İranın yeni seçilmiş prezidenti İbrahim Rəisinin andiçmə mərasimində iştirak etmək üçün bu ölkəyə gedən parlament sədri Sahibə Qafarovanın Rəisi ilə görüşü zamanı çəkilmiş şəklin yayılmasından sonra yeni müzakirələr başlayıb.
Şəkildə görünür ki, İ.Rəisi ilə S.Qafarovanın görüşdüyü zalda yalnız İran İslam Respublikasının bayrağı var, Azərbaycan dövlətinin bayrağı isə nə arxa fonda görünmür, nə də masa üzərində qoyulmayıb. Qeyri-rəsmi izahat budur ki, iki dövləti təmsil edən vəzifəli şəxslərin ranqı bərabər olduğu halda hər iki dövlətin bayrağı qoyulur. Məsələn, iki prezident bir-biri ilə və ya iki parlament sədri öz aralarında görüşürsə, zalda hər iki ölkənin dövlət bayrağı qoyulur. Prezident parlament sədri və ya xarici işlər naziri ilə görüşürsə, o halda görüş otağında yalnız prezidentin dövlətinin bayrağı olur. Amma andiçmə mərasimində iştirak üçün Tehrana gedən Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdə həm İranın, həm də Ermənistanın dövlət bayraqlarının olması ictimai rəydə daha çox qıcıq yaradıb və etirazlar doğurub. Düzdür, N.Paşinyan hökumət başçısı kimi ölkəsində əsas şəxsdir, amma onun namizədliyini də, nazirlərini də təyin edən Ermənistan prezidentidir. Yəni məntiqlə Paşinyan da Rəisi ilə eyni ranqda sayılmaya bilər. Belə iddialar da var ki, Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadənin İranla bağlı məlum mövqeyindən sonra Azərbaycanda başlamış müzakirələr Tehranı ciddi narahat edib. Üstəlik, Qarabağ müharibəsindən əvvəl və sonra da Tehranın Azərbaycandan çox, Ermənistana dəstək verdiyi haqda çoxsayalı faktlar sadalanıb. Təsadüfi deyil ki, Azərbaycan cəmiyyətindəki bu müzakirələr fonunda İranın Ermənistandakı səfiri erməni rəsmiləri ilə birgə Azərbaycan sərhədinə gəlmişdi. Bu müzakirələri Azərbaycan üçün ziyanlı hesab edən ekspertlər də var. O səbəbdən hər iki iddia üzrə ekspertlərin fikirlərini öyrənmək istədik.

Ceyhun Məmmədov
Deputat Ceyhun Məmmədov bu kimi məsələlərdə soyuqqanlı olmağı tövsiyə edir: “Hesab edirəm ki, bir neçə gündür sosial şəbəkələrdə müzakirə olunan məsələ sırf protokolla bağlıdır. Protokol qaydalarına əsasən, iki dövləti təmsil edən vəzifəli şəxslərin ranqı bərabər olduqda hər iki dövlətin bayrağı qoyulur. Əgər iki prezident bir-biri ilə və ya iki parlament sədri öz aralarında görüşürsə, zalda iki bayraq qoyulur. Həmçinin prezident parlament sədri və ya xarici işlər naziri ilə görüşürsə, zalda yalnız prezidentin dövlətinin bayrağı olur. Mərasimdə iştirak edən Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdə hər iki dövlətin bayrağı ona görə qoyulmuşdu ki, Paşinyan hökumət başçısı kimi görüşdə iştirak edirdi”. C.Məmmədovun fikrincə, indiki həssas dönəmdə bu kim müzakirələr yalnız və yalnız iki ölkə arasında olan dostluq münasibətlərinə xələl gətirir: “İran Azərbaycanın tarixi qonşusudur. Həmçinin böyük dövlətdir. Bu, birmənalıdır ki, İran tərəfi ölkəmizdə cərəyan edən prosesləri diqqətlə izləyir. Ona görə də bu kimi məsələlərdə diqqətli və həssas olmalıyıq. İndiki həssas mərhələdə əsas gücü Qarabağda qazandığımız zəfərin gücləndirilməsinə və möhkəmləndirilməsinə verməliyik. Mövcud durumda qonşu dövlətlərlə münasibətləri korlamaq yanlışdır”.
Deputat dövlət başçısının fikrinə də diqqət çəkdi: “Prezident İlham Əliyev dəfələrlə iki ölkə arasında sərhədləri dostluq sərhədi adlandırıb. İrana Azərbaycanın yeni səfir təyinatı Prezident İlham Əliyevin İranla dostluq əlaqələrinin gücləndirilməsində maraqlı olduğunun göstəricisidir. Azərbaycan İrana dost ölkə kimi yanaşır. Azərbaycanın İranla xarici siyasətinin əsas istiqamətlərindən birini bu təşkil edir. Ona görə hər kəs sosial şəbəkələrdəki statuslarında, eləcə də jurnalistlərimiz məqalələrində bu kimi incə məqamları mütləq nəzərə almalıdır”.

Qeyd edək ki, Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın İran İslam Şurası Məclisinin sədri Məhəmmədbaqer Qalibafla görüşündə bayraq “krizi” yaşanmayıb. Belə ki, həmin görüşdə hər iki ölkənin dövlət bayraqları qoyulub. Azərbaycan parlamentinin sədri diqqətə çatdırıb ki, gələn il - 2022-ci ilin fevral ayının 26-da Xocalı soyqırımının 30-cu ildönümü tamam olacaq. Xanım sədr İranı Xocalı soyqırımını tanımağa çağırıb. “Bu cür insanlıq əleyhinə törədilmiş cinayətlərə hüquqi-siyasi qiymətin beynəlxalq səviyyədə də verilməsi çox vacibdir. Bu günə qədər bir çox dövlətlər və beynəlxalq təşkilatlar Xocalı soyqırımını tanıyıb. Bunu nəzərə alaraq, İran parlamentinin Xocalı soyqırımı ilə bağlı sənəd qəbul etməsi bəşəriyyəti gələcəkdə buna bənzər hadisələrlə üzləşməkdən qoruya bilər”, S.Qafarova deyib. Bununla da faktiki olaraq İran fakt qarşısında qoyulub. Xatırladaq ki, İranın da üzv olduğu İslam Konfransı Təşkilatı Xocalı soyqırımını rəsmən tanıyan ilk beynəlxalq təşkilatdır. Elə isə İran parlamentinin Xocalı dəhşətlərini soyqırım kimi tanımaması təəccüb doğurur.

lxan Şahinoğlu
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun sözlərinə görə, Azərbaycan müstəqillik qazandıqdan bu yana İranla münasibətlərdə zaman-zaman problemlər mövcud olub: “Bu sırada Tehrana səfərlər zamanı bayraq və tərcümə ətrafında mübahisələr yaranıb. Biz hər zaman haqlı olaraq hesab etmişik ki, İran Azərbaycan ərazilərinin işğalına həssas yanaşmalı və Ermənistanla münasibətlərində diqqətli olmalıdır. Ancaq istəyimizdən asılı olmayaraq, İranın müəyyənləşdirdiyi xarici və təhlükəsizlik siyasəti var və həmin siyasətin bir qisim prinsipi bizdə müəyyən suallar yaradıb”. E.Şahinoğlunun sözlərinə görə, buna baxmayaraq, Azərbaycanın milli və təhlükəsizlik maraqları İranla qonşuluq münasibətlərin inkişafını diktə edir: “Azərbaycan Prezidenti İlham Əliyev müharibənin ilk günlərində verdiyi açıqlamada Rusiyanın Qazaxıstan, Türkmənistan və İran səması üzərindən Ermənistana hərbi yük daşıdığını bəyan etdi. Bu, Tehrana ciddi mesaj idi. Bundan sonra İran üzərindən Ermənistana hərbi yük daşınması ilə bağlı xəbərlər yayılmadı. İran rəsmiləri Azərbaycan Ordusunun uğurlarının artdığını gördükdən sonra birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini vurğuladılar. Daha sonra başda İranın keçmiş prezidenti Həsən Ruhani olmaqla, İranın Azərbaycandakı səfirinə qədər qonşu ölkənin rəsmiləri verdikləri açıqlamalarda İlham Əliyevi Qarabağda qələbə münasibətilə təbrik etdilər. Yeni seçilən prezident İbrahim Rəisi də bu fikri təkrarladı. Bunlar da ikitərəfli əlaqələr baxımından önəmli açıqlamalar idi”. Ancaq politoloq deyir ki, suallarımız yenə də var: “Misal üçün, İran nömrəli yük maşınları Ermənistandan Qarabağa nə daşıyırdılar? Və ya İranın Ermənistandakı səfirinin Zəngəzura gedib oradan erməni hərbçilərlə birgə Azərbaycan tərəfini müşahidə etməsinin məqsədi nə idi? Aydındır ki, səfir özbaşına, yəni Tehrandan təlimat almadan Zəngəzura gedə bilməzdi. Əgər İran rəsmiləri Azərbaycanı müharibədə qələbə münasibətilə təbrik edirlərsə və Qarabağ daxil, Azərbaycanın ərazi bütövlüyünü birmənalı dəstəkləyirlərsə, biz Tehranın buna uyğun siyasət yürütməsini gözləməkdə haqlıyıq”. Ekspert qeyd etdi ki, Ruhaninin prezidentliyi dövründə ikitərəfli təmaslar, o cümlədən Tehrandan Bakıya və əks istiqamətdə nümayəndə heyətlərinin səfərləri artdı: “Tehran Bakı ilə birgə regional layihələrə maraq göstərməyə başladı. Hazırkı prezident İbrahim Rəisi bu layihələri davam etdirməklə yanaşı, İran şirkətlərinin Qarabağda yenidənqurma işlərində iştirak etməsini istəyir. Biz də bunu istəyirik. Biz elə etməliyik ki, İran həm sözdə, həm də əməldə Azərbaycanla əməkdaşlığı və tərəfdaşlığı seçsin, Ermənistanı hər hansı bir şəkildə nəyəsə həvəsləndirməsin. Tehran Türkiyə Cümhurbaşqanı Rəcəb Təyyub Ərdoğanın irəli sürdüyü altılıq - Azərbaycan, Gürcüstan, Ermənistan + Türkiyə, Rusiya və İran - təklifini dəstəkləyib. Bu, o deməkdir ki, Zəngəzur dəhlizinin işə düşməsi İranın da maraqlarına cavab verir. İran Qərbin sanksiyaları ilə üz-üzədir və bu sanksiyaların yumşalacağı gözlənilmir. Buna görə də Azərbaycan İran üçün dünyaya açılan pəncərələrdən biridir, şimal-cənub nəqliyyat dəhlizi İran mallarının Avropaya daşınmasına imkan yaradır. Tehran bu əməkdaşlığın dəyərini düzgün qiymətləndirməlidir. Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova İran Məclisinin sədri Məhəmmədbaqer Qalibafla Tehranda görüşü zamanı iranlı həmkarına təklif edib ki, İran parlamenti gələn il Xocalı soyqırımının 30-cü ildönümü ilə bağlı sənəd qəbul etsin. İran parlamentinin Xocalı soyqırımını pisləyən sənədin qəbulu İran-Azərbaycan münasibətlərinə müsbət təsir edərdi. Top İranın meydanındadır”.
Sonda qeyd edək ki, Prezident İlham Əliyev ötən həftə Azərbaycan Respublikasının İran İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Əli Fikrət oğlu Əlizadə Azərbaycan Respublikasının İran İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Prezident İlham Əliyevin digər sərəncamı ilə Əli Fikrət oğlu Əlizadə eyni zamanda Azərbaycan Respublikasının İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi təyin edilib. Heç şübhəsiz ki, İranla əlaqələrin yeni müstəvidə inkişafı məsələsi də yeni səfirin qarşısında vəzifə kimi qoyulub. Heç şübhəsiz İran da nəzərə alır ki, Azərbaycan bölgənin önəmli dövlətidir. Həmçinin İran ərazisində yaşayan 40 milyondan artıq Azərbaycan türkü danılmaz faktor olaraq qəbul olunur. Bu iki müsəlman dövlətin bir-biri ilə normal əlaqələr, münasibətlər şəraitində yaşamasının alternativi yoxdur. Bakı dəfələrlə İranla bağlı məsələlərdə ağır sınaqlardan çıxıb, Tehrana qarşı hansısa məkrli planların Azərbaycan üzərindən reallaşdırılmasına imkan verməməklə... Gərək ki, müsəlman qonşularımız bunu çox yaxşı bilir... Odur ki, müsəlman qonşumuzun suyu bulandırmaq istəyənlərə meydan verməməsi münasibətlərin normal məcrada inkişafı üçün olduqca önəmlidir.
