|
“30 ildə Dumada bir azərbaycanlı deputat niyə olmayıb” müəmması - reaksiyalar

Sentyabrın 17, 18 və 19-da rusiyalılar parlamentin aşağı palatasının və 39 region parlamentinin üzvlərini, eləcə də doqquz regionun qubernatorunu seçəcəklər. Müxalifətin və bir sıra müxalif qurumların “xarici agent” hesab olunaraq, seçkilərdə iştirakdan kənarlaşdırılmasına görə ATƏT Rusiya Dövlət Dumasına sentyabrda keçiriləcək seçkini izləməyə müşahidəçi göndərməyəcək.

Belə bir qərar son 30 ildə ilk dəfə verilir və Rusiya hakimiyyətinin qoyduğu “böyük məhdudiyyətlər”lə izah olunur. Qurumun avqustun 4-də verdiyi açıqlamaya görə, Rusiya hakimiyyəti koronavirus pandemiyasını əsas gətirərək beynəlxalq müşahidəçi sayını azaldıb.

Azərbaycanla həm strateji müttəfiqi, həm də bir neçə milyard dollarlıq iqtisadi dövriyyəsi olan  ölkədəki seçkilərə qatılanlar sırasında yenə də azərbaycanlıların adına rast gəlinmir. Sirr deyil ki, azərbaycanlıların Rusiyanın siyasi həyatında çəkisi azdır. Bu da əslində narahatverici məqamdır. Amma bu ölkədə azərbaycanlı olan yüzlərlə alim, həkim, tanınmış iş adamları, diaspora nümayəndələri, eləcə də ən müxtəlif sahələrdə çalışan soydaşlarımız varsa, onların ölkənin siyasi həyatına cəlb edilməməsi haqlı suallar doğurur.

Qeyd edək ki, Çar Rusiyası zamanı Əlimərdan bəy Topçubaşov, İsmayıl xan Ziyadxanov, Əbdürrəhim bəy Haqverdiyev, Məmmədtağı Əliyev,  Əsədulla bəy Muradxanov, Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Mustafa Mahmudov, Məhəmməd ağa Şahtaxtinski və Zeynal Zeynalov Dumanın üzvləri olub. SSRİ dövründə də SSRİ Ali Sovetinin üzvləri sırasında azərbaycanlılar olub. 450 yerlik müasir Dövlət Dumasının tarixində isə azərbaycanlıların  heç vaxt deputat mandatı almaması təkcə soydaşlarımızın siyasi proseslərdə zəif fəallığı ilə izah edilə bilməz. Bəs o zaman azərbaycanlıların Rusiyanın siyasi həyatında fəallığını, qanunverici orqanda təmsilçiliyini əngəlləyən səbəblər hansılardır? Bu, dövlət siyasətidir, yoxsa azərbaycanlılar siyasi partiyaların həyatında iştirakda maraqlı deyillər? Rusiyada çox mütəşəkkil olan erməni lobbisinin bu işdə “barmağı” varmı?

Tofiq Abbasov: “İslamafobiya qlobal savaşa gətirib çıxara bilər”

Tofiq Abbasov 

Politoloq Tofiq Abbasov “Yeni Müsavat”a bildirdi ki, bu vəziyyət daha çox azərbaycanlıların problemidir. Azərbaycanlıların icmaları həm Rusiyada, həm də digər postsovet ölkələrinin əksəriyyətində siyasi proseslərdə fəal deyillər: “Azərbaycanlılar Rusiyada birləşib seçkilərdə, siyasi proseslərdə aktiv iştirak etmək əvəzinə, bir-biri ilə vuruşurlar, bir-birinin biznesini qısqanclıqla qəbul edirlər, bir-birilərinə maneçilik törədirlər. Bir neçə il öncə Azərbaycandan böyük media qrupu və mədəniyyət nümayəndələrinin Rusiyanın Nijni Novqorod şəhərinə səfəri olmuşdu. Mən də iştirak edirdim. Şəhərin mərkəzi stadionunda bizim müğənnilərin, rəqs ansamblının konserti olmalı idi. Orada polis orqanları üçün gücləndirilmiş iş rejimi tətbiq edilmişdi. Hətta atlı polislər, xüsusi itlər əraziyə gətirilmişdi. Bir yüksək rütbəli polis zabitindən səbəbini soruşdum. Bu gün burada terror aktı təhlükəsinin olduğu barədə xəbərdarlıq aldıqlarını dedi. Xəbərdarlığı da Rusiyada yaşayan azərbaycanlılardan aldıqlarını bildirdi. Zabit qeyd etdi ki, bir qrup başqa bir qrupla yola getmir. Ona görə də bu cür əməllərə əl atmaq istəyirlər. Bu fakt bir daha mənə göstərdi ki, rəqabətdə olan azərbaycanlıların qrupları bir-birini bütün vasitələrlə vururlar. Bu vəziyyət isə onlara siyasi proseslərdə aktiv olmağa imkan vermir. Ümumi maraqları önə çıxarmağa şəxsi maraqlar, qrup maraqları imkan vermir. Bu, bizim ən zəif yerimizdir. Rusiyadakı 2 milyon azərbaycanlının kəmiyyət göstəricisini keyfiyyət göstəricisinə çevirmək mümkün olmur. Azərbaycanlılar ölkə hüdudlarından kənarda yaşayırlarsa, onların üzərinə böyük məsuliyyət düşür. Onlar gərək Azərbaycanın səfirləri kimi özlərini aparsınlar, yerli icmalarla sıx əməkdaşlıq etsinlər, özlərini müsbət tərəfdən ifadə etsinlər. Vəziyyəti dəyişmək istəyiriksə, ilk növbədə özümüzdən başlamalıyıq. Rusiyanın siyasi həyatında azərbaycanlıların iştirakçılığının çox aşağı olması və ya heç olmaması Rusiyanın dövlət siyasəti deyil. Bizim soydaşlarımız aktiv olsalar, siyasi həyatda iştirak etsələr onların heç də hamısının qarşısını kəsməyəcəklər. Bu 30 ildə bir nəfər də olsun azərbaycanlının Dövlət Dumasında yer almaması Rusiyanın üzərinə düşən məsuliyyət deyil, azərbaycanlıların üzərinə düşən məsuliyyətdir. Azərbaycanlılar gərək Rusiyada siyasi, intellektual sahəyə də nüfuz etsinlər. İş adamlarımız savadlı gənclərimizə kömək etməlidirlər ki, onlar önə çıxsınlar”.

T.Abbasov qeyd etdi ki, azərbaycanlıların siyasi aktivliyinin olmaması və bir-biri ilə qrup maraqları səviyyəsində mübarizəsindən Rusiyadakı güclü erməni diasporu istifadə edir. Azərbaycanlıların Rusiya cəmiyyətində nüfuzdan düşməsi üçün bütün gücləri ilə çalışırlar.

Sərdar Cəlaloğlu: "Qurban Məmmədov İsgəndər Həmidovu, İsgəndər Həmidov da  onu agent adlandırdı" - MÜSAHİBƏ

Sərdar Cəlaloğlu

ADP sədri Sərdar Cəlaloğlu isə hesab edir ki, azərbaycanlıların Rusiyanın siyasi həyatında iştirak etməməsində həm Rusiyanın dövlət siyasətinin təsiri var, həm də azərbaycanlıların özlərinin siyasi həyatda iştirakda maraqlı olmamasının: “Rusiyanın dövlət siyasətinin azərbaycanlılara hansı münasibətdə olduğu məlumdur. Bu siyasət azərbaycanlıların siyasətdə olmasını məqbul hesab etmir. Eləcə də Rusiyada yaşayan azərbaycanlılar özləri siyasətdən uzaq dayanırlar, siyasi proseslərdə iştirakda maraqlı deyillər. Azərbaycanlılar orada qeyri-siyasi həyat tərzi yaşamağı üstün tuturlar. Nəticə də göz önündədir. 2 milyondan çox azərbaycanlıdan bir nəfər də olsun Rusiya Dövlət Dumasında deputat olmayıb”.

Bəs Azərbaycanın hakim partiyası olan YAP Vladimir Putinin lideri olduğu Vahid Rusiya Partiyasından da azərbaycanlıların deputatlıq yarışına qatılmamasından narahat deyilmi?

YAP-ın deputatı Aydın Mirzəzadənin cavabı belə oldu: “Biz çox istərdik ki, azərbaycanlılar Rusiyanın müxtəlif hakimiyyət orqanlarında, siyasi partiyalarında daha geniş təmsil olunsunlar. Mənə ünvanladığınız ”Nədən daha geniş təmsil olunmamalar" sualına gəlincə, qoy bu suala orada yaşayan soydaşlarımız cavab versinlər".