|
Müdafiə Nazirliyi xalqın sözünü dedi - davamı mütləq gələcək!

Görünən budur ki, Azərbaycanın Müdafiə Nazirliyinin “səbr kasası” dolub. Moskvaya ünvanlı, sərt dildə yazılmış xəbərdarlıq da bu qənaəti yaradır. Əslində Ermənistanın sərhəd boyunca davam edən təxribatları, Qarabağdakı erməni terrorçuların özbaşınalıqlarının günbəgün artması bir gün Bakının “atəşkəs”i pozacağına şübhə yeri qoymurdu...

Nəticədə, bu vaxtadək “iti vurmazlar, yiyəsinə görə”, deyiminə uyğun olaraq hərəkət edən Azərbaycan Müdafiə Nazirliyi sözünü Ermənistanın sahibinə dedi. Nazirlik haqlı olaraq bəyan edib ki, 10 noyabr 2020-ci ildə Azərbaycan Respublikası Prezidenti, Rusiya Federasiyası Prezidenti və Ermənistan Baş nazirinin imzaladığı üçtərəfli bəyanata uyğun olaraq, Ermənistan silahlı qüvvələrinin qalıqlarının tam şəkildə Rusiya Federasiyası sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindən çıxarılması təmin olunmayıb. Müdafiə Nazirliyi bildirib ki, son günlər ərzində Ermənistanın üçtərəfli bəyanatı kobud şəkildə pozaraq öz silahlı qüvvələrinin şəxsi heyətini Rusiya Federasiyası sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərinə daşıması, Muxtarkənd, Şuşakənd məntəqələri yaxınlığında, eləcə də Kəlbəcər və Laçın rayonlarının inzibati hüdudlarının şərq istiqamətindəki ərazilərdə yeni erməni postlarını qoyması halları müşahidə olunur.

Təsəvvür edin, Azərbaycan tərəfin müşahidə etdiyi, qeydə aldığı faktları, erməni quldurların qanunsuz hərəkətləri bölgədə sülhü və təhlükəsizliyi təmin etmək üçün gəlmiş rusiyalı hərbçilərin “gözlərindən yayınır”, özü də 10-cu aydır...

Müdafiə Nazirliyi bəyan edib ki, Ermənistan tərəfi məqsədyönlü şəkildə vəziyyətin gərginləşdirilməsi üçün bu kimi təxribatlara əl atır. Bütün bunların Ermənistanın yeni müdafiə naziri Arşak Karapetyanın Ermənistan ordusuna bütün vasitələrdən istifadə edərək güc tətbiq etmək barədə verdiyi məsuliyyətsiz və təhrikçi əmrinin fonunda baş verdiyi barədə xatırlatma da tam yerindədir.

Nazirlik xəbərdarlıq edib ki, Azərbaycan Ordusu tərəfindən bütün adekvat tədbirlərin görülməsi təmin olunacaq. Və ən əsası: “Rusiya Federasiyası sülhməramlı qüvvələri üçtərəfli bəyanatın müddəalarına uyğun olaraq müvəqqəti dislokasiya olunduqları Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələrinin yerləşdirilməsi hallarına son qoymalıdır”.

Bu xəbərdarlıq sonuncu da ola bilər. Bundan əvvəl Ali Baş Komandan da kifayət qədər sərt şəkildə Ermənistana və havadarlarına xəbərdarlıq edib. Həmçinin müdafiə naziri orduya düşmənə dərhal tutarlı cavab verilməsi barədə əmr verib. Müdafiə Nazirliyinin xəbərdarlığı isə Qarabağda təhlükəli oyunlar oynamaq istəyənləri də düşündürməlidir. Müdafiə Nazirliyimizin bəyanatı Azərbaycan dövlətinin və xalqının iradəsini əks etdirir, unutmasınlar! Rusiyadakı ermənipərəst qüvvələr hansasa xam xəyala düşsələr, o halda sülhməramlıların Qarabağdakı “bəyliyi” 5 ildən tez başa çata bilər. Müstəqil Azərbaycanda zorlamı qalacaqlar? Bəlkə sovet ordusundan güclüdürlər?

Ermənistan müdafiə naziri Karapetyanın məhz Azərbaycanı hədələdikdən, “Azərbaycan hərbçilərini vurun”, əmri verdikdən dərhal sonra Moskvaya - son iki həftədə ikinci dəfə - səfər etməsi də təsadüfi deyil. Rusiyalı həmkarı onu başa salmalıdır ki, Kəlbəcər, Naxçıvan istiqamətində təhlükəli oyun oynayırsan, sonra gec ola bilər...

Diqqət edin, Rusiya sülhməramlılarının təsir zonasında erməni silahlılar başıpozuqluq edirlər, amma proseslərə cavabdeh tərəf özünü “həmsədr” kimi aparır. Budur, növbəti atışma faktı barədə Rusiya Müdafiə Nazirliyi xəbər yayıb. Bildirilir ki, 9 avqustda, saat 17.45-də Şuşa şəhəri ətrafında Azərbaycan Silahlı Qüvvələri ilə ermənilər arasında yüngül silahlardan istifadə olunmaqla atışma baş verib və Rusiya sülhməramlılarının müdaxiləsi nəticəsində insident genişlənməyib, tərəfləri sakitləşdirmək mümkün olub. Bu məlumatın özü belə, 10 noyabr sazişinin müddəalarının pozulması deməkdir. Bir azdan sənədin imzalanmasının ili tamam olacaq, amma hələ də Qarabağda erməni silahlı qüvvələri qalır, üstəlik Azərbaycan hərbçilərinə atəş açmaq cəsarəti göstərirlər! Döyüş bölgəsindəki meyitlərini yığışdırıb qurtara bilməyənlərə kim verir bu cürəti?!

Bundan əvvəl də Şuşa ətrafındakı ermənilər hərbçilərimizi atəşə tutmuşdu, amma sülhməramlılar həmin qurdurların tərksilah edilməsi, Azərbaycana təhvil verilməsi istiqamətində heç bir tədbir görmədi. Nəticə özünü çox gözlətmədi...Növbəti dəfə silaha əl atdılar. Rusiya Müdafiə Nazirliyi rəsmi məlumatlarına ciddi şəkildə düzəliş etməlidir! Bilməlidir ki, Azərbaycan ərazisində “Dağlıq Qarabağ” yoxdur! “Stepanakert” də çoxdan cəhənnəmin qaynar bucağındadır! “Mardakert” də, “Martuni” də! Həmçinin Qarabağdakı ermənilər “tərəf” ola bilməz! Xankəndidəki bir ovuc erməni hətta erməni ordusunun Qarabağda “at oynatdığı”, Ağdamda hərbi təlimlər keçirdiyi illərdə Bakı tərəfindən “tərəf” kimi tanınmadı, cənab Şoyqu və Rusiya sülhməramlılarının başında dayanan general Muradov, zəhmət olmasa, rəsmi məlumatlarınıza diqqət edin! Azərbaycan rəhbərliyi qəti şəkildə mövqeyini bəyan edib: Qarabağ erməniləri – cinayət törətmiş şəxslər istisnadır – yalnız bir halda Azərbaycan ərazisində yaşaya bilər – Azərbaycan dövlətinin qanunlarına əməl etməklə! Elə Rusiya prezidenti cənab Putin də “Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir”, deyib və prinsipial mövqeyini ifadə edib. İndi Rusiyada kimlərdir belə, ali iradəyə zidd olaraq “saman altından su yeridən”lər?!

Amma biz nəyi müşahidə edirik: Laçın dəhlizi ilə Ermənistandan Qarabağa, rus sülhməramlılarının təsir zonasındakı ərazilərə yenə də əsgər və hərbi texnikanın daşınması prosesi gedir. Bu barədə videokadrlar da yayılıb. Məgər rus hərbçilər görmürmü onları?! Azərbaycanın səbri bir yerə qədərdir. Dövlət başçımız bir müddət öncə bəyan etdi ki, Azərbaycan erməniləri tam şəkildə izləyir, maşınlarının nömrə-nişanlarına kimi qeydə alınır. Bu günlərdə Ermənistanın müdafiə naziri ilə görüşə dərhal vaxt tapan general Muradov bir dönüb Bakını da dinləsin. Yoxsa işi-gücü ancaq İrəvana “əsir” daşımaqdır...

Bu yerdə zəruri xatırlatmaya gərək var: Ermənistanın keçmiş müdafiə naziri, Xocalı canisi Seyran Ohanyan 366-cı alayın zabitləri ilə əlaqələrinin olmasından bəhs edib. Bununla nə demək istəyir?..

Yeri gəlmişkən, Ağdamdakı Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin də hərəkətə gəlməsi lazımdır. Nə bir məlumatlarını gördük, nə addımlarını gördük. Erməni başının üstündə müşahidə dronlarının uçduğunu görsə, belə qələtlər eləməzdi...

Musavat.com