Bu günlərdə Azərbaycan Cüdo Federasiyası milli komandamıza yeni məşqçilər təyin edib. Baş məşqçi vəzifəsində Pekin Olimpiadasının və açıq dünya çempionatının bürünc mükafatçısı Mövlud Mirəliyev çalışacaq. Baş məşqçinin köməkçiləri – Elçin İsmayılov, Elxan Rəcəbli, Şümşad Bəhramov, İlham Məmmədov və Zaur Babayev olacaqlar.
Yeni təyinatlarla bağlı münasibət bildirən Azərbaycan Cüdo Federasiyası İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, ustalar və veteranlar arasında dünya və Avropa çempionatlarının qalibi Azər Əsgərov bunları deyib: “Mən veteran cüdoçu kimi, bu qərarı bəyənir və alqışlayıram. İnanıram ki, onlar Azərbaycan cüdosunun şöhrətini bərpa etmək, yüksək nailiyyətlər qazanmaq üçün əzmkarlıq göstərəcəklər. Mövlud Mirəliyevin Olimpiya təcrübəsi var və onun yeni Olimpiya ümidlərimizin yetişməsinə töhfə vermək imkanları böyükdür. Köməkçiləri də tanınmış, təcrübəli və usta idmançılardır”. Azər Əsgərov hesab edir ki, onların arasında Azərbaycan cüdosunun daha bir tanınmış simasının – Sidney Olimpiadasının iştirakçısı, dünya və Avropa çempionatlarının mükafatçısı Rəsul Səlimovun da olması məqsədəuyğun olardı: “Əminəm ki, Rəsul öz təcrübəsi, istedadı və idmançı keyfiyyətləri ilə məşqçilər heyətinin fəaliyyətini daha da gücləndirə bilər.”
Veteran cüdoçu bütün bunlara baxmayaraq Federasiya rəhbərliyinin milli komandanı məhz milli heyətə etibar etməsini təqdirəlayiq hesab edir. O, müxbirimizə açıqlamasında onu da vurğulayıb ki, uğurlu nəticələr yaxın vaxtlarda özünü göstərəcək.
