150-200 il öncə qadının cəmiyyətdə və ailədə yeri elə məhz “ailə” idi. Qadının bütün fəaliyyəti başlıca olaraq evin qayğısına qalmaq və ərinə xidmət etməklə bağlıydı. Amma zaman keçdikcə qadınlar cəmiyyətdə öz yerini tutmağa başladı. Məhz İslam dinində də kişi və qadın bərabərdir. Bu bir daha təsdiq edir ki, qadınların cəmiyyətə inteqrasiyasına mane olan və günahkar heç də din deyil, mental düşüncələrdən yaranmış çərçivələrdir. Tarix boyu cəmiyyətdə formalaşmış kişi-qadın münasibətləri bu gün də gender bərabərsizliyinə səbəbdir.
Tarixə nəzər salsaq, XX əsrdən başlayaraq Azərbaycan qadının cəmiyyətdə rolunun artdığını görərik. 1908-ci ildə Azərbaycanda ilk qadın xeyriyyə cəmiyyətinin yaradıcısı Həsən bəy Zərdabinin həyat yoldaşı Hənifə Məlikova olub. Həmidə Məmədquluzadə beynəlxalq konfransda çıxış etmiş ilk Azərbaycan qadını idi, o, oğlanların və qızların birlikdə təhsil aldığı ilk məktəbin əsasını qoyub.
1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin qəbul etdiyi İstiqlal Bəyannaməsi bərabərhüquqluluq prinsipini, seçmək və seçilmək hüququnu təsbit edib. Bununla da Azərbaycan Şərqdə qadınlara seçmək və seçilmək hüququ verən ilk ölkə kimi tarixə düşüb. Nəzərə alsaq ki, ABŞ kimi demokratik dövlətdə qadınlara səsvermə hüququ 1920-ci ildə, Fransada isə 1944-cü ildə verilib, hələ təzə-təzə demokratik ölkə kimi status qazanan Azərbaycan üçün təkcə Şərqdə deyil, həmçinin dünyada bu əsl inqilab demək idi.
1988-ci və daha sonrakı illərdə ölkəmizdə baş verən mürəkkəb siyasi hadisələrdə qadınlar kişilərlə bərabər öz fəallığını nümayiş etdirib. Həmçinin Qarabağda gedən qızğın döyüşlərdə ön cəbhədə kişilərlə bərabər qadınlarımız da düşmənə qarşı savaş aparıb.
Bütün bunlara baxmayaraq, hələ də ölkəmizdə və dünyada qadına qarşı zorakılıq, təcavüz, şiddət davam etməkdədir. Elə avqust ayının ilk günlərində şiddətə məruz qalan, öldürülən qadınlarımızın sayı 5-i keçib. Bundan əlavə, erkən yaşda ərə verilən qızlarımız da az deyil. Tez-tez mətbuatda yeniyetmə qızlarımızın özündən 10-5 yaş böyük kişilərə ərə verilməsi öz əksini tapır və qısa zamanda onların ailələri barədə dövlət tədbir görür. Çünki erkən nikahlar cəmiyyətdə narahatlıq doğuracaq başlıca problemlərdən biridir. Ən pisi isə odur ki, zorla və erkən yaşda ərə verilən qız natamamlıq sindromu yaşayır. Dünyaya gətirdiyi övladlarına cəmiyyətin və müasir dövrün tələblərinə uyğun tərbiyə verə bilmir.
Bəs cəmiyyətimizdə qadın-kişi münasibətləri hansı vəziyyətdədir? Gender bərabərliyini qorumaq üçün hansı addımlar atılmalıdır? Ailələrdə şiddət halları niyə artır?

Vəfa Rəşidova
Mövzu ilə bağlı psixoloq Vəfa Rəşidova “Yeni Müsavat” qəzetinə açıqlama verib. O qeyd edib ki, ailələrdə şiddət hallarının artmasına səbəb məişət problemləridir: “Ailələr arasında yaşanan problemlərin əsasını sosial və məişət qayğıları yaradır. İşsizlik, pulsuz, ailəni təmin edə bilməmə kişiləri aqressivləşdirir. Onlar özlərini güclü göstərmək üçün qadınlarına şiddət göstərirlər. Mən deyə bilmərəm ki, bizim cəmiyyətdə qadın-kişi bərabərliyi var. Bizdə qadına daha çox mənəvi şiddət göstərilir. Mətbuata da nəzər salanda qadına qarşı şiddət və ölüm hallarının günü-gündən artdığını görə bilərik. Bir neçə həftə öncə bir qadını döyərək avtomobildən atmışdılar. Həmin görüntülər sosial şəbəkədə yayılmışdı. Bundan əlavə, yaxınlarda qadın əri tərəfindən öldürüldü. Rayonlarımızın birində 55 yaşlı qadın qonşusu tərəfindən cinsi zorakılığa məruz qaldı. Şiddət göstərən insanların psixoloji durumu yerində deyil. Amma bu də həmin şəxslərə bəraət qazandırmır. Bizim qadınların hüquqları yalnız həyat yoldaşları tərəfindən deyil, ataları, qardaşları tərəfindən də pozulur. Əslində insanlara aşılanmalıdır ki, psixoloji problemləri varsa, mütəxəssisə müraciət etsinlər. Yoxsa yığılıb qalan kin, nifrət, əsəb zamanla qarşı tərəfə şiddət göstərməklə özünü büruzə verir”.
Psixoloq qeyd edib ki, cəmiyyətdə qadın-kişi münasibətlərini, gender bərabərliyini qorumaq üçün tədbirlər görülməlidir: “Cəmiyyətimizdə belə bir fikir formalaşıb ki, qadına daim kişi köməyi lazımdır. O, heç nəyin öhdəsindən gələ bilməz. Qadının başının üstə kimsə nəzarət etməlidir, yoxsa o, əxlaqsız yola düşər. Əslində bu qorumaq hallarının kökünə bir nəzər salaq. Bir kişi bir qadını elə öz həmcinsindən qorumağa çalışır. Bütün bu problemlərin kökündə ailələrdə oğlan övladlarına Allah kimi baxılması, əl üstündə tutulmasıdır. Bu bütləşdirilmiş oğlan övladlarında zamanla davranış pozuqluqları yaranır və onlar cəmiyyətdə özünü qadından üstün görür. Münasibətlərdə cütlüklər bir-birinə güzəştə getməlidir. İnsanlar daha anlayışlı olmalıdır. Deyə bilmərik ki, yalnız qadına qarşı şiddət var. Bəli, bəzən kişilərə də qarşı şiddət göstərilir qadınlar tərəfindən. Amma hər bir halda bizdə qadın-kişi bərabərliyi yoxdur.
Son illər isə dövlətimiz gender bərabərliyi, qadınların cəmiyyətdə öz yerini tutması üçün çalışır. Bu çox gözəl haldır. Çünki bütün sahələrdə qadının rolu böyükdür. Çünki təhsilli, savadlı, dünyagörüşlü qadın gələcəyimizin xilaskarıdır. Onlar gələcəyimiz olan övladlarımızı yetişdirir. Savadlı, tərbiyəli gənclər gözəl cəmiyyətin varlığından xəbər verir. Ona görə də istər dövlət, istərsə də fərdi şəxslər qadınların daha sakit, şiddətdən uzaq yaşaması üçün tədbirlər görməlidir".
