Sumqayıt şəhərində qətl hadisəsi törətməkdə təqsirli bilinən 1988-ci il təvəllüdlü Valeh İsgəndərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən sonuncu məhkəmə iclasında hökm oxunub.
Hökmə əsasən V.İsgəndərov 19 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, ötən il sentyabrın 4-də saat 22.00 radələrində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən yataqxanada yaşayan Mehriban Cabbarovanın bıçaqlanaraq öldürülməsi, anası Xatun Cabbarovaya isə bıçaqla xəsarətlər yetirilməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
İstintaqla zərərçəkmişlərin tanışı Valeh İsgəndərovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Mehriban Cabbarovaya bıçaq xəsarətləri yetirməklə qəsdən öldürməsinə, sonuncunun anası Xatun Cabbarovaya isə bıçaqla xəsarətlər yetirməsinə əsaslı şübhələr müəyyənləşib.
Valeh İsgəndərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Məlum olub ki, Valeh İsgəndərov Mehriban Cabbarovanın nişanlısı olub. Onların arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb.
Bu zaman qız nişanı qaytarmaq istəyib. Bundan qəzəblənən Valeh İsgəndərov bıçağa əl atıb.
İstintaq orqanı tərəfindən Valeh İsgəndərovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
