Avqustun 19-u, Məhərrəm ayının onuncu günündə - Aşura günü ölkədə qanvermə aksiyası keçiriləcək. Builki qanvermə aksiyası ötənilki kimi pandemiya səbəbindən məscidlərdə yox, Milli Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının paytaxtda və bölgələrdəki filiallarında təşkil olunacaq.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə də din xadimləri ilə videokonfransda bildirib ki, bu il də dünyada davam edən koronavirus pandemiyası ilə əlaqədar Məhərrəmlik ayı müvəqqəti məhdudiyyətlər şəraitində keçəcək. O bildirib ki, dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da məcburi karantin tədbirləri virus təhlükəsinin çoxalmaması üçün insanların sıx toplaşmaması qaydalarını nəzərdə tutur: “Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, sosial məsafənin təmini mümkün olmayan kütləvi mərasimlərdə virusa yoluxma sayının artma təhlükəsini nəzərə alaraq, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və səlahiyyətli nümayəndələri tövsiyə edirlər ki, bu il Məhərrəmlik dönəmində məscid və ziyarətgahlarda ibadətlərin və mərasimlərin karantin qaydalarına uyğun olaraq keçirilməsi vacibdir”.
QMİ sədri son illər ərzində Məhərrəmlik dönəmində Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə gerçəkləşən və xalqımız tərəfindən təqdir edilən tibbi ehtiyaclar üçün Kərbəla şəhidlərinin xatirəsinə qan verilməsinin ən münasib əzadarlıq nümunəsi olduğunu vurğulayıb.
Məlumdur ki, bir çox insanlar pandemiya dövründə COVİD-19-a yoluxub və sağalıblar. İnsanları daha çox maraqlandıran sual isə odur ki, belə insanlar da qan verə bilərmi? Ümumiyyətlə, hansı virus infeksiyaları və ya xəstəliklər qan donorluğuna əks göstərişdir?
Mövzu ilə bağlı Mərkəzi Qan Bankının müdiri Qumral Ələkbərova “Yeni Müsavat”a danışıb: “COVİD-19-dan tam sağaldıqdan sonra, heç bir şikayəti qalmadıqdan sonra, o şəxslər özlərini yaxşı hiss edirlərsə, gəlib qan verə bilərlər və burada heç bir əks-göstəriş yoxdur. Mərkəzi Qan Bankında və bütün qan bankının bölmələrində 4 infeksiya yoxlanılır. Bu, hepatit B, C, QİCS, sifilis xəstəliyidir. Bu dörd infeksiyası olanlar qan verə bilməzlər.

Qumral Ələkbərova
Bizə müraciət edənlər ilk olaraq yoxlanılır. Əgər onlarda hər hansı infeksiya aşkarlanarsa, o qanlar yararsız hesab olunur. Sadəcə olaraq, vətəndaşlar müraciət etdikdə həkim müayinəsindən keçirlər. Kriteriyalarımız minimum 50 kq çəkisi olan, yaşı 18-65 arasında olan vətəndaşlarımız gəlib qan verə bilərlər. Həkim müayinəsindən keçdikdən sonra uyğundurlarsa, artıq qan verirlər. Yəni burada kriteriyalar, sadəcə olaraq, infeksiyaların olub-olmaması deyil. Məsələn, bəzi xəstəliklər var ki (şəkərli diabet, hər hansı kardioloji problemi olanlar) bunlar həkim müayinəsi zamanı aşkarlanır. Həkim müayinəsindən keçəndən sonra hemoqlobinin dəyəri ölçülür, təzyiqə baxılır, o kriteriyaların hamısı uyğun olarsa (nevroloji, kardioloji, endekrinoloji - bütün bunların anamnezi toplanandan sonra qərar verilir. Bu zaman müəyyən olunur ki, həmin şəxslər qan versinlər, ya yox. Xatırladım ki, avqustun 19-da qanvermə aksiyası baş tutacaq və həmin gün Qan Bankında və onun bölmələrində qanvermə aksiyası təşkil olunacaq. İnsanlar iştirak edə bilərlər".
Bəs görəsən, tanınmışlardan kim qanvermə aksiyasında iştirak edəcək?

Tural Abbaslı
Ağ Partiyanın sədri Tural Abbaslı bizimlə söhbətdə bildirib ki, səhhəti ilə bağlı aksiyada iştirak edə bilməyəcək: “Partiyanın işçiləri demək olar ki, il ərzində mütəmadi olaraq iki aydan bir qan verirlər. İdarə Heyətindən bəzi dostlarımızın mütəmadi qan verdiyi xəstələr var. Mən qanvermə aksiyasını dəstəkləyirəm. Çox faydalı bir işdir. Qana ehtiyacı olan yüzlərlə xəstələrimiz var. Biz yalnız Məhərrəmliyi gözləmirik. Ancaq bu il də çalışacağıq ki, iştirak edək. Şəxsən mənim özümə gələndə, sağlıq vəziyyətimlə əlaqədar qan vermək mənə əks-göstəriş sayılır. Ona görə təəssüf ki, qan verə bilmirəm”.

Sərdar Cəlaloğlu
ADP sədri Sərdar Cəlaloğlu da məsələ ilə bağlı “Yeni Müsavat”a fikir bildirib: “İştirak etməyəcəyəm. Ümumiyyətlə, ”şiə"likdə qan tökülməsinin dinimizə uyğun olmadığı qənaətindəyəm. Qanvermə humanitar aksiyadır. İstənilən vaxt qan vermək olar. Yalnız Məhərrəmlikdə bir kampaniya kimi olmamalıdır. İslamda Məhərrəmlik günü qan tökülməsi ilə bağlı əmr yoxdur. Mən koronavirus keçirmişəm. Lazım olan vaxt, istənilən vaxt qan verə bilərəm. Amma bunu bir kampaniyanın tərkibində etmək kimi fikrim yoxdur. Bu, humanitar bir addımdır, insanların qana böyük ehtiyacı var. Qan verməklə neçə insanın həyatını xilas etmiş olarlar. Amma bunu İslam dini ilə əlaqələndirmək yanlışdır. İslam dinində elə bir əmr, göstəriş yoxdur".
Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsi Aşura günündə qan veriləcək məntəqələrin siyahısını da açıqlayıb. Mərkəzi Qan Bankı və bölmələrinin ünvanları:
Mərkəzi Qan Bankı
- Feyzulla Qasımzadə küçəsi 65
Qaynar xətt: 907
+99412 440-65-86
+99412 440-78-50
+99412 441-66-52
Sumqayıt bölgə bölməsi: M.Hüseynzadə prospekti Təcili Tibbi Yardım Xəstəxanası 1-ci korpus, 1-ci mərtəbə.
Tel: 018 65-5-67-60
+99470 726-45-49
- Quba bölgə bölməsi: Quba Qan bankı Fətəli Xan küçəsi 10, Tibb Kollecinin binası.
Tel: 02333 5-38-01
+99450 478-64-77
Şirvan bölgə bölməsi: Heydər Əliyev prospekti 16, Şirvan Şəhər Mərkəzi Xəstəxanası.
- Tel: 02121 5-00-29
+99450 390-94-33
Lənkəran bölgə bölməsi: Lənkəran şəhəri Nizami küçəsi 67, Lənkəran Rayon Mərkəzi Xəstəxanası.
- Tel: 02525 4-09-75
+99450 315-54-72
- Şəki bölgə bölməsi: Şəki şəhəri M.Ə.Rəsulzadə 164.
Tel: 02424 4-25-90
+99455 537-60-15
Mingəçevir bölgə bölməsi: 20 yanvar küçəsi, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası “C” korpusu.
Tel: 02427 4-38-70
+99450 550-66-60
Gəncə bölgə bölməsi: Gəncə şəhər S.Hacıyev küçəsi 2.
Tel: 252-08-45
+99455 643-45-41
Bərdə bölgə bölməsi: N.Nərimanov küçəsi 2.
Tel: 02020 5-02-90
+99451 362-36-36
