|
Narkotiklər üzrə ekspertdən şok təklif və ilginc iddia:

Cəmiyyəti ciddi narahat edən narkomaniyanın yayılması müzakirələri davam edir. Hər gün narkotik istifadə edənlərin və satanların həbsi cəmiyyətin bütün təbəqələri üçün ciddi siqnaldır. Narkomaniyanın yayılması ilə mübarizə üzrə ekspert Emil Maqalov cəmiyyətdə birmənalı qarşılanmayacaq təkliflə çıxış edib. Günaz.tv-nin məlumatına görə, ekspert “narkomaniyanın aşkarlanması, qeydiyyata alınması və yayılmasının qarşısını almaq məqsədilə bütün dövlət və qeyri-dövlət sektorlarında işçilərin hər ay məcburi narkotestdən keçirilməsi” təklifini irəli sürüb.

“Çoxu elə bilirdi narkomanlar ancaq işsiz və tüfeyli həyat tərzi keçirənlərdir. Yoxlayın, görün nələr baş verir”, - deyə ekspert əlavə edib. Əslində bu cür testlərin aparılması bir çox ölkələrdə var. Burada narazılıq doğuracaq məqamlar ola bilər, amma nəticədə bu, cəmiyyətin özü üçün xeyirlidir.

Narkomaniyanın ölkədə narahatedici həddə yayılması fonunda bu təklifə və iddiaya münasibət  birmənalı deyil. Sabiq polis rəisi Mahmud Hacıyev “Yeni Müsavat”a deyib ki, bu o qədər də qəbul olunan tədbir deyil: “Narkotestdən keçirilmə könüllülük prinsipinə əsaslanmalıdır. Məcburi qaydada kimsəni küçədən tutub narkotestdən keçirmək qəbuledilən deyil. Ziyalı bir insanın, dövlət qulluğunda çalışan məmurun zorla narkotestdən keçirilməsi uyğun deyil axı. Könüllülük prinsipi ilə olsa, kimsə getməsə, bu halda da gərək məhkəmənin qərarı alınsın ki, bəs filankəs könüllü olaraq narkotestdən keçməyib”.

Narkomanın reabilitasiyası - Emil Maqalov - YouTube

Emil Maqalov

Sabiq polis rəisi deyir ki, dünyada belə praktika yoxdur: “Azərbaycan sivil dövlətdir. Biz insanları narkotestdən zorla keçirsək, dünyada rüsvay olarıq. Deyəcəklər ki, deyəsən, Azərbaycan başdan-ayağa narkomandır. Hər kəsin narkotestdən keçirilməsi yolu ilə narkomaniyanın qarşısının alınması mümkün deyil. Hüquq-mühafizə orqanları mübarizə aparır, müvafiq tədbirlər görülür. Patı istifadəçilərinin həbsi haqda hər gün xəbərlər gəlir. Narkotik satanların ifşa olunması istiqamətində işlər görülür”.

Sabiq polis rəisi deyir ki, dövlət qurumunda çalışanların başdan-ayağa narkotestdən keçirilməsi doğru deyil: “Əslində narkotest məsələsi ona görə deyilir ki, biz real statistik rəqəmlər əldə edə bilək. Tutaq ki, 70 nəfərə qarşı bizdə mübarizə metodu varsa və bu metod özünü doğruldursa, deməli, 170 nəfərə qarşı tədbirlər keçirilərkən də doğruldacaq. Məcburi qaydada vətəndaşların narkotestdən keçirilməsi yolverilməzdir. Azərbaycan hüquq-mühafizə orqanlarının rəhbərləri özləri də etiraf edirlər ki, göstərilən rəqəmlər reallığı əks etdirmir. Belə çıxır ki, bu etirafa görə ucdantutma hər bir vətəndaş məcburi qaydada narkotestdən keçməlidir? Əlbəttə ki, yox! Azərbaycanda ailələr var ki, sadəcə övladlarının narkotikdən asılı olmasını gizlədirlər, müvafiq olaraq müalicədən də yayındırırlar. Hərə bir səbəbdən yayındırır. Birinin atası, birinin qardaşı, digərinin bacısı dövlət qulluğunda işləyir, düşünür ki, bu məlumatlar ortaya çıxsa, onun reputasiyasına xələl gələcək. İstənilən halda, tam olaraq statistik rəqəmləri əldə edə bilməyəcəyik. Bu halda hansı məcburiyyətdən danışmaq olar?”

 

Mahmud Hacıyev

Mahmud Hacıyev deyir ki, narkomaniya  ilə mübarizədə cəmiyyət hüquq-mühafizə orqanlarına dəstək verməli, narkotik satanların barəsində məlumatların ötürülməsindən çəkinməməlidirlər.

Son aylarda Azərbaycanda narkomaniyaya qarşı mübarizə sahəsində geniş tədbirlər həyata keçirilməkdədir. Bundan öncəki mübarizə tədbirlərindən fərqli olaraq hazırda ictimaiyyət də rəsmi qurumlara kömək məqsədilə təbliğat və xəbərləmə işlərində fəal iştirak edir. İyun ayında polis ictimaiyyətin məlumatı əsasında bir gündə Bakının Yasamal, Xətai, Nizami, Nərimanov və Xəzər rayonlarında əməliyyatlar keçirilib və nəticədə 27 kiloqramdan artıq narkotik vasitələr və psixotrop maddələr qanunsuz dövriyyədən çıxarılıb.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının məlumatında deyilir ki, Azərbaycandan bir neçə qanunsuz tranzit narkotik marşrutu keçir. Narkotiklər İran - Azərbaycan, İran - Azərbaycan - Rusiya - Yaponiya, İran - Azərbaycan - Gürcüstan - Avropa, İran - Azərbaycan - Rusiya - Ukrayna marşrutları ilə daşınır. Komissiya bidlirir ki, ölkədə bu marşurutlar ilə narkotiklərin daşınması halları aşkar edilib, cinayətkarlardan külli miqdarda narkotik vasitələr götürülüb. “Sözsüz ki, Azərbaycan ərazisindən daşınan psixoaktiv maddələrin bir hissəsi Azərbaycanda və digər tranzit ölkələrində satılır,” Dövlət Komissiyası qeyd edir.

Dövlət Komissiyasının məlumatına görə, 2020-ci ilin 9 ayı ərzində narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən 4195 fakt aşkar olunub: "Onlardan 1507-si narkotik vasitələrin qanunsuz satışı, 2309-u narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 317-si qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 62-si isə digər cinayətlərlə bağlı olub. Aşkar edilmiş faktlar üzrə qanunsuz dövriyyədən müsadirə olunan 3 ton 806 kiloqram 356,5 qram narkotik vasitələrin və psixotrop maddələrin 2 ton 297 kiloqram 293,6 qramı heroin, 848 kiloqram 997,8 qramı marixuana, 267 kiloqram 258,7 qramı tiryək, 90 kiloqram 377,2 qramı həşiş, 394 qramı kokain, 302 kiloqram 035,2 qramını psixotrop maddələr və digərləri təşkil edib. Həmçinin müvafiq dövr ərzində Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Sərhəd Xidməti və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 2513 hektar sahədən çəkisi 152 ton 791 kiloqram 035,6 qram olan 414 min 644 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitkilər müəyyən olunaraq, qaydaya uyğun olaraq məhv edilib".

Rəsmi məlumatlara görə, 2020-ci ildə narkotiklərlə bağlı cinayət məsuliyyətinə 3105 nəfər cəlb edilib.

“Onlardan 16-18 yaşadək 4 nəfər, 18-25 yaşadək 251 nəfər, 26-29 yaşadək 526 nəfər, 30 yaş və ondan yuxarı isə 2308 nəfər təşkil edir. Eyni zamanda, hüquq-mühafizə orqanları tərəfindən narkotiklərin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 198 fakt aşkar edilib, faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 2 ton 197,9 kiloqram müxtəlif növ narkotik vasitə, 6 kiloqram 501,4 qram psixotrop maddə, 2 kiloqram 651 qram prekursor çıxarılıb”.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məlumatına əsasən 2020-ci il 31 dekabr tarixinə respublika üzrə narkomanlıq diaqnozu ilə qeydiyyatda olanların sayı 33788 nəfər təşkil edib.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından verilən məlumata görə, həmin şəxslərdən 28318 nəfəri dispanser, 5470 nəfəri profilaktik qeydiyyatda olanlardır. Onlardan 618 nəfəri qadındır. 23537 nəfər opioid qrupuna aid narkotik istifadəçiləri, 10251 nəfər kannabinoid qrupuna aid narkotik istifadəçiləridir. 2020-ci ildə müvafiq diaqnozla 2723 nəfər qeydiyyata götürülüb, 1856 nəfər isə qeydiyyatdan çıxarılıb.