|
"Sağlamlıq pasportu" əsrlər öncə Venetsiyada tətbiq edilibmiş

Dünyanın bəlasına çevrilən koronavirusla bağlı mübarizədə istifadə olunan "sağlamlıq pasportu"ndan  əsrlər öncə Venetsiyada istifadə olunubmuş.

Musavat.com xarici KİV-lərə istinadən bildirir ki, ötən gün İtaliyanın Venetsiya şəhərində "Pandemiya: Vəbadan "COVİD-19"a qədər uzun bir tarix" adlı sərgi keçirilib. Sərgidə ötən əsrlərdə
Venesiyada vəba və yoluxucu xəstəliklərə qarşı istifadə edilən vasitələrlə yanaşı, "sağlamlıq lisenziyaları" da nümayiş olunub.

Məlum olub ki, şəhər quru yol ilə daxil olanlardan "sağlamlıq vədi", dəniz yolu ilə gələnlərdən isə "sağlamlıq lisenziyası" sənədini təqdim etmələri tələb olunurmuş. Bu sənədlər insanların gəldiyi ölkə və ya şəhərin taun və ya digər yoluxucu xəstəliklərdən aradan qalxdığını əks etdirirdi. Qanunu pozanları ölümə bərabər cəza gözləyirdi. "Sağlamlıq lisenziyası"nın təxminən 1500-cü illərdə dövriyyədə olduğu bildirilir.

Məlum olduğu kimi 14-cü əsrdə Venetsiya bir neçə dəfə vəba epidemiyası ilə üz-üzə qalıb. 1423-cü ildən etibarən xəstə və risk altında olan insanları sağlam əhalidən ayıraraq "Lazzaretto Vecchio" adasına göndərirdilər. Bununla da dünyanın ilk stasionar təcrid xəstəxanası yaradılır.

1468 -ci ildə isə "Lazzaretto Nuovo" adasından "karantin" üçün istifadə edilməsinə qərar verilir. Digər limanlardan gələn gəmilər bura yönəldilirdi. O dövrdə ticarət mərkəzi olan Venesiyada iqtisadiyyatı dayandırmadan epidemiyadan qorunmaq üçün yük gəmiləri 40 gün profilaktik karantində saxlanılırdı.
Karantin italyan sözü olub, "quaranta" sözündən götürülüb, 40 mənasını verir. O dövrün mütəxəssisləri yoluxucu xəstəliklərin inkubasiya dövrünün 40 gün olduğuna inanırdı.

Qeyd edək ki, İtaliyada 6 avqust tarixindən etibarən restoran, muzey, kinoteatr kimi bir çox məkanlarda "COVİD -19 pasportu" tələb olunur. Gələn aydan etibarən müəllimlərdən də eyni sənəd tələb olunacaq. Pasportu olmayanlar 1000 avroya qədər cərimə oluna bilər.