“Mən bir aydır deyirəm ki, Azərbaycana qarşı müharibə və Qarabağdan imtina etməmək prinsipləri Ermənistan üçün konstitusiya vəzifəsidir. Buna görə də erməni siyasətçilərin və hərbçilərin bu vəzifəni icra etməyəcəyinə ümid etmək sadəlövhlük olardı. Onlar öz ölkələrinin qanunları çərçivəsində ciddi fəaliyyət göstərirlər, Rusiya sülhməramlıları isə bu işdə onlara de-fakto kömək edirlər”.
Bunu rusiyalı tanınmış tarixçi alim və analitik Oleq Kuznetsov deyib. Ona görə də o hesab edir ki, Azərbaycan Ordusu Ermənistanın təşəbbüsü ilə Qarabağda hər hansı hərbi-siyasi gərginləşmə yaranmasına hazır olmalıdır. Onun sözlərinə görə, əlbəttə ki, heç bir genişmiqyaslı hərbi əməliyyatlardan söhbət gedə bilməz, amma Ermənistanın taktiki qruplarının kifayət qədər böyük silahlı təxribatına hazır olmaq lazımdır.
Söhbət hansı silahlı təxribatlardan gedir, ermənilər nəyə hazırlaşır, Kuznetsov bizi nə barədə xəbərdar etmək istəyir?

Emin Həsənli: “Azərbaycan Ordusu ilə zarafat etmək olmaz”
Qeyd edək ki, son günlər Ermənistandan Qarabağa silahlı dəstələrin atıldığı barədə məlumatlar yayılır.
Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli rusiyalı tarixçinin dediklərinə bu cür mövqe sərgilədi: “Biz kimlə qonşu olduğumuzu yaxşı bilirik. Bu qonşu Gülüstan və Türkmənçay müqaviləsindən sonra Çar Rusiyanın gətirib bura yerləşdiriyi qonşudur. Dünyanın dörd tərəfində köçəri yaşayan bir milləti gətirib Qafqaza toplayıblar. Dünya gücləri onlara dövlət yaratmaqda dəstək oldular. Ortada müqavilə var və bunun üzərindən vaxt itirmədən sərhədlərimizi müəyyənləşdirməliyik. 10 noyabr və 11 yanvar müqavilələrinə əməl olunmalı, yollar açılmalı, əlaqələr qurulmalıdır. Faktiki bu müqavilə Rusiyanın iştirakı ilə baş tutub və bölgədə rus sülhməramlıları var. Azərbaycan qarşısına qoyduğu hədəfləri məcburən həyata keçirəcək. Biz SSRİ dövründəki sərhədlərdən söhbət edirik. Ermənistan buna əməl etməyəcəksə, biz SSRİ yaranmamışdan əvvəlki sərhədlərə qayıtma yolunda addımlarımızı atacağıq. Vaxtilə ermənilərə 9 min kvadrat kilometr torpaq verilib. Biz Zəngəzur, Göyçəni də qaytaracağıq. Ya da ermənilər bütünlüklə buradan rədd olub çıxıb getməlidirlər. Onlar bura gələndən bölgədə müharibə, soyqırım, separatizm, işğal var. Azərbaycanlılara qarşı bütün cinayətlər həyata keçirilib. Beynəlxalq hüquqla ən ağır cinayətlərə yol verilib. Bu məsələləri Azərbaycan dövləti kökündən birdəfəlik həll edəcək. Cinayətlərini zaman-zaman beynəlxalq güclərin dəstəyi ilə həyata keçiriblər. İndi güclü Azərbaycan dövləti, ordusu var.
Xalqımız onları yaxşı tanıyır. Eyni zamanda tarixdən çıxış edərək xalqımız rus sülhməramlılarının obyektiv mövqe tutacağına inanmır. Hesab edirik ki, Rusiya artıq bu məsələlərdən əl çəkməlidir. Əvvəlki siyasəti ilə getməməlidir. Vətən müharibəsi göstərdi ki, Azərbaycan öz torpaqlarını azad etməyə qadirdir. Ermənilər siyasətlərini davam etdirsələr, bütövlükdə bölgədən rədd olub gedəcəklər. Rusiya sülhməramlılarının vəzifədir ki, regionda sülhü qorusunlar. Amma unutmamalıdırlar ki, onlar bura daimi gəlməyiblər. Müqavilə var və bu müqavilə ilə üzərlərinə öhdəlik götürüblər. Rus sülhməramlıları Qarabağda erməni icmasını qorumağa gəlməyiblər. Hər iki tərəfin təhlükəsizliyini qorumaq öhdəliyi götürüblər. Bunu etməyəcəklərsə, o zaman sual olunur ki, burada nə işləri var? Unutmasınlar ki, yenidən əməliyyatlar başlasa, bu Ermənistan üçün heç də yaxşı qurtarmayacaq. Artıq səbir kasamız son günlərdəki atəşkəsin pozulma hallarının artması ilə aşıb daşmaqdadır. Regionda mütləq sabitlik bərpa olunacaq. Bölgədə Türkiyə-Azərbaycanın böyük əməkdaşlığı var. Hər şey yoluna düşəcək. Zaman sübut etdi ki, Azərbaycan Ordusu ilə zarafat etmək olmaz".
Hərbi ekspert Ruslan Mustafayev: “Bu cür məlumatların olması müxtəlif istiqamətlərdə hesablanıb. Azərbaycan torpaqlarını artıq işğaldan azad edib. İndi əsas olan daxili təhlükəsizlik məsələləridir. Ermənilər antiterror əməliyyatların başlanmasına şərait yaradan təxribatlara yol verirlər. Azərbaycan əleyhinə olan məlumatların dövriyyə buraxılması hallarına da rast gəlirik. Belə məlumatlara bir o qədər də əhəmiyyət verməməliyik. Azərbaycanın güc strukturları təhlükəsizliyin qorunması üçün daim hazırlıq vəziyyətindədir”.
