 milyon tona çatdırılması gözlənilir. Yataqda sink, qızıl, gümüş, mis və qurğuşun kimi qiymətli və əlvan metallar mövcuddur.
AzerGold-un hesablamalarına görə, Filizçay yatağının işlənməsindən 7 milyard dollara qədər mənfəət götürəcək. QSC-dən verilən məlumata görə, layihədən asılı olaraq bilavasitə hasilat işlərinə başlamazdan öncə yatağın kəşfiyyat və istismara hazırlıq işlərinə orta hesabla 5-8 il vaxt tələb olunur: “Bütün bunlar nəzərə alınaraq, ”Filizçay" yatağının istismara verilməsi ilk olaraq 2027-ci ilə planlaşdırılsa da, “AzerGold” QSC tərəfindən layihənin icrasının optimallaşdırması nəticəsində istismara əvvəlcə planlaşdırılan müddətdən iki il daha tez - 2025-ci ildə başlamaq mümkün olacaq. “Filizçay” yatağının 2052-ci ilə qədər 27 il nəzərdə tutulmuş istismar dövrü ərzində ölkə iqtisadiyyatına milyardlarla vəsaitin cəlb edilməsi planlaşdırılır. Bundan əlavə, yatağın istismarı 1000-dən çox yeni iş yerinin açılması deməkdir".
Mislə zəngin daha bir yataq Filizçay yaxınlığında yerləşən Mazımçay yatağıdır. 1984-2000-ci illərdə yatağın qiymətləndirilməsi aparılıb. Qiymətləndirilmiş resursları 414,4 min ton təşkil edən orta miqyaslı Mazımçay yatağının filizlərində mis üstünlük təşkil edir.

Ümumilikdə Azərbaycan Respublikası Faydalı Qazıntı Ehtiyatlarının Dövlət balansında 8 mis və kompleks filizlər yatağı qeydə alınıb.
Hələlik Azərbaycanda mis istehsalı cüzi rəqəmlərlə ifadə olunmaqdadır. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin 6 ayında ölkədə 1338,3 ton mis filizləri və konsentratları istehsal olunub. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,8 faiz çoxdur. İyulun 1-i vəziyyətinə anbarlarda hazır məhsul ehtiyatının həcmi 376,9 ton olub. 2020-ci ildə mis filizləri və konsentratları istehsalında 19,4 faizlik artım qeydə alınmaqla 2641,6 ton təşkil edib.
İstehsal daxili tələbatı təmin etmədiyinə görə Azərbaycana mis və mis məmulatlarının idxalı kifayət qədər böyükdür. Rəsmi statistikaya görə, ötən il Azərbaycan xaricdən 17523,18 ton mis filizləri və konsentratları idxal edərək buna 19 milyon 771,21 min dollar sərf edib. Bundan əlavə, 285,64 ton saflaşdırılmamış mis, elektrolit saflaşdırıcılar üçün mis anodların idxalına 1517,54 min dollar, 725,12 ton saflaşdırılmış misdən katodlar və katod biçmələrinin idxalına 4893,74 min dollar(il ərzində bu məhsulun ölkədən ixracı 6111,12 min dollar dəyərində 1125,83 ton təşkil edib), 734,5 ton saflaşdırılmış misdən vayerbarslar (məftil hazırlanması üçün metaldan tökmə biçmələr) idxalına 4688,32 min dollar sərf olunub. Mis filizləri və konsentratlarını əsasən İsveçrə (12423,23 ton) və Özbəkistandan (5075,72 ton) idxal etmişik.
Ötən il ümumilikdə mis və ondan hazırlanan məmulatların ixracının həcmi 24154,06 min dollar, idxalının həcmi isə 28181,09 min dollar təşkil edib.
İşğaldan azad olunmuş ərazilərdə yalnız yaşıl enerjidən istifadə olunacağını, dünya və regional bazarın tələblərini nəzərə alsaq, Azərbaycanın yaxın 5-10 il ərzində yalnız mis istehsalı və ixracından milyardlarla dollar gəlir əldə etməsi kifayət qədər real hədəflər sayıla bilər. Belə ki, qonşu Türkiyə misin iri idxalçılarından biridir. Ölkədə hasil olunan mis daxili tələbatın 55 faizə yaxınını qarşılayır, 45 faiz isə idxal hesabına təmin olunur. Bu idxal Türkiyəyə xeyli uzaqda yerləşən Qazaxıstan və Özbəkistandan reallaşdırılır. Onun illik həcmi 300 milyon dollardan yuxarıdır. Bu isə o deməkdir ki, Azərbaycanda hasil olunacaq mis rahatlıqla Türkiyə bazarında reallaşdırıla bilər.

Azərbaycan əlvan və qiymətli metal yataqlarını Türkiyə şirkətləri ilə birgə işləməyə qərar verib. Bu ilin iyununda Azərbaycanın işğaldan azad edilmiş Kəlbəcər rayonu ərazisində yerləşən 3 filiz yatağı Türkiyə şirkətlərinə verilib. Prezident İlham Əliyevin bununla bağlı imzaladığı sərəncama əsasən, Kəlbəcər rayonunda yerləşən Qaşqaçay, Elbəydaş və Ağduzdağ filiz yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və istismarını 30 il müddətində Türkiyə şirkətləri həyata keçirəcək.
Belə ki, Qaşqaçay filiz yatağında “Eti Bakır A.Ş.”, Elbəydaş və Ağduzdağ filiz yataqlarında isə “Artvin Maden A.Ş.” şirkəti işləyəcək. İşlənmənin detalları Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə İqtisadiyyat Nazirliyi ilə birlikdə 3 ay müddətində hazırlayaraq türk şirkətləri ilə imzalayacaqları müqavilələrdə əksini tapacaq.
Beləliklə, Azərbaycan potensial alıcı olan ölkənin ən böyük mis hasilatçıları ilə səmərəli əməkdaşlıq münasibətləri qurub. Bu isə ölkədə hasil olunması nəzərdə tutulan mis həcmlərinin rahatlıqla reallaşdırılması üçün əlverişli zəmin deməkdir.
