|
"İdeal"ın keçmiş rəhbərinin yazışmaları məhkəməyə təqdim edildi

“İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılov növbəti dəfə hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, proses Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilib.

Sonuncu məhkəmə iclasında iş adamının vəkilləri İlhamə Həsənova, Rəşad Əliyev və Gülnar Quluzadə onun elektron poçt yazışmalarını təqdim edib.

Həmin yazışmalar İlqar İsmayılovla “İdeal”ın hazırkı rəhbərliyi arasında olub.

İlqar İsmayılov “İdeal Kompani”ni 1999-cu ildə təsis edib. 2011-ci ildə şirkətin 50 faizini Zərifə Həmzəyevaya satıb. Onun sözlərinə görə, daha sonra müxtəlif təzyiqlər yoluyla şirkətdəki 50 faizlik payının 25-ni də əlindən alıblar.

Vəkillər vəsatətdə vurğulayıb ki, aralarındakı elektron poçt yazışmaları da bunu sübut edir.

Yazışmalarda İlqar İsmayılov rəhbərliyə 1 milyon xalis gəlir əldə olunması haqda hesabat verir.

Daha bir poçt məktubunda "İdeal"ın yeni rəhbərliyi İlqar İsmayılova yazır: “Kreditlə bağlı müsbət cavab var, bankda Elçinə yaxınlaşsın, sənədlər rəsmiləşdiriləcək. Bundan sonra onu məlumatlandırsın”.

İlqar İsmayılov iddia edir ki,Zərifə Həmzəyevanın təsisçisi olduğu “PremiumBank” İlqar İsmayılovun adına guya 5.000.000 manat pul vəsaiti ayrılması ilə bağlı saxta kredit müqaviləsi rəsmiləşdirilib. O bildirir ki, halbuki belə bir müqavilə olmayıb və bu pul vısaiti ona verilməyib nə müqavilədə,nə məxaric sənədində imzası olmayıb və sonradan həmin saxta müqavilədən onu şirkətdəki payından məhrum etmək üçün istifadə ediblər.

Vəkillər əlavə edib ki, bu yazışmaların mənbəyini, mötəbərliyini araşdırmaq məqsədilə kompüteri də məhkəməyə təqdim etməyə hazırdılar.

Hakimlər kollegiyası vəsatəti növbəti məhkəmə iclasında müzakirə edəcək.

Məhkəmə araşdırması davam edir. Xatırladaq ki, İlqar İsmayılov 2011-2017-ci illərdə vəzifəsindən sui-istifadə edərək, 680 min manatlıq mənimsəmədə təqsirləndirilir.

Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 308.2 (vəzifədən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.